MƏMMƏDOV Kazım Ərşad oğlu

CƏBRAYILOV Mikayıl Əhmədiyyə oğlu
ƏSƏDOV Rəfael Əvəz oğlu
HACIYEV Fikrət Əli oğlu

MƏMMƏDOV Kazım Ərşad oğlu (1.10.1969, Cəbrayıl r-nunun Böyük Mərcanlı k. – 15.11.1991, Xocavənd r.) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1969-cu il oktyabrın 1-də Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində dünyaya göz açmışdır. 1976-cı ildə buradakı 1 saylı orta məktəbə daxil olmuş, 1986-cı ildə oranı bitirmişdir. Həmin il sənədlərini Gəncə İnşaat Texnikumuna vermiş və tələbə adını qazanmışdır.

1988-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidmətini Çelyabinsk şəhərində çəkmişdir. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra təhsilini davam etdirmək üçün Gəncəyə gəlir. O vaxt Azərbaycanın üstünü qara buludlar almışdı. Erməni yaraqlıları tez-tez bölgələrimizə hücumlar edirdilər. Kazım Məmmədov buna dözməyərək, texnikumun qiyabi şöbəsinə keçir. 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində işə başlayır və tezliklə də cəbhəyə yollanır. O, ilk gündən öz vəzifə borcunu məsuliyyətlə yerinə yetirir.

15 noyabr 1991-ci il… Gecədən xeyli ötmüşdü. Ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə hücuma keçir. Qüvvələr qeyri-bərabər idi. Sayca üstün olan düşmən hər vəchlə sədləri qırmağa çalışır, döyüşçülərimizi geri çəkilməyə məcbur edirdilər. Mühasirə həlqəsi getdikcə daralırdı. Kazım boş evlərdən birini özünə münasib mövqe seçir, ilk atəşlə ermənini yerə sərir. Onun ardınca daha bir neçə yaraqlını məhv edir. Düşmən geri çəkilmək bilmir, getdikcə qüvvələrini cəmləşdirirdi. Güllələr dolu kimi Kazımın üzərinə yağırdı. Kazım isə ölümün gözünə dik baxaraq erməni qəsbkarlarına təslim olmur. Ermənilər daha da azğınlaşaraq binaya od vururlar. Bina alova bürünür. Kiçik çavuş K.Məmmədov burada qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Kazım Ərşad oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Böyük Mərcanlı kəndində dəfn edilmişdir.

Oxuduğu məktəbə adı verilmişdir. Məktəbin önündə büstü qoyulmuşdur. Adına 3 mükafat təsis edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 198