Məzhəbçilik Islam dünyasini parçalayan tendensiya kimi

Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycan torpaqlarının işğalın nəticələri
PRESS RELİZ
“ELS” tədqiqat prosesini həyata keçirməyə tam hazırdır

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi (www.aliyevheritage.org) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının www.1905.az portalının bazasında növbəti müzakirədə Aİİ-nin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Aslan Həbibov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, ilahiyyat üzrə fəlsəfə doktoru Sevinc Aslanova, jurnalist Azər Həsrət iştirak ediblər.

 

Fuad Babayev: Bugünkü mövzumuzun adı “məzhəbçilik islam dünyasını parçalayan tendensiya kimi”dır.  Bu gün tədbirə hazırlaşanda mövzuyla bağlı kiçik bir video materiala baxmağınızı xahiş edirəm.

Tədbir iştirakçıları türk ilahiyyatçısı Mustafa İslamoğlunun “Şii-Sünni Ayrımı Nasıl Ortaya Çıkmıştır?” adlı videomaterialını izləyir.

https://www.youtube.com/watch?v=VGAXtjg4B0c&fbclid=IwAR3I7ZxHBV0fpRIFgEVlPwue8XEnjCa2fr_rEatfyXzj77MNRE2v_19T_wg

Fuad Babayev: Buyurun. Bu video materialda deyilənlərə münasibətiniz necədir?

Anar Qafarov: Düşünürəm ki, bugünkü müzakirələr çox zəngin olacaq. Əgər məzhəb məsələsini, məzhəblər arasındakı problemləri çözmək istəyiriksə, onun tarixi, siyasi köklərinə baxacağıq. Çünki bir xəstəliyi müalicə etmək üçün xəstəliyi törədən səbəblərə nəzər salmalıyıq ki, o səbəbləri ortadan qaldırandan sonra xəstəlik müalicə oluna bilsin.. Tarix boyu ortaya çıxan müəyyən münaqişələr din adıyla insanlara təqdim olunub. Vaxti ilə kimlərinsə işlərinə yarayıb. Bunu çox görə bilərik. Məsələn, Səlcuqlar dövründə strategiya olaraq müəyyən dövrlərdə mötəzililik hakim məzhəb olub, müəyyən bir dövrdə əşərilik hakim olub. Və hətta öz strategiyaları üçün bəzən alimləri də istifadə ediblər. Amma belə bir yanaşma əslində islamın özünəməxsus həqiqətlərinin ortaya çıxmasına maneə təşkil edir. Və bü gün bu kimi tarixi faktları diqqətə alıb dini olanla dini bir-birindən ayırmaq lazımdır.

Fuad Babayev: Və hökmən Azərbaycan modelini nəzərə almaq şərti ilə. Çünki Azərbaycanda şiə də var, sünni də.

Anar Qafarov: Bəli. Nə üçün Azərbaycan modeli deyirik? Ümumiyyətlə, hər hansı məzhəb görüşü, ya da firqələşmə olsun, bu, həmin dövrün, coğrafiyanın mədəniyyəti ilə bağlı olan məsələdir. Problemin həlli də həmin o mədəniyyətin özünü yaxşı tanıyıb, şifrələrini çözüb məsələyə yanaşmasıdır. Burada deyilir ki, ümmət varmı ki, vəhdət də olsun? Bir şeyi tənqid edə bilərsən, amma ortadan qaldırmağın özü də tənqidə layiq bir məsələdir. Əlbəttə, əkslikləri ilə bərabər bir ümmət var. Bu gün var olan ümmətlər nöqsandan xali deyil ki? Hər bir ümmətin, camaatın, partiyaların və s. çatışmayan cəhətləri var. Amma bir məsələ ortaya qoyulur ki, “Quran”ın, Allahın bizə vermək istədiyi islam mesajını doğru şəkildə anlaya bilirikmi? Bu ciddi bir məsələdir. Müsəlmanlığın, dini məfhumların yenidən müzakirəyə açılması lazımdır. Çünki məzhəbçi yanaşma dinin universal məfhumlarını da zənginlikdən məhrum eləyir, içini boşaldır, onu müəyyən bir mənaya həbs eləyir. Məsələn, bir İşidçi yanaşma nə etdi? Cihad məfhumunu sadəcə  fiziki bir mübarizəylə məhdudlaşdırdı.

Məncə, insanın öz daxili aləminə də baxması lazımdır. Hər kəs özünə tənqidi yanaşsa, yəni “öz” dedikdə cəmiyyət planında nəzərdə tuturam, müsəlman bir cəmiyyət özü özünü tənqid etməyi bacarmalıdır, hansı məzhəbdə olmasından asılı olmayaraq, vicdanla etməlidir. Biz istəsək də, istəməsək də, olaraq hansısa məzhəbin üzərində doğuluruq. Necə ki, düşüncə olaraq müsəlmanıq. Amma icra etdiyimiz müsəlmanlıq hansı dərəcədədir, bu artıq başqa məsələdir. Və hamımızı birləşdirən əxlaq kodeksləridir. Bu, sadəcə məzhəblər arasında deyil, əslində bütün dinlər arasında birləşdirici zəmindir. Bütün dünyanın ortaq nöqtəsidir və bütün məzhəblərin də ortaq nöqtəsi ola bilər. Yəni fərqli etiqadlara sahib ola bilərik, buna da sayğı göstərməliyik, amma bütün işin özü əslində əxlaqdır. Dinin özü də elə əxlaqdır: doğru yaşamaq və sair.

Aslan Həbibov: Mustafa İslamoğlu sünni-şiə ayrışmasından danışdı. Razılaşdığımız, razılaşmadığımız nöqtələr var. Amma biz məzhəblərin yaranma məsələsinə baxmalıyıq. Əslində mövzuya ordan başlamalıydıq ki, məzhəblər niyə yaranıb. Məsələn hənəfi, cəfəri məzhəbi və sair. Bir adam çıxdı “mən dissertasiya yazıram” deyib bir məzhəbmi qurdu, yoxsa məzhəblər zamanın zərurətindən qaynaqlandı? Əksər halda soruşsan deyəcəklər ki, şiə-sünni ayrışması siyasi bir məsələ idi. Belə düşünmürəm. Tamam əksinə. Çünki Həzrəti Peyğəmbərin peyğəmbərlik vəzifəsi ilə yanaşı, onun bir dövlət başçılığı vəzifəsi də var idi. Və bunu insanlar siyasi vəzifədən daha çox ilahi bir tapşırıq, yəni dini bir vəzifə kimi görürdü. Belə olanda Peyğəmbərdən sonra onun yerinə keçəcək insanın da funksiyası eyni olur. Belə bir məsələ də var: din, dövlət, siyasət məsələsi son iki yüz ildə bir-birindən ayrılmış vəziyyətdədir. Əslində ilk dörd xəlifə həm dövlət başçısı, həm də dini lider idi. Bunu Müaviyənin dövrünə qədər deyə bilərik. Çünki Müaviyə qismən, ondan sonrakı dövrdə gələn dövlət başçıları isə demək olar ki, din adamı deyildiər. Amma ilk dörd xəlifənin heç biri dindən ayrı görülmür. Ona görə də məzhəblərin ortaya çıxmasının altında sadəcə siyasi səbəb axtarmaq düzgün deyil.

Şiə-sünni ayrışmasının səbəbini bilirik: Peyğəmbərdən sonra onun xəlifəsi kim olacaq. Mən niyə dini məsələ dedim. Məsələn, üçüncü xəlifə Osmana dedilər ki, sən xilafəti burax, Osman dedi ki, bu köynəyi mənə Allah geyindirib, Allah da çıxaracaq, mən çıxartmayacam. Deməli insan bu vəzifənin ona Allah tərəfindən verildiyini düşünürsə, bunu siyasi tərəfdən başa düşmək lazım deyil, bu bir dini tapşırıqdır. Ona görə də ilk ayrışma bu şəkildə reallaşmışdır. Yəni Həzrəti Peyğəmbərdən sonra kim xəlifə olacaq məsələsi müsəlmanlar arasında ilk parçalanmaya səbəb olmuşdur.

Gündüz Nəsibov: Bu elə siyasi məsələ, hakimiyyət məsələsi deyilmi?

Aslan Həbibov: Bu günün şərtləri ilə, bəli bunu belə başa düşürük. Çünki son iki yüz ildə siyasət və dövlət ayrı-ayrı məhfumlardır. Amma o dövrdə elə düşünülmürdü.

Anar Qafarov: Fikrinizlə müəyyən qədər razıyam. Çünki o dövrdə elə düşünülürdü ki, dövlətin bir müqəddəslik, ilahilik anlamı var. Bu düşüncəyə görə, dövlət, belə demək mümkünsə, göydə qurulur, yəni ilahi qaynağı olur. Və dövlətin vəzifəsi İlahi normaları, qaydaları cəmiyyətə çatdırmaq və cəmiyyəti bu istiqamətdə inşa etməkdir. Ona görə də Fərabinin “fəzilətli insan fəzilətli dövlətdə yetişər” prinsipi bu idi.  Buna institusional yanaşma deyirlər. Yəni yuxarıdan əxlaq normaları təbliğ olunur, amma yuxarıdakını da buna sövq edən səbəb onun “Allahın yer üzündəki kölgəsi” olması düşüncəsidir. Xəlifə Allahın yer üzündə kölgəsidir. Zaman keçdikcə o, ilahi mahiyyətini itirdi. Həmin mahiyyətdə olduğu vaxt siyasətlə əxlaq arasında və dövlət yönəticiliyi  arasında birbaşa ciddi əlaqə vardı. Bunu Nəsirəddin Tusinin “Əxlaqi-nasiri”ndə , İbn Sinada, Fərabinin əsərlərində görə bilərik. Siyasət bugünkü siyasət elmi şəklində onun müzakirə etdiyi problemlər üzərindən müzakirəyə açılmayıb. Tamamilə bir əxlaq məsələsi olaraq müzakirəyə açılıb. Bir məsələ də var. Peyğəmbərimiz dövründə, ondan sonrakı dövrdə müəyyən vəzifələr, onların bölüşdürülməsi vardı, məsələn, su paylamaq və sair. Bunların arxasında nəinki siyasi, hətta iqtisadi maraqlar dayanırdı. Bu prizmadan da tariximizə nəzər yetirilməlidi. Bəli, xəlifə seçilməsi eyni zamanda siyasi məsələ idi. Amma bunu tamamən siyasətə bağlamaq düzgün deyil. Xəlifə seçilməlidir. Peyğəmbərin vəfatı dövründə müəyyən qəbilələr seçilmək üçün öz namizədlərini ortaya qoyurlar. Əslində müəyyən mənada bir qarşıdurma var idi.

Aslan Həbibov: Peyğəmbər xəlifəsi demək, Peyğəmbərin sadəcə idarəetmə vəzifəsini yerinə yetirən bir şəxs demək deyil. Çünki o bir mənəvi liderdir. Belə olmasaydı, onun verdiyi qərarlara qarşı çıxardılar. Deyək ki, ikinci və ya üçüncü xəlifənin verdiyi qərarlar var. Buna etiraz edilsəydi belə, xəlifənin qərarıdır deyə yerinə yetirilirdi.  Deməli, xəlifənin dini bir kimliyi var. Çünki o, Peyğəmbərin xəlifəsidir. Onun Peyğəmbərdən fərqi nədir: vəhy gətirmir. O zaman belə düşünülürdü. Əgər Osman o sözü deyibsə, demək o seçilmişliyini qəbul edir, deyir ki, bu köynək mənə Allah tərəfindən geyindirilib. Bütün bunlara baxdığımız zaman, bu günün şərtləri ilə siyasi olaraq dəyərləndirmək lazım deyil. Belə olarsa, problem yaranar. Mustafa İslamoğlunun qeyd etdiyi bir məsələ var. Məncə əslində bu şeyləri o deməməlidir. Islamoğlu deyir ki, Peyğəmbərin sünnəsi ilə bugünün sünnəsinin əlaqəsi yoxdur. Sonra deyir ki, Peyğəmbər namazı əhli-kitabdan gördü, yəhudilərdən aldı və bir çox şeyi onlar edirdilər, o da, ondan əvvəlkilər də eləyir. Peyğəmbərə xüsusi səlahiyyət verənlər, daha sonrakı insanlara da bu səlahiyyəti verirlər. Daha sonrakı insanların da “Quran” ayələrini yorumlayarkən ortaya çıxartdığı nəticəni Mustafa İslamoğlu xurafat adlandırır. Məsələn, şiəlikdə bu səlahiyyət tanınmaz, səlahiyyət imamlara verilir, bu iş imama, məsuma, Allahla rabitəsi olana aiddir. Amma əhli sünnədə məsum anlayışı Peyğəmbərlə tamamlandığı üçün bu səlahiyyət insanlara da verilir. Ona görə də Mustafa İslamoğlu bir tərəfdən xurafat adlandırır, digər tərəfdənsə sünnənin bu şəkildə olmasından şikayət edir.

Təmkin Məmmədli: Deyək ki, bir insan özünü məzhəbin fövqündə görür. Özünü nə sünni, nə də şiə hesab edir, amma namaz qılmaq istəyir. Namaz qılanda hansısa təriqətə uyğunlaşdırmaq olur?

Aslan Həbibov: Bir şeyi başa düşək. Bizim əsas mövzumuz məzhəbçilikdir. Məzhəb nədir? Məzhəb islamın izah nümunəsidir. Məsələn, vətəndaş deyir ki, mən bunu belə başa düşürəm. Əgər bu səlahiyyət insanlara verilibsə, “Qurani-Kərim” də deyir ki, anlasınlar, məhz bir qisim insanın iddiası da budur, yəni “Qurani-Kərim”də hər şey var və biz bunu başa düşmürük, bunu deyərək cildlərlə dolu təfsir yazırlar. Həm deyirlər ki, “Qurani-Kərim”də hər şey açıq-aşkardır, ona görə başqa nəyəsə toxunmağa ehtiyac yoxdur. Amma özləri on, on beş, iyirmi cildlik təfsir yazırlar. Bu da təzad təşkil edir. Amma bu gün məzhəb əslində islamın fərqli şəkildə anlaşılmasıdır. Məzhəb deyəndə, onu qorxulu bir şey kimi göstərməyin mənası yoxdur.

Namaz qılmaq istəyən bir insanın bu gün bir mənbəyə müraciət etməsi şərtdir, çünki şəkil etibarı ilə, “Qurani-Kərim”də namaz qılma formasını tapa bilməz. Əhli-sünnə bunu hənəfi məzhəbinə görə eləmir. Amma mənbə olaraq istər-istəməz tarixə müraciət etməliyik.

Anar Qafarov: Məzhəbləri təsnif edərkən insan onu daha yaxşı dərk eləyir. Məzhəbin fiqhi, etiqadi və siyasi anlamı var. Bunların təsir edici gücünə baxanda, bəlkə də fiqhə nisbətən etiqadi və siyasi anlamı daha güclü təsir gücünə malikdir. Məsələn, bir sorğu keçirək. Şiə və sünnü məzhəbinə görə namazı qılanlar, ibadətini ona görə edənlərin həyati məsələlərində, qərarlarında şiəlik və sünnilik nə dərəcədə rol oynayır? Yoxsa onların məzhəbçiliyi sadəcə fiqhi məsələlərlə məhdudlaşır? Şiə təbii ki, bir şiə imamını təbliğ edəcək, əhli sünnə də sünni imamı, ona görə namazını qılacaq, orucunu tutacaq, yaxud dəstəmazını alacaq. Amma bu tip fiqhi yanaşma onun digər həyati məsələlərinin tamamını ehtiva etmir. Hətta bu gün hər hansı məzhəbə mənsub insanın etiqadi görüşləri normal həyatda verəcəyi qərarlarda çox da təsir gücünə malik deyil. Yəni əslində vəhdətə zəmin var. Onu kəşf etmək lazımdır.

Dinin mahiyyəti nədir? İbadət etmənin, Allaha təslim olmanın, şəhadət gətirmənin özünün mənası nədir, bax bunun üzərində intellektual refleksiya lazımdır. Təəssüf ki, intellektual baxımdan əlillərimiz çoxdur. Yəni, şəhadəti gətirdin, bəs bunun mənası nədir? Bunu sadəcə dedin bitdi? Yaxud Allaha təslim olmaq nədir? Mənə görə Allaha təslim olmaq, ədalətsisliyi gördüyün zaman ədaləti müdafiə etməkdir. Ibadət anlayışı özü də geniş anlayışdır.

Fuad Babayev: Azər müəllim fəal ictimayətçidir. Istərdim ki, söhbətimizə qoşulsun və desin, məzhəb bütün bu ictimai proseslərdə hansı rol oynayır?

Azər Həsrət: Gəlin məsələyə yapon sayağı yanaşaq. Məndən əvvəl danışanlar daha çox islamın yaranması və sair ilə bağlı çox qədim tarixə getdilər və biz əgər qədimə getsək, orda ilişib qalacağıq və günlərlə ordan çıxa bilməyəcəyik. Amma bizə lazımdır ki, cəmiyyətdə mövcud olan və bizi bölən, cəmiyyətin ümumiyyətlə vəhdətinə mənfi təsir edən məzhəbçiliyin zərərli tərəflərindən danışaq. Bəlkə də bizə görə zərərlidir, amma başqalarına xeyirlidir. Sadəcə olaraq necə edək ki, məzhəbçilik cəmiyyəti parçalayan amilə çevrilməsin. Ona görə yapon sayağı yanaşaq deyirəm. Yaponların bir yanaşması var. Onu deyəcəm, amma ona qədər adi bir misal çəkim. Yol gedirsiz, avtomobilinizin təkəri partlayır. Yaxında maşın ustası yoxdur. Nə edirsiz? Avtomobili saxlayırsız, ehtiyat təkərini taxırsız və yola davam edirsiz ki, ustanın yanına çatıb səbəbi aradan qaldırasız. Yəni orda yolda oturub düşünmürsüz ki, təkər niyə partladı. Həmin anda təkəri dəyişib yolunuza davam edirsiz və hədəfə gedib çatırsız. Çatandan sonra, bəli, onun səbəbi haqqında düşünürsüz və səbəbi aradan qaldırmaq üçün tədbir görürsüz. Əslində yaponca yanaşma budur. Yaponlar deyir ki, bir problemlə qarşılaşdığımız zaman biz o problemin hansı səbəbdən ortaya çıxdığı haqqında düşünmürük. Nəticəsini dərhal aradan qaldırırıq ki, insanlar normal yaşayışlarını bərpa edə bilsinlər, cəmiyyət həyatında ara yaranmasın, dərhal hər kəs öz əvvəlki vəziyyətinə qayıtsın, ondan sonra nədən baş verdiyini araşdırarıq. Məsələn, Fukusimada qəza oldu. Yaponların dərhal tökülüşüb onun səbəbini araşdırmağa başladığını gördünüz? Araşdırmadılar. Sadəcə onun fəsadlarını aradan qaldırmaqla məşğul oldular. Yəni insanların təhlükəsiz yerə köçürülməsi, zərərçəkənlərə yardım və sair edərək qəzanı lokallaşdırdılar, sonra isə araşdırmağa başladılar. Niyə araşdırırıq? Gələcəkdə bu cür fəsadlar baş verməsin deyə. Əslində islamda və digər dinlərdə də məzhəbçilik məsələsinə bu cür yanaşmaq lazımdır. Yəni biz başlasaq ki, bu niyə belə idi, o niyə belə deyildi, günlərlə danışıb qurtarmayacağıq. Amma bu indiki durumu dəyişməyəcək. Nə etməliyik? Bu suala cavab verməliyik.

Mən praqmatik bir adamam, yəni bir işin nəticəsini öncədən görməsəm, o işə qol qoymaram. Yəni istəyirəm ki, məzhəbçilik məsələsinə də bu cür yanaşaq. Bu gün bizi bölən amilləri aradan qaldırmalıyıq. Bəli, heç kəs inkar edə bilməz ki, Azərbaycan müsəlman ölkəsidir. Islam dövləti deyilik, amma ölkə olaraq müsəlman ölkəsiyik. Din dövlətdən ayrıdır. Multikulturalizm və tolerantlıq bizim həyat tərzimizdir, həmçinin dövlət siyasətidir. Üstəlik də bir model olaraq dünyanın hər tərəfində bu qəbul olunmaqdadır. Ona görə də elə etməliyik ki, bu modeli zədələyən hallara yol verməyək. Buna yol verməmək üçün ən çox üzərinə gedəcəyimiz məsələ islamda məzhəbçilikdir. Niyə islamda? Ona görə ki, bu ölkə müsəlman ölkəsidir. Yəni daha çox sünni və şiə olaraq bölünmüşük.

Fuad Babayev: Şiələr daha çoxdur.

Azər Həsrət: Sayca 65 faiz deyirlər, bəzən də çox. Düşünürəm ki, kiminsə sünni, ya şiə olmasının müzakirəsi belə xoş deyildir. Niyə? Çünki bizi böləcək. Bizim şimal bölgəsində sünnilər də, şiələr də yaşayır. Xatirimdədir ki, bizim Dədəli kəndinin camaaatı əksərən sünnilər də olsa, hətta sovet dövründə məhərrəmlikdə heç zaman toy, şadyanalıq eləməyib. Indi də elədir. Yəni müsəlmanların digər hissəsinin adət-ənənəsinə, inancına hörmət əlaməti olaraq belə davranmışıq.

Biz nə etməliyik? Heç bir formada məzhəbləri yox edə bilməyəcəyik. Əgər başlasaq ki, onları yox edək, vəhdətə gələk, Məhəmməd Peyğəmbərin qoyduğu yolla gedək və sair, edə bilməyəcəyik. Niyə? Səbəblər bəllidir. Birincisi: o istək özümüzdə olan deyil, həm sünnilərdə, həm də şiələrdə. Ikincisi: istəsək belə, üçüncü qüvvələr bunun baş tutmasına imkan verməyəcək. Yəni o şeytan barmağı mütləq ortada olacaq, bizi qarşı-qarşıya qoyacaq. Ona görə yaxşısı budur ki, hər kəs olduğu kimi qalır, öz inancına inanır və fərqli inancdan, məzhəbdən olanlar digərinin məzhəbinə, inancına hörmətlə yanaşır. Əgər biz bunu dünyaya “eksport” etmək istəyiriksə, Heydər məscidini örnək göstərə bilərik. Bunu mən tez-tez ATƏT-in, Avropa Şurasının tədbirlərində deyirəm.

Fuad Babayev: Gözəl bir örnəkdir.

Azər Həsrət: Üstümüzə gəlirlər ki, Azərbaycanda islam dini, müsəlmanlar sıxışdırılır və sair. Əsassız fikir səsləndirənlərə örnək olaraq göstərirəm ki, Azrəbaycan prezidenti Cənubi Qafqazın ən böyük məscidini tikdirib və orda şiə və sünni məzhəbindən olan müsəlmanları bir araya gətirib vəhdət namazı qıldırır. Islamda birləşdirici, insanları bir araya gətirən, barış yaradan şəxs ən müqəddəs insanlardandır.

Sözümün canı odur ki, hər kəs olduğu yerdə qalır, heç kəsə toxunmuruq, səbəb axtarmırıq ki, niyə min il qabaq ayrılmışıq, məzhəblərə bölünmüşük. Sadəcə olaraq insanlara, xüsusən də yetişməkdə olan nəslə təlqin etməli, öyrətməliyik ki, şiə-sünni amili bizi ayırmamalıdır. Biz bir xalqın övladıyıq, bir orduda əsgər kimi xidmət edirik, düşmən qarşısına birlikdə çıxırıq və silah yoldaşımın şiə, ya sünni olmasının mətləbə dəxli yoxdur. Düşmən qarşıdadır və biz ona qarşı savaşırıq. Düşünürəm ki, bu məsələləri insanlara təlqin etmək cəmiyyətin vəhdətini təmin edəcək.

Fuad Babayev: Tez-tez müsəlman olmayanlar qadınların hüquqlarının guya islamda pozulması ilə bağlı bəyanatlar verirlər. Hörmətli Sevinc xanıma da söz verək.

Sevinc Aslanova: Biz Mustafa İslamoğlunun çıxışı ilə başladıq. Mən də kiçik bir açıqlama vermək istəyirəm. Anar müəllimin dediyi kim siyasi, etiqadi və fiqhi məzhəblər. Islamoğlu daha çox siyasi məzhəblər üzərində durur. Amma bunun bizə bir faydası yoxdur. Biz də bunun üzərində dursaq heç bir çözümə çata bilmərik. Bugünkü fərqliliyimiz siyasətdə deyil, ibadətdə və əqidədədir. Var məzhəblilik, bir də məzhəbçililik. Məzhəblilik normal bir şeydir. Hər bir müsəlmanın öz məzhəbi, öz yolu ola bilər. Sözün kökü zəhəbdir, getmək, yol deməkdir. Rəsulallah (ə.s.) deyir ki, əzhabım ulduzlar kimidir, hansına tabe olsanız doğru yolu taparsınız. Və əzhabda fərqli görüşlər olacaq. Çünki Muaz bin Cəbəli Yəmənə vali göndərərkən soruşur ki, nəyə görə hökm edəcəksən? Muaz Bin Cəbəl cavab verir ki, “Qurani-Kərim”ə görə.

– Orda tapmasan nəyə görə?

– Sünnəyə görə, hədislərə görə.

– Orda tapmasan nəyə görə?

– Öz fikrimə görə?

Demək ki, əzhabın öz fikri olacaq. Daha sonra imam Əbu Hənifənin ilk nəsil haqqında bir görüşü var: Peyğəmbərin (s.ə.s.) sözlərinin başımın üstündə yeri var, əzhaba gəlincə seçmə haqqına sahibik, tabiuna (səhabələrdən sonra gələn nəsil) gəlincə, onlar da insandır, biz də insan. Demək ki, məzhəblərin ortaya çıxacağı o dönəmdən bəlli idi. Amma necə məzhəblərin? İbadətdə və əqidədə fərqliliyin ortaya çıxması, ibadətin fərqli olması normaldır. Imam Şafii əlin qanamasını deyil, kişinin əlinə qadının əlinin dəyməsini abdəsti pozan amil kimi, amma əbu Hənifə əlin qanamasını abdəsti pozan səbəb kimi əsas götürür. Bu, əhli-sünnənin içərisindəki fərqlilikdir. Nəyə görə belə götürülür. Çünki Rəsulallah (s.ə.s) əli qanadığı zaman Həzrəti Aişə əlini sarıyır və bunun üzərinə abdəst alır. Nəyə görə? Heç kim bilmir. Və ehtimal olaraq imam Şafii qadının əlinin dəyməsini, imam əbu Hənifə isə əlin qanamasını əsas götürür. Asanlaşdırın, çətinləşdirməyin hökmü var islamda. Imam Şafii öz mühiti üçün asanlaşdırdı, çünki onun mühitində kənd işləri çox idi, əlin hər an qanaması mümkün idi. Kişi və qadının əlinin bir-birinə dəymə ehtimalı, alış-veriş çox az idi. Imam əbu Hənifənin yaşadığı mühit isə şəhər mühiti idi, alış-veriş çox idi, hər an pul verərkən, ya alarkən əl dəymə mümkün idi və bu da çətinliyə səbəb ola bilərdi. Nəticə etibarı ilə “biz bu gün məzhəbləri qaldıraq, dönək islama” – deyir Mustafa İslamoğlu. Bu doğru bir nəticə deyil. Bu gün əgər insanların məzhəbini qaldırsaq əllərindən dəyərləri almış olarıq. Bu gün Cəfəri məzhəbinə deyək ki, sən artıq Cəfəri deyilsən, Hənəfi, Şafii, Hənbəli, Maliki məzhəbinə deyək ki, artıq məzhəb yoxdur, sən dön tamamən “Quran” və Sünnəyə. “Quran” və Sünnəni bizə kim öyrətdi? Səhabələr öyrətdi. Və məzhəbliliyi qaldırmaq modernist bir görüş idi. Buna qarşı da postmodernizm görüşü ortaya çıxdı. Məzhəbçilik isə bunları rədd etdi. Məzhəblər tamamən qatılaşmağa başladı. Və ən pis hal odur ki, bugünkü təkfirçilik ortaya çıxdı, hər kəs öz məzhəbinin daha üstün olduğunu düşündü və qarşı tərəfi küfrdə suçlamağa başladı. Bunun çözümü nədir? Alimlərin bəzi məsələlər üzrə bir araya gətirilməsi, fərqli görüşlərin televiziya ilə yayımlanmaması. Ixtilaflar nə qədər çox xalqa çatdırılarsa, qarşı tərəflər arasında nifrət bir o qədər çoxalar, bir-birinə dinsiz kimi baxmağa başlayar. Halbuki məzhəblilikdə bir-birinə dinsiz kimi baxmaq yoxdur, məzhəbçilikdə var. Həm də alimlərin birindən belə çözüm var: bu gün bəzi kütlələr bəzi qaynaqları daha çox oxuyur. “Qurani-Kərim” qalır bir tərəfdə, bir risalə oxuyurlar. Məsələn bir risalə camaatı var, ancaq risaləni oxuyur, başqa kitab oxumaz. Bir qaynağa tabe olmaq da təhlükə yaradır, Çünki “ancaq bu doğrudur, qalan heç nə doğru deyil” fikri düzgün deyil. Sadəcə fərqlilikləri qəbul etməliyik, hər bir şeydə fərqlilik var. Və bunu qəbul edərək, anlayış göstərərək, necə ki, bir xristiana, yəhudiyə tolerant davranırıq, eyni şəkildə özümüzə də dözümlü, anlayışlı olmalıyıq.

O ki, qaldı namazı hansı şəkildə qılmağa, mənim tanıdığım bir ailə var, yoldaşı möhürlə, qadın özü isə möhürsüz namaz qılır. Və ya, tərsinə də ola bilər. Insan özü onu araşdırıb qərar verməlidir.

Təmkin Məmmədli: Bəs özünü heç bir yolda görməyib əlahiddə hesab edənlər?

Sevinc Aslanova: Heç bir yolda görməyəndə də yenə araşdırmalıdır. Araşdırarkən qarşımıza “Quran”ı alaq, orda da yoxsa Sünnəni.

Gündüz Nəsibov: Sevinc xanım, imam əbu Hənifə imam Şafiinin müəllimi idi. Imam Cəfəri Sadiq də imam əbu Hənifənin müəllimi idi. Şafiilik ilə Hənəfilik arasında prinsipial fərq yoxdur. Bəs necə oldu ki, müəllimlə şagirdin məzhəbləri bu qədər fərqli oldu?

Sevinc Aslanova: Region məsələsi, mühit məsələsi var. Həmçinin müəllim şagirdinə dərs verdi, şagirdin anlayışı açıldı, fərqli baxmağa başladı. Məsələn, dəstəmaz məsələsi niyə bu qədər fərqlidir?  deyə davam edir. Əhli sünnə – va ərculəkum – deyir, əhli şiə – va ərculikum – deyir. Bir məsəhə feli ilə işlənir – başınızı məsh edin. Sonra gələn ərculikum dediyimiz zaman – ayağınızı da məsh edin, ərculəkum dediyimiz zaman – ayağınızı da yuyun demiş oluruq. Ərəb dili baxımından ikisi də doğrudur. Hədislərdə fərqlilik var. Biri götürür “vay o topuqların halına ki, cəhənnəmdə yanacaq” hədisini, bunu quru qaldığı üçün yumaq lazımdır, digəri isə onu götürmür. İmam Cəfəri-Sadiqə gəlincə isə, müstəhəbdir deyə yumur. Fərqlilik məhz burdan qaynaqlanır.

Anar Qafarov: Səbəbini həmçinin belə də düşünmək olar. Baxın, hər bir insan içində doğulduğu, böyüdüyü mühitin övladıdır. Indiki dövrdə belə mənim müəllimimin yetişdiyi mühitdə onu düşündürən səbəblərlə, mənim yetişdiyim mühitdəki düşündürən səbəblər, ya dövr fərqlidir. Hansısa tezis ortaya qoyuramsa, bunun səbəbi var. Və əslində ayətlər və hədislərin eynən səbəbi olduğu kimi fikirlərin də səbəbi var. Bu təbii bir prosesdir və sadəcə dində baş verən məsələ deyil. Məsələ etiqadla çox da əlaqəli olmayan bəzi təfərrüatları etiqad kimi düşünüb problemə çıxarmağımızdadır. Məsələn, namazın əli bağlı, ya əli açıq qılınması, möhürlə, ya möhürsüz qılınması. Bunlar təfərrüatdır. Əsas məsələ burda təslimiyyət və şüurdur.

Sevinc Aslanova: Öz ailəmdən bəsit bir misal verim. Mən qarabağlıyam, Xocalıdanam, şiə nəslindən gəlirəm. İslamı İlahiyyat fakültəsində öyrəndim, Hənəfiyə görə namazı öyrəndim, ona görə də davam etdim. Sonra heç geri dönmədim. Evdə hətta möhürlə namaza israr etdilər, mən o hüzuru ilk dəfə möhürsüz almışam, dedim ki, mənə o möhürü verməyin. Çünki mən bununla özümü tapmışam. Evdə mənə bunu elətdirənlər özləri namaz qılmırdılar. Ailəmi namaza biz öyrətdik, nəvələri öyrətdi. Dedilər, yox, biz ata-babamızın yoluyla gedəcəyik, Dedim, necə istəyirsiniz. Əsas odur ki, namaz qılın. Bir müddət atam möhürlə namaz qıldı, anam möhürsüz, daha sonra “sən mənə tabe ol” məsələsi ortaya çıxdı, ikisi də eyni şəkildə qılmağa başladı. Mən onların işinə qarışmadım. Niyə? Məsələ ondadır ki, sən o daşa ibadət etdiyini düşünmədiyin müddətdə mən sənə heç nə deməyəcəm. Doğrudur, mən bunu özüm üçün doğru qəbul etmirəm. Amma başqasına da bunu etdiyi üçün cəhənnəmlikdir, yaxud ibadəti qəbul deyil demirəm.

Fuad Babayev: Əgər möhürlə namaz qılmır cəhənnəmlikdir – belə deyirlər?

Sevinc Aslanova: Belə deyənlər var, amma bu doğru deyil.

Fuad Babayev: Aslan müəllim, bildiyim qədər siz məzhəbləri araşdırırsınız. Əslində siz daha çox danışmalısız. Buyurun.

Aslan Həbibov: Mən Azər müəllimin “yapon” misalına bir söz demək istəyirəm. Azər müəllim dedi ki, təkər partlasa dəyişirik. Əgər təkəri kənar bir təsir partladıbsa, problem deyil. Amma təkər maşınımızın özündən çıxan bir dəmir tərəfindən cırılıbsa, təzə təkər taxan kimi o yenə təkrar olacaq. Ona görə heç olmasa o təkəri partladan səbəbə qısa da olsa baxmaq lazımdır. Yoxsa əgər dəmir ordan çıxıbsa, mən maşını işə salanda yenə çıxacaq. Bayaq niyə tarixə gedib baxmaq istədim? Bir mövzu ilə əlaqədar keçənlərdə araşdırmamız oldu. Mən də cənubdan olduğum üçün bir nümunə verəcəm. Bilirsiz ki, cənubda – Lənkəranda demək olar ki, toplu olaraq yaşanılan sünni bölgəsi yoxdur. Astaranın bəzi kəndləri var və Lerikin bir kəndi bilinir, burda əhli-sünnə yaşayır. Astaranın bəzi kəndləri tam şiədir, bəzi kəndləri tam sünnidir, bəziləri də hardasa yarı-yarıya. Məsələn, Astaranın Şahağacı, Pensər, Ərçivan və sair kəndləri var. Pensər kəndi də böyüklərindəndir, burada hardasa əlli-əlliyə sünni və şiə yaşayır. Keçənlərdə bir nəfər danışır ki, Astaraya limon almağa getmişdim, bir kəndə girdik, tanımırıq nə kəndidir, amma sonra bildik ki, sünni kəndidir. İçəriyə girdik. Mənə dedilər ki, özün əraziyə gir, qayçını da verdilər ki, kəs, təmizlə, götür, sonra sayarıq. Girib elə “Allah, Muhamməd, ya Əii!”  deyəndə, biri mənə dedi,- nə dedin, nə dedin? Saxla, ver qayçını, çıx bayıra, Sənə verəcək limonum yoxdur. İndi, bu vəziyyətlə də qarşılaşmışıq. Bayaq Heydər məscidinin nümunəsini verdiniz, bəli, amma Pensər kəndində bu ənənə çoxdan yaşanır. Araşdırmaq məqsədilə ora getdim. Onlara suallarım oldu ki, bunu necə bacarmısız? Məsələn, neyləyirlər? Əhli-sünnə beş dəfə azan verir, şiə üç dəfə. Deyir ki, o iki dəfəni biz veririk. Orda iki məscid var, biri mənə yaxındır, arada yüz metr məsafə var. Biri sünni məscididir, biri isə şiə. Əhli-sünnə iki dəfə azan verir, yəni əsr və xüftən (işa namazı) vaxtı. Şiələr isə üç dəfə azan verir: sübh, zöhr və şam namazı. Beləcə beş vaxtı tamamlayırıq. Sonra cümə namazını növbə ilə qılırıq: bir dəfə bu məsciddə qılırıq, o biri dəfə də o biri məsciddə. Və çox maraqlı bir fakt dedi. Dedi ki, məhərrəmlik mərasimlərini kişilər sünni məscidində, qadınlar isə şiə məscidində keçirdir. Biz bunu da bacarmışıq.

Dini Komitənin təşkil etdiyi bir tədbir var idi. Tədbir sünni məscidinin tədbiri idi, amma şiə məscidində keçirilirdi. Çadır qurulmuşdu, biz də məruzəçi olaraq qabaqda oturmuşduq. Hər iki axund yanımda idi. Qəsdən axunda belə sual verdim ki, siz icmalara görəmi oturursuz? Hər halda başa düşdü ki, güldü. Dedi – görürsən o iki nəfəri, bayaqdan deyib gülürlər? Dedim – hə. Dedi – bu tərəfdəki sünnidir, o biri tərəfdəki şiə. Dedim ki, bəlkə bunlarda heç olmasa sünnilər bu tərəfdə otursun, şiələr o biri tərəfdə otursun şüuraltı fikr yaranır. Dedi – xeyr. Biz onu da həll etmişik. Onlar ikisi də bayaqdan sünni-şiə olaraq deyib gülürdülər. Demək o problemi də həll ediblər.

Tarixə baxdığımız zaman tarixdə sadəcə sünni-şiə problemi olmayıb. Saya biləcəyim yeddi-səkkiz məsələ var ki, sırf sünnilərin öz içərisində olub: Şafiilərlə Hənəfilər, Hənbəlilərlə Şafiilər. Yəni iş əqidə məsələsi deyil. İşin kökünə baxdığımız zaman görürük ki, bəzən xalq öz arasında bəzi problemləri həll edir. Ancaq yuxarı təbəqələrin, məsələn bəzən dövlətin müdaxiləsi böyük problemlərə gətirib çıxardır. Bəzənsə dövlət problemi həll edir. Yəni dövlət bir qərar verib, o bir problemə, partlayışa səbəb olub, bəzən də dövlət görür ki, partlayış var, müdaxilə edir, məsələni həll edir. Buna görə də məzhəbçiliyin tarixi bu gün deyil. Sevinc xanım postmodern dedi, amma postmodern tarixə gedir. Tarixdə Bağdadda “hənbəli fitnəsi” deyə bildiyimiz, hənbəlilərin Bağdada girib sünni, şiə demədən hər kəsi qılıncdan keçirmə arzusu məşhurdur. Yəni bunlar sadəcə sünni-şiəliklə əlaqədar deyil.  Burda problem başqalarına həyat haqqı tanıma məsələsidir. Yəni burda mənim hakimiyyətim var, məndən başqası burda olmamalıdır. Budur problem. Əgər Astaranın Pensər kəndi başqalarına həyat haqqı tanıma nöqtəsində bu işi həll edə bilirsə, o problemləri ortadan qaldırmaq olar.

Mustafa İslamoğlu vəhdətdən danışdı. Bəs vəhdət nədir? Bəziləri elə bilir ki, vəhdət insanların tək bir məzhəbdə toplanmasıdır. Bu mümkün deyil və gözləmirik də.

Fuad Babayev: Lazım da deyil.

Aslan Həbibov: Bəli, lazım da deyil. Hər kəs Azər müəllim dediyi kimi öz məzhəbində qalacaq. Amma problem nədədir? Başqalarının həyat haqqını tanımada. Hamı mənimlə birlikdə bu şəhərdə, kənddə, ölkədə başqalarının da yaşaya biləcəyini qəbul edəcək.

Belə bir şey var: çox vaxt aramızda problem yoxdur işlədilir. Bu söz özü əslində doğru deyil. Çünki bu sözü dediyin zaman bir nəfər çıxır sonra…

Fuad Babayev: Bir problem səsləndirir.

Aslan Həbibov: Səsləndirir, hamı da deyir, – hanı, bəs yox idi? Əslində aramızda problem var. Amma o problemləri qabartmadan maksimum həll etmək lazımdır. Elvüsal müəllimi yəqin tanıyırsız?

Fuad Babayev: Əlbəttə.

Aslan Həbibov: Mən Elvüsal müəllimlə eyni şöbədə işləyirəm. Mən şiəyəm, o sünnidir. On beş il Türkiyədə təhsil almışam. Yəni imam-xətib liseyini, universiteti, magistiraturanı, aspiranturanı Türkiyədə oxumuşam. İlahiyyat fakültəsini bitirmişəm. Və məzhəb olaraq bir problem yaşamamışam. Doğrudur müəyyən qədər hiss etmişəm, qürbət və fərqlilik hiss olunub, amma məsələn, yoldaşlarla vaxt olub səhərə qədər elmi məsələlərdə mübahisə etmişik, buna baxmayaraq hər kəs səhər durub namazını qılıb, çörəyini yeyib öz dərsinə gedib. Yəni biz bir-birimizi müəyyən şeylərdə  mühafizə eləməyə, qırmızı cizgilərimizi qorumağa çalışmışıq. Mən həmişə Elvüsal müəllimə bunu danışırdım. Nə sən mənə ilk üç xəlifəni sevdirə bilərsən, nə mən sənə Həzrəti Əlinin vilayətini qəbul etdirə bilərəm. Bunu biz qəbul eləyirik. Amma neyləyəcəyik? Nə mən sənin sevdiklərini söyəcəm, nə də sən mənimkilərə toxunacaqsan. Bunları əgər qoruya bilsək, o zaman heç bir problem yaşamarıq.

Sevinc Aslanova: Üzr istəyirəm, araya girmək istəyirəm. Mən ilk dəfə 2006-cı ildə Türkiyədən dönəndə dinlər tarixçisi kimi araşdırma aparmaq marağım var idi. Bu, sanki qanıma oturmuş bir məsələ idi. Məscidlərə getdim, xütbələri dinlədim ki, görüm vəziyyət necədir. Əvvəlcə əhli-sünnə məscidinə, sonra əhli-şiə məscidinə getdim. Qatı dindarların məscidi vardı, ora da getdim, onları dinlədim. O buna söyür, bu ona, o bunu təkfir edir, bu da onu, o ona rəddiyə, bu da ona. Və dünən ayın 20-sində olan konfrans çox xoşuma gəldi. Orda deyir ki, axı bu camaatı maraqlandırmır kafir kimdir. Xalqa əsas nə lazımdır? Məsələn İlahiyyat məscidi bir ara çox xoşuma gəlirdi. Müəllim işlədiyim illərdə orda ancaq sevgi, Allaha ibadət, bu cür digər məsələlər gündəmə gəlirdi. Bir də ora baxdım. Gördüm “orta yol”da bu dəqiqə odur. Həqiqətən heç kəsə söz atmaq yox idi. Mən cümə namazlarına getmədiyim üçün bilmirəm, amma araşdırdığım dönəmdə bunu gördüm. Ona görə də ya burdakı kimi, ya da Heydər məscidi, yaxud dediyiniz kənddəki kimi nümunələri çözüm olaraq tətbiq etmək olar.

Camaata nə lazımdır? Allah sevgisi üzərində durmaq. Mahmut Toptaş deyilən bir təfsirçi var. O təfsirçinin ayə üzərinə belə bir açıqlaması var idi: şeytanı söyməkdən qurtarıb artıq Allahı anmağa keçək. Şeytan daşlamaq həyatımızda bir dəfə vacibdir, Allahı anmaq gündə beş namazda vacibdir. Bax, çözüm bəlkə də elə burdadır.

Anar Qafarov: Bilirsiz çözüm deyirik, və müəllim “yapon” nümunəsini dedi, doğrudan da dini məsələ texniki bir məsələ deyil, çox həssas məsələdir və özündə mücərrəd məfhumları və sairi ehtiva eləyir. Işin təhsil vahidi var. Amma necə? Sadəcə dini təhsil deyil. Dünyəvi təhsildə də orta məktəblərdən başlayıb universitetlərə qədər məntiqlilik, düşünə bilmək, məntiqi təfəkkürü inkişaf etdirmək lazımdır. Amma əgər məntiqi düşünə bilsə, bu onu başqalarının bu coğrafiyalar üçün tərtib etdiyi planların könüllü ordusuna çevirməz. O yenə öz məzhəbinə davam edəcək. Burda yenə də o ümumi təhsilin, dünyəvi təhsilin çox önəmi var.

Azər Həsrət: Əlbəttə. O gün Fransada bir şəkil qoymuşdular: saqqallı bir müsəlman Parisin küçəsində eşşək sürür. Deyir ki, maşın şeytan əməlidir, mən ona minmirəm. Adama sual edərlər ki, ümumiyyətlə, sənin Parisdə nə əcəlin var? Bunlar əslinə qalanda, təbii ki, təbliğatdır. Amma təəssüflər olsun ki, hətta Azərbaycan kimi dünyəvi, savadlıq səviyyəsi yüz faiz civarında olan ölkədə belə bu təfəkkürdə olan adamlar var. Məsələn bayaq Fuad müəllimin dediyi o stəkanı sındırma məsələsi. Sovet dönəmindən mən bir az danışdım, o zaman məsələn, qulağımız tez-tez eşidirdi ki, sünnilərin quyruğu var. Kim deyirdi? Şiələr. Təbii ki, biz buna fikir vermirdik, yəni axı bizim quyruğumuz yox idi. Heç kəs fikir vermirdi. Biz bunu onu deyənin cahilliyinə bağlayırdıq. Deyirdik ki, cahildir, heç bir insanın quyruğu olmaz, sünni olma, xristian ol, yəhudi ol, şaman ol, yaxud buddist ol. İnsan övladının quyruğu olmayıb, olan da deyil. Yəni söhbət nədən gedir? Cəhalətdən. Ona görə də mümkün qədər çalışmalıyıq ki, cəmiyyətdə elm hegemon olsun, üstün mövqedə dursun.

Din bir ruhani zərurətdir. Hər kəsin öz seçimidir. Və əgər siz dini bir həyat tərzi seçirsinizsə, bir dinə bağlanaraq yaşamağa üstünlük verirsinizsə və mən misal üçün dini inkar edirimsə, hərçənd ki, etmirəm, mənə dözümlü yanaşacaqsınız. Bayaq axı tolerantlıq, multikulturalizm dedik.

Fuad Babayev: O cümlədən ateistə də biz tolerant yanaşa bilərik.

Azər Həsrət: Mütləq. Yəni tolerantlıq fərqli düşünən, fərqli davranan və toplumun ümumi qəbul edilmiş adət və əxlaq normalarına zidd davranmayan hər kəsə dözümlü yanaşmaqdır. Mən əgər  küçədə çıxıb biədəb hərəkətlər etmirəmsə, geyimimdə diqqətliyəmsə, hay-küy salmır, səs-küy salıb başqalarını narahat etmirəmsə, ateist olsam belə, mənə dözümlü yanaşılmalıdır. Bəs hansı hərəkətimə dözümsüzlük edilməlidir? Mən indi siqarət çəkən deyiləm, amma görürəm ki, adam siqareti çəkir, küçəyə atır.

Aslan Həbibov: Məzhəb məsələsinə gəldikdə, mənim bir tələbəm var idi, çox aktiv idi. Gah bu məzhəblə əlləşərdi, gah o biriylə. Bir gün ona dedim ki, indiyə qədər neçə nəfər sünnini şiə etmisən. Dedi – heç birisini. Dedim – yaxşı, niyə bəs özünü həlak edirsən? Gəl sənə belə bir təklif verim. Şiəyəm deyib şiəliklə əlaqəsi olmayan minlərlə adam var. Əvvəlcə onları şiələşdir, qarşı tərəfdə sünni olub sünniliklə əlaqəsi olmayan insanlar var, onu da sünniləşdir.  Gördünüz ki, daha adam qalmayıb, ondan sonra bir-birinizdən oğurlayarsınız.

Sultanəli məscidində dayanmışam, bir cavan uşaqla söhbət edirəm. Gördüm ki, bir cavan oğlan bizə baxır. Elə bil ki, mövzuya girişmək istəyir. Dedi – qardaş, olar sizə sual verim? Dedim ki, buyur. Dedi  – bu gün təfsir necə olmalıdır? Istədim cavab verim, yanımdakı cavan oğlan başladı danışmağa. Gördüm bu da müdaxilə etmək istəyir. Dedim – qardaş, bir dəqiqə dayan. Bu qardaş deyəsən təzə təfsir metodu tapıb, onu bizə danışmaq istəyir. Nə isə, bu başladı danışmağa. Bir az danışdı, sözlərindən anladım ki, İsgəndər Evrənəsoğlunun müridlərindəndir. İsgəndər Evrənəsoğlu Türkiyədə heç bir tərəfdar tapa bilmədiyi üçün Amerikaya qaçan, indi orda oturub başına böyük çalma qoyan, bəzi qrupların nəzarətində olan adamdır. Bu adam başladı danışmağa – biz elə edirik, beləyik, filan. Dedim, qardaş, məqsədiniz nədir? Dedi – biz, insanları Allaha qovuşdurmağa çalışırıq. Dedim – bax bu məscidə girənlər var, bunlar niyə girir? Dedi – namaz qılmağa. Dedim – əli bağlı, ya açıq, ayağını yusun, ya yumasın, bu adamların namaz qılarkən məqsədləri nədir? Ümumiyyətlə, bu adamlar Allaha qovuşmağa gəliblər də. Sən çıx get metronun qabağına, orda Allaha qovuşmağı arzulamayan minlərlə adam çıxır. Get onları qovuşdur, daha nə istəyirsən? Hər kəs asan işə qaçır.

Anar Qafarov: Həll yolu olaraq öz fikrimi bildirib bununla sonlandırmaq istəyirəm. Əgər hansısa konsepsiyanı ortaya qoyacağamsa, onu ana başlıqlarıyla, ilk hərfləriylə ifadə etməyi xoşlayıram. Özümə görə “EDİP” deyə bir metod düşünürəm. Bu “EDİP” nədir? Bu məsələ əslində hər bir fərd, cəmiyyət, konfessiyalar üçün, hər bir dövlət üçün də mövcudluq məsələsidir. Bu problemin ortadan qaldırılması üçün: birinci, elmi maarifləndirmə, ikinci, dini maarifləndirmə vacibdir. Bu dini maarifləndirmə də özü-özlüyündə məsələyə sosioloji, psixoloji, tarixi və etik aspektlərdən yanaşmanı ehtiva edir. Keçdik o birinə – “i”yə. Nədir “i”? İdeoloji maarifləndirmə. Məsələn bu gün bir üst kimlik olaraq azərbaycançılıq ideologiyasından bəhs edirik. Həm özümüzə məxsusluğu qorumalıyıq, həm də bizim cəmiyyətimizdə yaşayan digər mədəniyyətlərə məxsus insanlara sayğı və ehtiramla yanaşmalıyıq. Amma bu ideoloji maarifləndirmə eyni zamanda dini kimliyin milli kimliyin önünə keçməsinin də qarşısını alır. Burda milli kimlik deyəndə etnik zəmini deyil, bir azərbaycanlı ola bilməni nəzərdə tuturam. Bu bir məsələ. Qaldı “p”yə, “p” – praktiki tədbirlərdir. Bu praktiki tədbirlər də iki şəkildə gerçəkləşə bilər. Birinci – gözəl nümunələr verdilər, yəni məscidlərdə birlikdə yaşamaq ənənəsini formalaşdıran dini tədbirlər. İkinci – ən son çarə olaraq inzibat tədbirlərə baş vurmaq, necə ki, insan xəstələnəndə ən sonda cərrahiyyəyə baş vurur.

Azər Həsrət: Kəsib atmaq yəni.

Anar Qafarov: Sözüm bu qədər. Təşəkkürlər.

Aslan Həbibov: Əslində biz bayaqdan elə məzhəblərin bir-birini qırdığını deyirik və ondan danışırıq, amma tarixə baxanda görürük ki, məzhəblər gözəl əməkdaşlıq da ediblər. Məsələn, İdrisilər dövründə. Idrisilər şiə dövlətidir, Zeydi şiə dövlətidir. Idrisilər dövründə sünni bərbərlərlə şiələr çox gözəl keçiniblər. Hətta İdrisi dövləti sünni imamlardan biri olan İmam Malikin”Müvəttə” adlı əsərini çoxaldıb paylayıb. Daha sonra, səlib yürüşlərinə qarşı o dövrdə Hələbin müdafiəsində şiə din adamları ilə sünnilər birlikdə əməkdaşlıq edirdilər.

Fuad Babayev: Səlahəddin özü sünni olub?

Aslan Həbibov: Sünni idi. Bunlara qarşı Səlahəddin Əyyubi ilə Nizari şiələrinin lideri Sinan arasında bir ittifaq var. Xaçlıların püskürdülməsində çox böyük işlər görüblər. Yəni tarixdə bu var. Daha sonrakı dövrlərdə…

Fuad Babayev: Amma həmişə düşmənə qarşı birləşmədən söhbət gedir?

Aslan Həbibov: Çünki birləşdirməyə bir səbəb olmalıdır.

Fuad Babayev: Yəni düşmən obrazı.

Aslan Həbibov: Bir şey olmalıdır ki, insanlar bir-birlərinin ortaq nöqtələrini kəşf edə bilsinlər. Bayaq siz Şamaxı nümunəsini verdiniz. Bir qrupun gedib məscidə sığınması o biri qrupu tərk etməsi deməkdir.

Fuad Babayev: Əlbəttə.

Aslan Həbibov: Və özlərini tələyə salırlar. Əgər heç birisi getməsə idi, ya hamısı birlikdə öləcəkdi, ya da hamısı birlikdə xilas olacaqdılar. Əsas məsələ də budur. Əslində Nadir şahın dövründə məzhəbləri bir yaxınlaşdırma cəhdi var. Həmin dövrün şərtlərində o, Bağdadda konfrans toplayır, cəhd edir. Amma uğurlu alınmır.

Daha sonra islam dünyasında bir Darut-təqrib (İslam məzhəblərini bir-birinə yaxınlaşdırmaq üçün qurulmuş bir elmi müəssisə)nümunəsi var.  Onlar da xeyli işlər görüblər. Baxın mən əqidəvi məzhəblərdən danışdım. Şiəlikdə üsuliddin var və bu beş imamət üsuliddinin bir parçasıdır. Yəni dini nəsli sayılır. Əhli sünnədə Səlahəddin Əyyubi dövründən qalma dörd haqq məzhəb anlayışı var . Çünki Əyyubi o vaxt sünni parçalanmışlığı bir araya gətirmək üçün dörd haqq məzhəb məsələsini gündəmə gətirdi ki, onları birləşdirsin. Darut-təqribin çalışmaları nəticəsində sünnilər beşinci məzhəbi, Cəfəriliyin beşinci haqq məzhəbi olduğunu Şeyx Şəltutun fitvası ilə elan etdilər. Şiələr də məzhəbin bir üsul olduğunu, ona görə imaməti qəbul etməyənin müsəlman olduğu düşüncəsini ortaya qoydular. Bu və buna dair kitablar, məqalələr çap olundu və xeyli işlər görüldü. Şübhəsiz kənar barmaqların təsiridir, zəifliyib bu vəziyyət. Əslində tarixdə müsəlmanları bir araya gətirmənin xeyli sayda cəhdləri var. Amma heç vaxt belə düşünülməyib ki, tamamilə bunları sıfırlayaq, yalnız bu cür olsun. Bunu onsuz da qəbul etmək mümkün deyil. Əgər bu gün süfırlasaq belə, bir gün sonra yenə fərqli fikirli bir adam çıxacaq, bir məsələyə fərqli yanaşacaq və bunu inkar edə bilmərik. Çünki insanlar fərqlidir, bəzi məsələlərə baxışlar müxtəlifdir. Sevinc xanım dedi ki, qan məsələsində, dəstəmaz məsələsində fərqli mühitin, fərqli yanaşmanın rolu var. Ən azından bunu əbu Hənifənin həmin hədisi başa düşməsi ilə Şafiinin həmin hədisi başa düşməsi arasındakı fərq kimi də başa düşmək olar. Sevinc xanımın dediyi sırf şəraitə görə fitva verilməsi nümunəsidir, mən isə əksinə, mövzudan, hədisdən və ayədən bir nəticə əldə etməyə üstünlük verirəm. Çünki sadəcə şərtə görə “mən belə düşündüm”dən daha çox, həmin hədisdən, ehkamdanbir nəticə çıxardaram. Demək fərqli fikirləşəndə, fərqli pəncərədən baxanda insanların fərqli bir nəticəyə gəlməsi də təbii bir şeydir. Ona görə də bunu inkar etməməklə yanaşı birgə yaşayışın təmini üçün çalışmalıyıq. Anar müəllim birgə yaşayışın metodlarını ortaya qoydu. Burada tarixə baxdıqda ən böyük hakim vəzifəsi dövlətə düşür. Dövlət burda hakim rolunda olmalıdır, bir tərəfin yanında durmamalıdır. Yəni futbolda hakim topu götürüb birinin qapısına qol vursa, onda hakimliyini, tərəfsizliyini itirmiş olur. Ona görə də ən böyük rol yenə dövlətə düşür və dövlət əgər hakim rolunda oynayarsa, o zaman o problemlər ortadan qalxar. Dəyanət işləri bakanlığı Hənəfi məzhəbini təmsil eləyir, digər məzhəblər, o cümlədən şiələr və ələvilər də tamamilə kənarda qalır. Və bu problem həll olmur. Yəni problem ciddi bir qanqrenaya çevrilib, həll edə bilmirlər.

Azərbaycan nümunəsi əslində çox maraqlıdır. Azərbaycan nümunəsi deyəndə, bu şişirtmə bir şey deyil. Məsələn, Qafqaz Müsəlmanları İdarəsi çar dövründə əslində bəlkə başqa məqsədlə yaradılıb, amma bu gün onun yerinə yetirdiyi funksiya çox gözəl bir nümunədir. Məsələn, şeyx şiədir, amma onun ən böyük müavini sünnidir. Istər qurumun öz strukturu baxımından, istərsə də şəxsi münasibətlər baxımından bir çox problemləri həll edə bilir.

Mehman İbrahimov: Bir məsələ var ki, onu ora kim təyin edib? Şeyx özü təyin eləməyib ki? Yuxarıdan təyin ediblər. Yəni bizdə bu cürdür. Amma Türkiyədə tamam başqadır.

Aslan Həbibov: Ona görə də Azərbaycan nümunəsi əslində gözəl nümunədir. Məsələn, son zamanlar Heydər məscidi nümunəsində cüt imamlı məscidlər var. Artıq öyrəşirlər. Məsələn, Şəhidlər məscidi Türkiyənin tikdiyi məsciddir.

Aslan Həbibov: Burda bir şeylə razılaşmaq olar. Biz əsrin əvvəllərinə aid dini tənqidləri oxuyuruq. Amma bu gün Azərbaycan cəmiyyətini din xadimləri nə dərəcədə idarə edir? Nə dərəcədə formalaşdırır? Məgər bu gün kimsə fəlsəfə fakultəsinə girmək istəyəndə din xadiminin sözünə qulaq asıb gedir? Günümüzdə din xadimlərinin ciddi mənada o qədər də rolu yoxdur.

Gündüz Nəsibov: Niyə, Suriyaya gedənlərə baxanda görürsən ki var.

Fuad Babayev: Bəli, ümumi götürəndə, azdır. Etiraf edək ki, o qədər də çox deyil.

Anar Qafarov: Qərar verən kəsim deyil.

Aslan Həbibov: Yəni çox az adam, beş faiz deyək. Ona görə də din xadimlərinin üstünə getməyək. Çünki çox vaxt belə olur: biri deyir ki, bizi din geri qoydu. O biri də deyir ki, bala, sən Marsa getmək istədin, bizmi əngəl olduq? Bu gün müzakirə etdiyimiz məsələ Azərbaycanın hansı inkişafına əngəl törədib? Kosmosa üç süni peyk göndərmişik, məgər onlar bizə qulas asıblar ki, bunlar sünni, ya da şiə peyki olsun?

Bəzən baxırıq ki, bəli, məzhəb məsələsi problem olur. Bəzən Sevinc xanım dediyi kimi, bir-birini təkfir etmələr var, birgə yaşayışlar da var, nümunələr də göstərdik. Amma bunların heç biri əngəl ola bilməz. Yəni bir insanın hansısa məzhəbdən olub bir fizik, tarixçi, kimyaçı, yaxud neft ixtisasçısı olması mümkündür. Və məncə bu onun üçün əngəl sayılmır.

Sevinc Aslanova: İnsanların bir-birini təkfir etməməsi üçün bilgi sahibi olmaları lazımdır. Biz indi bu günə çözümləri sadaladıq, bu gün üçün danışdıq, amma gələcəkdə eyni problemlər olmasın deyə onun çözümü orta məktəbdən başlamalıdır. Orta məktəb yaşındakı uşaqlar məzhəblər, ya ayrıntıları deyil, doğru olan, yəni dinin xülasəsini, Allahı, Peyğəmbəri, axirəti bilməlidir. Məsələn, dediyimiz kimi laboratoriyada o məzhəb, ya bu məzhəb yoxdur. Amma laboratoriyada işləyən dinini gözəl bilərsə, halala, harama, hər şeyə diqqət edər və bir başqasını başqa şeylə suçlamaz. Anar müəllim bilir, bizdə Bəxtiyar var, böyüyümüzdür, Cərrahpaşa Tibb universitetində ikinci kursdadır. Və o uşaq dörd yaşından “Qurani-Kərim”i oxuyur. Mən özüm ona  evdə “Quran” öyrətdim. Eyni zamanda bacısı da dörd yaşında “Quran” oxuyur. Digər iki uşaq isə “Quran”a gec başladı. Sizə bu ikisi ilə digər ikisinin fərqini deyim. Bu iki uşağın zehni açıldı. Bəxtiyar Dəyanət litseyini bitirdi, TQDK-dan 657 bal, İstanbul universitetindən 100 bal yığdı və ora dünya üzrə beşinci yerdən girdi. Və bunu mən “Qurani-Kərim”də görürəm. “Qurani-Kərim” zehnini açdı. Onun şəfa yönlü olmasını heç kim dana bilməz. Eyni zamanda uşağın dini təhsili var idi. TQDK imtahanına girmədən əvvəl günorta namazının vaxtı idi, qaçdı Nizami metrosu tərəfdə Göy məscidə, namazını qıldı, sonra getdi imtahana. Dini bilmiş olması, dindən xəbərinin olması bu uşağın geri qalmasına deyil, tam əksinə, onda anaya hörmət, böyüklərə hörmət, vətənə sevgi, həddindən artıq vətənpərvərlik keyfiyyətlərinə səbəb oldu.  Yəni biz uşaqlıqdan başlamalıyıq. Uşaqlara əgər vətən, millət, xalq sevgisini aşılamaq, Azərbaycanı sevdirmək istəyiriksə, bunun təməlində Allah sevgisi olmalıdır. Çünki Allah-Təala bizə vətənimizi, valideynimizi, böyüklərimizi və dövlətimizi sevdirir. “Üsyanda itaət yoxdur, marufda itaət var”. Bayaq dediyiniz kimi, kimsə deyir kafirdir, kimsə nəsə deyir. Amma bu uşaq təhsilli olsa, görəcək ki, ortada bir kafir yoxdur. Yəni gələcəyə yönəlik tədbirlərimizdə bu olmalıdır. Orta məktəblərdə dinin təməl bilgiləri uşaqlara öyrədilməlidir.

Fuad Babayev: Və o cümlədən, xristianlıq və sair də.

Sevinc Aslanova: Belə deyək. Məsələn, mən bir dinlər tarixçisi olaraq kilsəyə, sinaqoqa, bütün məbədlərə getmişəm, amma o məbədə girib tez də özümü məscidə atmışam. Bir havası var, aurası var… Eyni zamanda bir zərgərə zəri, qızılı öyrətsək, digərlərini onsuz da sonra tanıyar. Məsələn, islamı gözəl bilən bir şəxs qarşısına xristianlıq da, yəhudilik də çıxarsa, onları analiz edə biləcək. Biz bunu uşaqlara kiçik yaşdan verməmləiyik. Xristianlıq, yəhudilik sonrakı mərhələdə, bəlkə onuncu, on birinci sinifdə öyrədilər. Amma alt mərtəbədə, təməldə bizim milii doğrular olmalıdır. Çünki milli doğrularımızın yanında digərlərini verəndə uşaq hələ tam seçə bilmir, o, bir yalnışı bir doğru kimi görə bilər. “Mənim millətim heç doğru etmirmiş” – deyə bilər. Ona görə də milli şəxsiyyətin formalaşması üçün öncə özümüzə aid olanın yerləşdirilməsi, ardınca digərləri haqqında “bunlar da var” deyə məlumat verilməsi doğrudur.

Fuad Babayev: Buyurun.

Azər Həsrət: Bir az bəlkə fərqli düşünürəm və danışıram. Məndə inkarçılıq yoxdur. İstər islam olsun, istərsə başqa dinlərin daşıyıcıları olsun, hər kəsin inancına həmişə sayğı göstərmişəm. Bayaq xanım dedi ki, kilsədən özümü məscidə atıram, tutaq ki, aura məsələsi var. Əslinə qalanda o, sizin şəxsi auranızdır, qəlbinizdəki auradır. İslama özünüzü o qədər təslim etmisiniz ki, sizin üçün islamın məbədi daha müqəddəsdir, daha çəkicidir. Yəni siz özünüzü orda rahat hiss edirsiniz. Niyə? Çünki siz onu tam olaraq mənimsəmisiz. Amma sizdən fərqli olaraq mən dinlərlə məsafəli davranan birisiyəm. Düzdür sinaqoqda olmamışam, amma dünyanın hər tərəfində fərqli ölkələrdə kilsədə olmuşam, buddist məbədlərində olmuşam, onlar tamam başqa cürdür.

Sevinc Aslanova: Məsələn, Azərbaycanda Krişnaizm mərkəzi, ora getmisiz?

Azər Həsrət: Yox, ora getməmişəm. Ancaq xarici ölkələrdən danışıram, məsələn, Hindistan, Tailand kimi ölkələrdə onların məbədlərinə getmişəm. Yəni tam bir neytral adam kimi deyirəm, elə bil ki, heç müsəlman da deyiləm, yaxud heç bir dinə dəxlim yoxdur, hamısına kənardan baxıram. Elə bir adam kimi hamısında özümü rahat hiss edirəm.

Sevinc Aslanova: Bilirsiz niyə? İlk baxışdan hamısının təməlində bir dürüstlük var, problem sonra olur.

Azər Həsrət: İstər islam olsun, istərsə başqa din, mən müsəlmanam, amma məndə digər dinlərə də sayğılı yanaşma var. Tutalım xristiandır, yəhudidir deyə adamı sinəsindən itələmərəm. Mənim üçün yəhudi  milli qəhrəman Albert Aqarunov yüzlərlə özünə müsəlman deyən lap elə azərbaycanlıdan, türkdən daha əfzəldir. Niyə?

Sevinc Aslanova: Əsgərdən qaçandan…

Azər Həsrət: Əlbəttə, onu da yazmışam. Əsgərlikdən qaçanlar haqda da yazmışam. Niyə? Çünki bu adam özünü…

Sevinc Aslanova: Vətəndaş kimi hiss edib vətəndaşlıq borcunu yerinə yetirib.

Azər Həsrət: Azərbaycançılıq ideologiyası budur, müəllim də dedi bayaq, əslində Albert döyüşə gedəndə özü ilə ideologiya aparmayıb. O, sadəcə olaraq özünü daxilən azərbaycanlı hiss edib, bu torpağı, vətəni özünün vətəni hiss edib və onun uğruna gedib canını fəda edib. Yəni sözümün canı nədir? Halallıq, dürüstlük, doğruluq elə kateqoriyalardır ki, bunun üçün mütləq islamın daşıyıcısı olmaq lazım deyil. Sadəcə olaraq normal insan olmaq lazımdır. Istər xristian ol, buddist ol, istərsə dinsiz biri, fərq etməz, insanın qəlbində dürüstlük, ədalət hissi varsa, bu olacaq. Və əslində o həcc məsələsinə yenə qayıdıram. Biri var, deyir iyirmi səkkiz dəfə həccə getmişəm. Ay Allahın bəndəsi, sən iyirmi səkkiz dəfə o pulu xərcləməkdənsə, bir dəfə getmisən, Allah qəbul eləsin, artıq Hacısan da, qalan iyirmi yeddisini də beş nəfər müsəlmana, qonşuya xərclə, uşağını oxut qoy təhsil alsın, elmli olsun, göndər qoy İlon Maskın yanına gedib nəsə öyrənə bilsin.

Bu millətə, dinə daha böyük xidmət deyilmi? Yaxud da cəmiyyətimizdə islamla bağlı problemlər niyə yaranır? Biz müsəlman ölkəsiyik. Məclislərə gedirik. Islam əsasən harda yada düşür? Yas məclislərində.

Toylarda demək olar ki, bu barədə danışılmır. Orda daha çox araq içilir. Yeri gəlmişkən, içki içən də deyiləm. Tutalım, özünə müsəlmanam deyir, hətta harda oldu mənim kimi adamlara savaş da açır, amma araq içir, pivə içir, mənsə tutalım ki, əlli yaşı keçmişəm, arağın dadını bilmirəm. Yəni mən daha çox müsəlmanam, yoxsa o? Elələri həccə də gedir. Yəni o, yoxsa mən daha çox müsəlmanam? Sözümün canı nədir? Biz islamı harda görürük? Yas məclislərində. Məscidlərə gedənlər xütbələri orda dinləyirlər, bizim kimi qalan insanlar, əgər məscidə getmiriksə, namaz qılmırıqsa və sairə, gedirik yas məclislərinə və orda da kimi görürük? Savadsız cahil bir mollanı. Bizim islamı təsəvvürümüz o adama görə formalaşır. Indi mənim ağlım başımdadır və bilirəm ki, o, cəfəngiyyat danışır, qulaqardına vururam, dinləmirəm, amma insan var, təhsili, dünyagörüşü yetərli deyil, düşür onun tələsinə. Belə bir halla elə bu yay bir dəfə rastlaşmışdım. Ramazan ayında orucluqda hava sərin keçdi. Bizim Dədəli kəndində cahilin biri mənə qayıdıb deyir ki, Allahın kəramətini görürsən, Ramazan ayında bizə sərin hava yetirdi ki, bu ayı rahat keçirə bilək, çox əziyyət çəkməyək. Mən də sakitcə üzünə baxdım. Adamın ali təhsili, dünyagörüşü yox, ömründə Azərbaycandan qırağa çıxmayıb, yəni elə yaşadığı yer də kənddir, uzağı Bakıya gedib, ordan uzağa getməyib, bir də əsgərlikdə hardasa başqa bir rayonda olub. Dediyim nədir? Adama qayıdıb dedim ki, sənin o Allahın, bu ifadəni işlətməkdən qorxmuram, onda niyə Səudiyyə Ərəbistanında əlli dərəcə isti verdi. Onlar məgər müsəlman deyil?

Aslan Həbibov: Yağış yağdı da.

Azər Həsrət: Yağsın da. Amma necə olur ki, Ramazan ayında Küveytdə, Səudiyyədə, Qətərdə, Əlcəzairdə əlli dərəcə isti olur? Niyə? Allah bizə lütf elədi sərin oldu?

Sevinc Aslanova: Yəqin onlar daha yalnış yoldadılar.

Azər Həsrət: Yanlış deyil, sadəcə olaraq adamın bu cür təlqin etməyə, təbliğ etməyə çalışması əslində ağlı başında olanları islama qarşı çevirir.

Sevinc Aslanova: Onun islam anlayışı odur, çunki biliyi azdır.

Azər Həsrət: Dövlətin strategiyası necə olmalıdır? Dövlət əslində dinin məhz elmi cəhətdən izah olunması və tənqid edilməsi məsələsində gecikib. Bizdə İslam universiteti var idi. Yəni adından da bəllidir – islam. Insanımız, gənclərimiz orda gedib müsəlman təhsili alaraq yetişirdi. Indi bu ildən başladı İlahiyyat institutu, düzdürmü? Bu, yanaşma doğrudur. Niyə? Institutun təqdimatında rektor media təmsilçilərini dəvət eləmişdi, sağ olsun, geniş bilgi verdi. Mən orda da dedim ki, bax, bu yanaşmanın özü artıq nəyinsə dəyişməsindən xəbər verir. Yəni dövlət din müstəvisini elmi cəhətdən təmin etməyə başlayır. Necə? Siz müsəlmansınız, islama tapınırsınız, bu sizin seçiminizdir, hər şey, ailələr, uşaqlar və sairə qaydasındadır. Amma dövlət oranı boş buraxmamalıdır. Ona görə ki, bayaq mənim dediyim cahillər, mollalar gəlib tutacaqlar. Demək istəyirəm ki, islamla bağlı bütün məsələlərdə dövlət o şəraiti yaratmalıdır, o kadrları hazırlamalıdır. Sizin uşağınızın məktəbdə dini öyrənməsini istəməniz normal bir şeydir. Istəyirsiz ki, uşağınız dini də öyrənsin, amma o formada yox ki, ona mütləq islamın əsasları öyrədilsin və bir müsəlman kimi yetişdirilsin. Ona sadəcə olaraq dünyadakı mövcud dinlər, ən azından kitab dinləri: xristianlıq, yəhudilik və sair başa salınmalıdır.

Sevinc Aslanova: Ayın iyirmisində olan konfransda bir sosioloq dövlətlərdəki dini təhsili çox gözəl qruplaşdırdı və anlatdı. Bir var dini təhsil, bir də var din təhsili. Dini təhsil başqa şeydir. Almaniyanı, İngiltərəni misal gətirdi. Valideyn öz istəyi ilə övladına din təhsili verdirə bilir. Və o nəyi istəyirsə, onu da verirlər. Əgər mən müsəlmanamsa, mənim təbii haqqımdır, övladımın müsəlman olaraq öyrənməsini istəyirəm.

Azər Həsrət: Burda insan haqları ilə ziddiyyət var. Insan müsəlman ailədə doğulubsa, onun mütləq müsəlman kimi yetişməsi deyə bir kateqoriya yoxdur.

Sevinc Aslanova: Bəs əgər bir alman uşağını protestant olaraq yetişdirə bilirsə?

Azər Həsrət: Onlar da edir. Amma yalnış bir şeydir. Niyə? Mən on səkkiz yaşıma çatanda, təbii ki, öz seçim haqqım var, artıq valideyn himayəsindən azadam, başqa dinə gedə bilərəm, qarşımı kəsə bilərsiz? Ona görə də deyirəm ki, dinlərin əsasları elm olaraq öyrədilsin, seçim haqqı uşaqda qalsın. Təbii ki, sizin də, mənim də ailəmdəki uşaq müsəlman kimi böyüyəcək, çünki gördüyünü götürəcək. Amma sabah din təhsilini elə yöndə təqdim etməməliyik ki, uşaq elə baxsın ki, yol elə budur.

Sevinc Aslanova: Onda gəlin müqayisə edək, humanist, obyektiv düşünək. Obyektiv düşünənlər bağçalarda cadular bayramı keçirtdi.

Digər tərəfdən bizim uşaqlıqdan sevdiyimiz şaxta babamız var. Bu da bizim obyektivliyimizdir. Buna da bir şey demirəm. Amma bizim bir Dədə Qorqudumuz yoxdur. Bizim keçəlimiz var, o da dilənir.

Sevinc Aslanova: Uşaq keçəli sevmir, keçəl alır, amma şaxta baba verir, uşaq da onu sevir. Biz burda kimi, ya nəyi sevdiririk? Uşağımızı necə yetişdiririk? Obyektivlikdirsə, o zaman hamısını obyektiv şəkildə verək. Amma eyni zamanda görürük ki, obyektiv görsənən çox zaman yanlışdır. Yanlışı görə-görə ona bunu vermək istəmirəm. Eyni zamanda, tolerantam, dözümlüyəm, onun etdiyinə qarışmıram, amma xristianın, ya da yəhudinin etdiyini uşağıma balaca vaxtından aşılamaq da istəmirəm. Dözümlüyəm, dövlətlərarası əlaqələrimiz gözəldir, dostuq, o başqa, amma dini inanc olaraq bunu uşaq vaxtından öyrətmək istəmirəm.

Azər Həsrət: Dediyinizdə ziddiyyət orda ortaya çıxır ki, biz multikultiralizmi, tolerantlığı  seçmişik, dövlətin siyasəti, ana xəttidir. Ona görə də uşağımıza orta məktəbdə din təhsili keçəndə islam üzərində dayanmamalıyıq.

Sevinc Aslanova: Amma bir yəhudi öz uşağına yəhudiliyi öz məktəbində öyrədir.

Azər Həsrət: Qoy öyrətsin. O bizə ziyan eləməyəcək. Sizə bir şey deyim. Bizim dözümlülüyümüz var. Azərbaycandan bir qədər uzaq olsa da tarixdə bilirsiz Xəzərlər dövləti olub. Çox zaman deyirlər ki, orda yəhudi dinini qəbul etmişdilər. Əslində dövlət deyil sadəcə xaqan qəbul etmişdi və tolerantlıq orda bəlkə də ən yüksək zirvədə idi. Nədə? Xaqan dini qəbul etmişdi, xalqına da demişdi ki, kim istərsə qəbul etsin, məcbur deyil. Xaqan özü öz seçimini etmişdi. Sözümün canı nədir? Tutaq ki, mən başqa bir millətdənəm, Allah eləməsin, rusam, ingilisəm. Mənim uşağımla sizin uşağınız bir orta məktəbdə oxuyur. Mənim uşağım xristiandır, sizin uşaq müsəlman.

Sevinc Aslanova: Amma sektorlar var, bölmələr var.

Azər Həsrət: Orda da on uşaq var sinifdə, bunu neyləsinlər?

Sevinc Aslanova: O sektorlar ona istədiyini verir. Digər tərəfdən də Azərbaycan bölməsi var. O istəsə bunu seçər, ya o birini.

Anar Qafarov: Biz ilahi dərgahda deyilik ki, məsələlərə çox belə hümanist yanaşaq. Dünya konkret şeytanlaşıb, yəni çətinləşib. Və bunu Azərbaycanda digər konfranslarda, seminarlarda dedik. İsveçrədən bir alim gəlmişdi. Dedi ki, bizdə din təlimi, yəni tədrisi konkret olaraq katoliklik üzərində qurulub və bunun üzərində inkişaf edib. Amma digər dinləri də öyrədirik və sairə. İstəsək, istəməsək də din hər bir millətin milli kimliyini formalaşdırır. Onu doğru bilməliyik ki, sonra digər doğruları öyrənə bilək, ya da müqayisə apara bilək.

Aslan Həbibov: Mən Azər müəllimin dediyi həcc məsələsinə bir şeyi əlavə eləmək istəyirəm. O iyirmi səkkiz dəfə gedən vətəndaş yəqin ki, rəhbər olaraq gedir. Amma görəsən siz ildə dörd dəfə Havay adalarına gedənlərə də eyni sözü deyirsiz?

Azər Həsrət: Havay adalarına gedənlə Məkkəyə gedən arasında fərq nədir? Məkkəyə gedən deyir ki, mən qəlbi təmiz, Allah adamıyam. Havay adasına gedən bunu demir, durur gedir. Bu onun haqqıdır. Mən ona irad tuta bilmərəm.

Aslan Həbibov: Niyə ki, pul xərcləyir? Yəni bu kimi şeylərdə baxıram ki, bəzən haqsızlıq olur. Bu sözü Türkiyədə də eşidirik. Həccə, ya filan yerə getməyək. Bəli, çox getməmək söhbətilə razıyam, amma işin maraqlı tərəfi odur ki, əgər məsələ pulun xərclənməsindən, israfdan gedirsə, başqa israflar da var, onlar dilə gətirilmir. Həccə hər il rəhbərlər də, həkimlər də gedir.

Fuad Babayev: Bildiyim qədər, Şeyxülislam da hər il gedir. O, işiylə bağlı gedir.

Azər Həsrət: Nümayəndə heyətilə birlikdə.

Aslan Həbibov: Bir şey deyim. Məsələn, keçənlərdə bir uşaq Kərbəlaya getmişdi, gəldi. Dedi ki, mən də əvvəl fikirləşirdim ki, bu adamlar niyə iki dəfə, üç dəfə gedir. Inan, təzə gəlmişəm, yenə getmək istəyirəm. Dünənə qədər mən də eyni cür fikirləşirdim. Ürəyim orda qaldı, bir atmosfer vardı orda yaşadım, yenə yaşamaq istəyirəm. Yəni bu şəkildə niyə olmasın ki. Müasir dövrdə hər şeyi rasional izah etməyə çalışdıq və “Quran”ın ilahi bəla olaraq dediyi fəlakətləri biz başladıq təbii fəlakət olaraq rasional olaraq izah etməyə. Deyirik ki, bu tektonik hadisədir. Amma o tektonik hadisəni islam inancında hərəkətə gətirən Allahdır. Ona görə də bir insanın Ramazanda bu il hava yaxşı keçdi, bu, Allahın bizə lütfüdür deməsi heç də onun geriliyini göstərməz. Bu onun Allaha olan təşəkkür hissidir və bağlılığıdır.

Azər Həsrət: O zaman mənə izah etməliydi ki, onda niyə Əlcəzairdə əlli dərəcə isti var idi.

Aslan Həbibov: O adam yağışın izahını verə bilməsə, o şəkildə geri düşüncə ortaya qoysa, bəli.

Azər Həsrət: Yox, o adam təşəkkür edirsə ki, Allah, sən mənə sərinlik göndərdin Ramazanda, mən bunu qəbul edirəm. O cahil isə mənim kimi dünyanı gəzmiş, görmüş adama sübut etmək istəyir ki, Allah məqsədli şəkildə bunu sərin keçirir. Mən də ona sual verdim ki, onda niyə Səudiyyədə o günlərdə əlli dərəcə isti var idi, səsini kəsdi.

Aslan Həbibov: Onda həmişə bizdə yayda 40-45 dərəcədə olardı, müəllim avqust ayının çox sərin keçməsini izah etməlidir.

Sevinc Aslanova: Allah-Təalanın rəhman, bir də rəhim sifəti var. Rəhman sifətini bilirik ki, Allah-Təala hər kəsə dünyada ədalətlidir. Günəşi də, havası da, suyu da ədalətlidir. Heç kim kafirdir deyə susuz, ya havasız qalmır. Kimsə də çox mömindir deyə həddindən artıq yağış, ya su vermir ona. Müəyyən rəhmət ayları var. Ramazan ayı bərəkəti ilə bilinir. Bu bir mövhumatçılıqdırsa, mən də mövhumatçıyam. Amma o ayda həqiqətən bir rahatçılıq, hüzur var. Bəlkə Səudiyyə Ərəbistanında olmadı, bura oldu. Amma hər sərin hava rəhməti, hər zəlzələ qəzəbidirmi, onu deyə bilmərəm. Amma rəhmətini aramaq gözəl bir şeydir. O insan onun rəhmətini arayır, nə gözəl də onu hiss edir.

Fuad Babayev: Çox minnətdarıq.

Aslan Həbibov: Biz həmişə tolerantlıqdan danışırıq. Amma kaş dində bayağı zarafatlara da bir məhdudiyyət olsun.

Azər Həsrət: Mən dinlə alay edilməsinin əleyhinəyəm.

Aslan Həbibov: Türkiyədə qanun var, xalqı dil, din, irq və məzhəb fərqiylə bəzi hərəkətlərə təhrik etmək cəzalanır. Bizdə də elə maddə var, Əgər adam mənim, xalqın əksəriyyətinin dini inancıyla lağ eləyirsə, cəzalanmalıdır.

Din doğrudanmı elmin qabağını kəsir? Tarixdə belə olmayıb. Bu gün Türkiyənin son dövr inkişafına baxaq.  Doxsan beş illik tarixinin ən zirvə dövrüdür. Yəni neçə illərdə olmayan inkişaf bu dövrlərdə olub: daxili istehsalın artması, öz silahını buraxması və sair. Ona görə din elmə qarşıdır fikri boş şeylərdir.

Azər Həsrət: Mən bunu belə ifadə ederdim ki, elmin qarşısını kəsən din deyil, din adına meydanda olan cahillərdir.

Fuad Babayev: Mövhumatçılardır.

Aslan Həbibov: Elmin qarşısını kəsən işləməyənlər, oxumayanlardır. Din həyat tərzidir. Dini elmlə qarşı-qarşıya qoymaq olmaz.

Anar Qafarov: Mövhumatçılıq sadəcə dinlə əlaqədar deyil. Ateistin də mövhumatçısı var.

Azər Həsrət: İlahiyyat institutu qurulub. Orda artıq, islam daxil olmaqla digər dinləri də yaxşı öyrənmiş, mənimsəmiş və cəmiyyət içinə çıxanda, dinlə bağlı danışanda və ya nəyi isə izah eləməyə çalışanda cahilcəsinə deyil, elmi əsaslarla izah edə bilən kadrlar yetişdirilməlidir ki, o kadrlar cəmiyyətdə dinlə bağlı sağlam bir mühitin formalaşmasına xidmət etsin. Yəni bu vətəndaşımız uşaqlıqdan dindar kimi böyüyüb, Allahına bağlıdır, dininə bağlıdır, vacib şərtləri yerinə yetirir, oruc tutur, həccə gedir və sairə. Bütün bunlarla bərabər o, cəmiyyətə elektrikin göydən gəlmə bir şey olduğunu təlqin eləmir. Fizikanın qanunlarını bilir, işığın hardan gəldiyini izah edir, deyir ki, orda suyun üzərində dəyirman kimi bir şey tikilib, su elektrik stansiyası, bax o, orda fırlanır, impulslar yaranır və naqil vasitəsilə ötürülərək bura gəlir və işığa çevrilir. Bax bunu izah edən dindarımıza ehtiyac var. Elmi və dini mənimsəmiş normal, ağlı başında olan din adamlarının önə çıxması lazımdır ki, sabah gedib məclislərdə cahil mollaların boş-boş moizələrinə qulaq asmayım. Biz də az-çox dünya görmüşük, yəni, kitab oxumuşuq, gəzmişik, görmüşük, mənim kimi adam qarşısında oturur, elə cəfəng şeylər danışır ki.

Azər Həsrət: Əlbəttə. Sual da verirsən ki, normal bir şey danışsın, baxırsan ki, yalnız xurafat danışır, həm də cahilcəsinə. Hələ üstümüzə də gəlir ki, mənə qulaq asmalısız.

Aslan Həbibov: İşin yaxşı tərəfinə də baxmaq lazımdır. Onların da mütləq müsbət tərəfləri var. Bir məclisdə idim. Din xadimini tanıyırdım. Mən özüm İslam universitetinin müəllimiyəm.

Azər Həsrət: İslam universiteti qapanmayıb?

Aslan Həbibov: Qapanmayıb, hələ işləyir. Akademiyanın Şərqşünaslıq institutunun əməkdaşıyam, eyni zamanda İslam universitetinin də. Və o cameəni də tanıyıram. O adam başladı ki, yaxın gəlin, sizə bəzi töhfələrim olacaq. Fikirləşdim ki, sənin bizə nə xeyrin olacaq. Nə isə yaxınlaşdım, danışdı, bilmirəm Sədi Şirazidən, yoxsa Nizamidən gözəl bir dördlük dedi.

Gündüz Nəsibov: Ömər Xəyyamdan olar.

Aslan Həbibov:  Bəlkə də Nizami Gəncəvinindir. Dedi ki,

“Yəmən sultanının baxdım qəbrinə,

Bir kəfən çıxarıb o verdi mənə.

Dedi ki, gülmə sən səxavətimə,

Dünyadan köçərkən bu qalıb mənə.

Azər Həsrət: Çox ibrətamizdir.

Aslan Həbibov:  Fikirləşdim ki, bunun da  mənə verə biləcəyi bir şey var. Bu gün din xadimləri dediyimiz insanların bir hissəsi dünənin sürücüləri, yaxud işsizləridir, “Quran” oxumağı öyrənib cıxıb məclisdə danışır. Tələb də çoxdur, ehtiyac da var. Ona görə də bunlar özlərinə auditoriya tapa bilirlər. Amma bu gün istər Bakı İslam universitetində, istər İlahiyyat İnstitutunda yetişən gənclərimiz o zehniyyətdə deyillər. Onlar orta məktəbdə oxuyub müəyyən səviyyəyə gəliblər və İslam universitetində, İlahiyyat institutunda da bizim mövhumat, xurafat dediyimiz şeylərdən uzaqdırlar.

Azər Həsrət: İslam ölkələrinin geriliyinin səbəblərini deyim. Bir dəfə bunu verilişdə söyləmişdim. Əslinə qalanda geriliyimizin səbəbi ürəyimizin təmizliyindədir. Niyə? Biz icad elədiyimiz şeyin elə indinin özündə də patentini almırıq, gedib rəsmiləşdirmirik. On il keçir onu bir ingilis icad eləyir, yaxud bizdən pul verib alıb onu öz adına rəsmiləşdirir. Dünyada, əsasən Qərbdə belə inanc var, dini mənada yox, insanların gəldiyi bir qənaət var: avropalı doxsan doqquz dəfə yalan danışıb bir dəfə doğru danışdığına görə doğru danışan hesab olunur, bizim cəmiyyət isə doxsan doqquz dəfə doğru deyib bir dəfə təsadüfən yalan dediyinə görə yalançıdır. Problem bundadır. Biz bizim olana sahiblənmirik.

Anar Qafarov: Dəyərimizə sahib çıxmırıq.

Azər Həsrət: Bəli, dəyərimizə sahib çıxmırıq. Beynəlxalq tədbirlər olub getmişik. Dünyanın əlli, altmış, yetmiş ölkəsindən nümayəndələr gəlib, baxmışam ki, bir ərəb var, yaxınlaşmışam ki, biz müsəlman qardaşıq, müəyyən məsələlərdə birgə hərəkət edirik. Görmüşəm onun mənafeyi var, ona, ərəbə dəstək vermişəm. Yəni içimdə təəssübkeşlik var. Türk dövlətləri haqqında ümümuyyətlə heç nə demirəm, yəni özümü bir türkiyəli, bir özbək, bir qazax kimi hiss edirəm. Bu məsələlərdə hədsiz dərəcədə təəssübkeşəm. Yeri gələndə xristian türklər var, tutalım ki, qaqauzlar, çuvaşlar və sair, yaxud şamanlar və başqaları, hamısını doğma bilərək təəssübkeşliyini çəkən birisiyəm. Həmişə, hər yerdə gənclərlə söhbətlərimdə, çıxışlarımda, yazılarımda da təlqin etməyə çalışıram ki, biz öz aramızda istənilən formada mübahisə və müzakirə aça bilərik, aramızda narazılıq, anlaşılmazlıq ola bilər, bütün bunları bir-birimizi diqqətlə dinləyərək həzm etməliyik, anlayışla qarşılamalıyıq, yanlışımız varsa, üzümüzə deməliyik, amma bu coğrafiyadan kənara addım atdığımız, dövlətimizin sərhəddini aşdığımız zaman artıq o umu-küsü, anlaşılmazlıq, fikir müxtəlifliyini bir kənara qoymalı, ümumi bir məqsədimimiz, məramımız olmalıdır. Srağagün Abel Məhərrəmovun əhvalatıyla bağlı bir məqalə yazdım, düzdür ona görə də çox tənqid olunuram. Əslində orda da məsələ qoymuşam ki, mən Azərbaycandan kənara çıxanda sıravi bir vətəndaşam, adi bir insanam. Akademik deyiləm, universitet rektoru, deputat, ya səfir deyiləm, amma mən özümü xaricdə olanda səfir qədər məsuliyyətli aparıram, akademik qədər abırlı aparıram. Çünki bilirəm ki, Fransada küçədə gəzirəmsə, mən papağımı həmişə başıma qoyuram, bir az da obraz olaraq diqqəti cəlb eləyir, təbii ki, fikirləşirəm ki, on nəfərdən biri biləcək ki, bu azərbaycanlı obrazıdır. Onlar təbii ki Azər Həsrəti tanımayacaq. Amma mən necə davransam mənim xalqım haqda o cür düşünəcəklər. Biz bu cür məsələlərə yanaşmanı bu müstəvidə ələ almalıyıq. Yəni dövlətimizin, xalqımızın mənafeyi hər şeydən ucadır, din bizim üçün bölücü deyil, birləşdirici olmalıdır. Məzhəblər də bizim üçün bölücü olmamalıdır. Əgər insanlar zorla öz məzhəbindən ayrılmaq istəmirsə, “la ikrahə fid-din” deyirsiz, yəni kitabda yazılıb “dində məcburiyyət yoxdur”, məcbur edə bilmərik ki, sən niyə bu məzhəbdəsən, mən bu məzhəbdə. Və bütün bunları o araya gətirməliyik, necə ki, sizin dediyiniz kimi kənddə camaat iç-içədir, qaynaşır, necə ki, Heydər məscidində qaynaşma var, bu qaynaşmanı təbliğ edib dünyaya çıxartmalıyıq. Mən tutalım ki, sünni olsam nə yazar, şiə olsam nə yazar? Mən beş dəfə namaz qılsam nə olacaq, üç dəfə qılsam nə olacaq? Allahın buyurduğudur, qəlbim təmizdirsə, pis əməllərdən uzağamsa, insanlara faydalıyamsa, mənə elə gəlir ki, özünə müsəlmanam deyib iyirmi səkkiz dəfə Həccə gedən adamdan qat-qat artıq müsəlmanam, Allah adamıyam. Həcc məsələsini boş yerə demirəm. Deyirəm ki, ay hacı, qonşunda beş ailə acından ölür, sənin qohumlarında neçə ailə uşağını oxuda bilmir. Sözümün “mustafası” budur. Yəni sən hər il beş min dollar xərcləyib həccə gedirsən, o beş mini ver filankəsin uşağına ki, o uşaq oxuyub alim olsun, adam olsun, lap din də öyrənsin. Bəlkə sabah o uşaq bu ölkə üçün, millət üçün elə bir şey ixtira edəcək ki, sənin o iyirmi səkkiz dəfə həccə getməyindən qat-qat artıq dəyərli olacaq. Niyə İlon Maska səcdə eləməliyik ki, bu, böyük alimdir? Yaxud da ki, Stiv Cobs, filankəs? Biz onun qayğısına qalmalıyıq.

Bəzən mən fikirlərimi yazanda adamlar üstümə düşür ki, din əleyhinəsən, filansan. Deyirəm ki, din əleyhinə deyiləm. Cəlil Məmmədquluzadədə Məmmədhəsən əmi obrazı var idi. Soruşurlar ki, niyə Kərbəlaya getmək istəyirsən? Deyirdi ki, rəvadırmı ki, filankəsə Kərbəlayi Filankəs desinlər, mənə deməsinlər. Molla Nəsrəddin jurnalında karikatura var. Dörd tifil uşaqdır, arvadı da kişinin arxasınca qışqırır ki, ay kişi, bunları ac qoyub hara gedirsən? O da cavab verir ki, rəvadırmı filankəsə Kərbəlayi Filankəs desinlər, mənə deməsinlər? Uşaq qapında acından ölür, nə işin var Kərbalada, Məşhəddə, Həccdə? Əvvəlcə uşağını yetişdir, o uşaq sənə Allahın əmanətidir. Uşağı normal yetişdirməsən, dinin boş şeydir, hacı titulun boş şeydir.

Aslan Həbibov:  Azər müəllim, bu məsələdə sizinlə həmfikirik. Islamda da təməl ehtiyaclar qarşılanmadan həccə getmək düzgün deyil. Məsələn, köhnə dövrlərdə evdə altı aylıq ehtiyat azuqəsi olmayan adamın həccə getməsini doğru qəbul etməzdilər. Niyə? Çünki, birinci ailədir. Sizin dediyiniz kimi biri “rəvamıdır” deyirsə, bunun onsuz da dini əsası yoxdur. Çünki niyyət islamda  əməllərə görədir. Namaz həddi-buluğa çatmamış birisinə vacib deyil. Həcc də həccə getmək imkanı əldə etməmiş bir insana vacib deyil. Kredit götürüb, ya borc alıb həccə getməyi əslində islam qəbul etmir. Həcc müəyyən bir imkana çatmış insanlar üçün vacibdir. Əgər adam xəstədir, oruc tuta bilmirsə, onun oruc tutmasını heç kəs tələb edə bilməz. Adam xəstəliyinə baxmayaraq iki şərtlə oruc tutmaq istəyər, ya həqiqətən Allahdan o qədər qorxur ki, oruc tutmaq istəyir, ya da riya məqsədilə, camaat görsün ki, oruc tutur.

Azər Həsrət: Riya bu saat dəbdədir.

Aslan Həbibov:  Bəli, həcc məsələsində eyni fikirdəyik. Riya məqsədilə gedilən həccin onsuz da xeyri yoxdur. Allah evini imkanı olan insanın ömründə heç olmasa bir dəfə ziyarət etməsi vacib və faydalıdır. Amma bunun xaricində ona vacib deyil. Əgər bir insan sırf mənə “iyirmi səkkiz qatlı hacı” desinlər düşünürsə, bu, tənqidə layiqdir. Biz özünütənqidi onsuz da edirik. Bu, bizim öz daxilimizdə, cameədə və ya ətrafda tələbələrlə olan söhbətlərdə, danışıqlarımızda daim olan şeylərdir. Amma bəzən danışdığımız şeylər səhv başa düşülür, bəhanə axtaran qarşı tərəfin əlinə onsuz da bəhanə verir.

Həmçinin söhbət əgər israfdan gedirsə, o zaman bu sözü ildə ən azı iki dəfə tətillərdə turist olaraq xaricə gedən adamlara da deyirsənmi? Ona da de ki, qardaş getməyin, o pulu xərcləməyin. Ya Səudiyyə, ya da Səudiyyəninin arxasındakı Amerika, fərqi nədir, eyni yerdən bəslənirlər də bunlar, ya da başqa biriləri. O məntiqlə fikirləşdiyimiz zaman turist olaraq getmək də düzgün deyil. Onun üçün də, əlbəttə israfçılıq olmamalıdır. Xalqımız üçün, vətənimiz üçün, balalarımız və onların gələcəyi üçün birinci növbədə bunu düşünməliyik.

Bir şeyi qeyd etdiniz, xaricdə olan azərbaycançılıq. Insan kənddə salam vermədiyi adamı rayonda görəndə belə insana doğma gəlir, salam verirsən. Rayon insanı şəhərə – Bakıya  gələndə, öz rayonundan olan adamı görəndə istər-istəməz torpaq çəkir, qan çəkir. Mən qürbətdə təhsil almışam. Doxsan ikinci ildən ikimin səkkizinci ilə qədər xaricdə – Türkiyədə oxumuşam. Orda bir maşında Azərbacan bayrağı görəndə, ya mahnı eşidəndə necə sevinirdim. Hətta o səviyyəyə gəlmişdim ki, bir dəfə Azərbaycana qayıtmışam, bir maşının arxasında Azərbaycan bayrağı gördüm, bir an özümü Türkiyədə hiss elədim. Dedim – aha, maşında Azərbaycan bayrağı. Sonra nömrəsinə baxdım, gördüm Bakı nömrəsidir, onda sanki birdən oyandım ki, axı Azərbaycandayam. Ona görə istər-istəməz insan qürbətdə olanda çox məsuliyyət hiss edir. Atdığınız hər bir addım azərbaycanlı adına ya lehinədir, ya əleyhinə. Onsuz da qürbətə gedəndə bunu hiss edirik.

Nəticədə məzhəb məsələsi birliyimizə xidmət etməlidir. Nə qədər bir-birimizə yaxınlaşsaq, bir-birimizi tanısaq faydalıdır. Məsələn bayaq xanım möhürü misal çəkdi. Qarşı tərəfə təqdim olunur ki, şiələr möhürə sitayiş edir. Elvüsal müəllim mənə deyir ki, niyə möhürlü namaz qılırsan? Dedim ki, mən sadəcə fikrimi bildirmək üçün möhürün üstünə namaz qılıram, mənim üçün o bir torpaq parçasıdır. Qılandan sonra qoyaram ora gedər. Nə ona sitayiş edirəm, nə də başqa şeyə. Sən necə səccadənin, xalçanın üzərində namaz qılırsan, mən də torpaq üstündə namaz qılıram. Ona görə də burda fikirləşmirəm ki, möhürə sitayiş eləyim. Bunu insanlara başa salandan, onlar da anlayandan sonra heç bir problem olmayacaq.

Azər Həsrət: Sizə bir misal çəkim. Yenə deyirəm, dinlə təmaslarımız daha çox yas mərasimlərində olur. Bəzən kimsə rəhmətə gedir, Bakıda, ya Bakıdan kənara yas mərasiminə gedirik. Baxıram ki, orda şiə mollasıdır, şiə qaydasında oxuyur, mərasimi idarə edir, ona uyğun da əlimi qaldırıb duamı oxuyuram. Mənim üçün fərqi yoxdur. Gedirəm bir sünni yas məclisinə, orda da elə sünni qaydasında edirəm və düşünmürəm ki, bu mənim nəyimisə əskiltdi, aşağıladı, böldü, parçaladı. Düşünürəm ki, şiəsi də, sünnisi də qardaşımdır, millətimdir.

Aslan Həbibov: Əgər bir sünni şiələrin daha çox getdiyi bir məscidə gedib girir, görür ki, camaat orda namaz qılır, qəbul edirsənsə, sən də onlarla bir yerdə namaz qıl, yox əgər, istəmirsənsə, get kənarda təkbaşına qıl. Orda bir camaat varkən sən də burda bir camaat təşkil eləsən – fitnəçisən. Və ya əksinə. Bir şiə gedir sünni məscidinə, görür ki, imam namaz qılır, sən də qoşul, istəmirsənsə, get kənarda fərdi qıl. Amma onlar orda namaz qılır, sən də burda camaat təşkil edirsənsə, fitnəçisən. Bu, çünki problem yaradır. Amma tək olaraq namaz qılanda problem çıxmır. Ya da bir az gözlə, imam qurtarsın, sonra namaz qıl. Bu şəkildə fitnələrə yer verməmək lazımdır. Şükür Allaha Azərbaycanda demək olar ki, bu məsələ artıq keçilib. Yəni heç kəs deyə bilməz ki, mən bir sünni olaraq, ya da hətta bir sələfi, ya vəhhavi olaraq Təzə Pirə getdim, mənə dedilər ki, “çıx rədd ol burdan”. Belə şey ola bilməz, heç mümkün də deyil. Tam əksinə Heydər məscidi, digər məscidlərdə adamlar birgə namaz qılır və heç bir problem də yaşamırlar.

 

Hazırladılar: Təmkin Məmmədli, Mehman İbrahimov

1905.az