Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə və istənilən şəraitdə yerinə yetirir

Aprel döyüşlərinin iştirakçıları: “Düşmənin əsgərləri silahı, texnikanı, postları və meyitlərini qoyub geri qaçırdılar”
“Masallı – Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Fransanın “Opinion Way” şirkətinin Azərbaycan əhalisi arasında keçirdiyi rəy sorğusuna sözardı

Müasir dünyada dövlət başçılarının seçkilərarası dövrdəki reytinqini müəyyənləşdirmək məqsədilə ənənəvi sosioloji sorğular keçirilir. Biz belə sorğuların nəticələrinə əsasən, bir sıra dövlət rəhbərlərinin, o cümlədən ABŞ, Fransa, Cənubi Koreya prezidentlərinin, Almaniya Kanslerinin reytinqlərinin aşağı düşdüyünün şahidi olmuşuq. Reytinqi sabit saxlamaq heç də hər liderə nəsib olmur. Azərbaycan Prezidenti İlham Əliyev isə nəinki 2018-ci il aprel seçkilərində malik olduğu reytinqi qoruyub saxlaya bilib, hətta onu bir qədər də möhkəmləndirib. Fransanın “Opinion Way” şirkətinin mart ayında Azərbaycanda keçirdiyi rəy sorğusu Prezidentin birillik fəaliyyətinin, yürütdüyü daxili və xarici siyasətin bəyənildiyini və təqdir edildiyini təsdiqlədi. Sorğunun bu günlərdə elan olunan nəticələri göstərdi ki, dövlətimizin başçısı yenə də öz seçicilərinin yüksək etimadına və dəstəyinə malikdir. Onun həyata keçirdiyi islahatlar kursuna münasibət çox müsbətdir və bu inqilabi dəyişikliklər xalqın ürəyindən xəbər verir. Sorğuların təkcə paytaxtı deyil, Naxçıvan Muxtar Respublikası istisna olmaqla, bütün bölgələri, əhalinin geniş təbəqələrini əhatə etməsi nəticələrin bütövlükdə ictimai rəylə üst-üstə düşdüyü qənaətinə gəlməyə əsas verir.

Prezidentin Azərbaycana uğur gətirən fəaliyyətinə verilən yüksək qiymət

Sorğu iştirakçılarına ünvanlanan suallar Prezidentin fəaliyyətinin geniş spektrini əhatə edir. Respondentlər dövlət başçısının son bir ildə gördüyü işləri yüksək qiymətləndirməklə yanaşı, sosial-iqtisadi fəaliyyət, ölkədə aparılan islahatlar, korrupsiyaya qarşı mübarizə tədbirləri, regionların inkişafı, xarici siyasət və digər məsələlərlə bağlı ən müxtəlif sualları cavablandırıblar. Onların 80 faizindən çoxunun fikrincə, Prezident İlham Əliyevin ən böyük uğuru mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanmasıdır. Həqiqətən, sabitlik olmayan yerdə heç bir inkişafdan, irəliləyişdən, rifahdan söhbət gedə bilməz.

Bu uğurların indi – dünyanın təlatümlü bir vaxtında qazanılması onların dəyərini daha da artırır. Planetimizdə və regionumuzda yaşanan çoxsaylı mənfi proseslərə baxmayaraq, Prezident İlham Əliyevin müdrik, praqmatik siyasəti nəticəsində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf davam edib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, ardıcıl və sistemli tədbirlər görülüb.

Sorğu əcnəbi mütəxəssislər tərəfindən təşkil olunaraq keçirilib. Sualların qoyuluşundan görünür ki, onlar Azərbaycandakı mövcud vəziyyətdən, aparılan islahatlardan, müxtəlif sahələrdə icra olunan dövlət proqramlarından, əhalinin rifahına yönəlmiş tədbirlərdən xəbərdardırlar. Əlbəttə, sorğu tərtib olunarkən müasir dünya trendləri də nəzərə alınıb. Ola bilsin, nəticələr bəlkə də sosioloqlar üçün qeyri-adi görünə bilər. Amma Azərbaycan insanı, xüsusən günü xəbər içərisində keçən, ictimai rəyə başqalarına nisbətən daha yaxından bələd olan KİV işçisi, jurnalist üçün burada təəccüblü heç nə yoxdur. Cavablar həqiqətən reallığın güzgüdəki əksi təsirini bağışlayır. Prezidentin birillik fəaliyyətinə verilən qiymətin arxasında vədlə işin vəhdəti dayanır. Cəsarətlə deyə bilərik ki, dünyada Prezident İlham Əliyev kimi verdiyi vədləri həmişə, istənilən şəraitdə yerinə yetirmək xarizmasına malik liderlər azdır. Bu isə, xalqın, ölkənin taleyi baxımından müstəsna əhəmiyyət daşıyır.

Güclü iqtisadi potensial və inqilabi islahatlar

Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu.

Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi.

Prezident deyirdi: Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 min kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmənzilli binalardan ibarət komplekslər salınıb. İndiyədək 300 min qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Son bir ildə daha 6 minə yaxın ailə yeni mənzillərə köçürülüb. Bir neçə gün əvvəl – aprelin 5-də Bakının Kürdəxanı qəsəbəsində bu kateqoriyadan olan 810 ailə üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verildi. Bu, sayca 103-cü belə qəsəbədir. İlkin hesablamalara görə, 2019-cu ildə təqribən beş min köçkün ailəsi üçün yeni mənzillər tikiləcək.

Prezident 2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqində islahatların yeni mərhələsinin anonsunu verdi: “Növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaq”.

Bir il keçdi və fransız sosioloji tədqiqat şirkəti Azərbaycan respondentlərinə belə bir sual ünvanladı: Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son bir ildə apardığı islahatları necə qiymətləndirirsiniz? Sorğuda iştirak edən hər 100 nəfərdən 90,5-i sualı müsbət cavablandırıb. Bu qiymətləndirmə üçün yetərincə arqument var. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə iqtisadiyyat 3,2 dəfədən çox artıb, qeyri-neft sektorunun ixracında 4 dəfədən çox artım baş verib. Valyuta ehtiyatlarımız 24 dəfə artaraq 44 milyard dolları ötüb. Ölkəmizə 230 milyard dollardan çox sərmayə yatırılıb. Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyə görə 35-ci yerə layiq görüb. Biz inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf göstəricisinə görə isə üçüncü yerə yüksəlmişik. Bu göstəricilər əldə edilmiş böyük uğur, tarixi nailiyyətdir. Sənaye və aqrar sahə modernləşdirilir, şəhər və rayonlarda sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları yaradılır, ölkəmizə ən müasir texnologiyalar gətirilir.

Ötən il Azərbaycanın üçüncü peyki orbitə buraxıldı. Həmçinin Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Bu dəhlizin tərkib hissəsi olan TANAP layihəsi artıq fəaliyyətdədir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması ilə Azərbaycan özünü dünyada tranzit ölkə kimi təsdiqlədi. Bütün bunlar, sözün əsl mənasında, tarixi hadisələrdir. Həmin layihələr bundan sonra onilliklər ərzində Azərbaycana həm siyasi, həm də iqtisadi və maliyyə dividendləri gətirəcək.

Sosial sahədə fəaliyyətə gəlincə, 2003-2018-ci illərdə maaşlar 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. 3100-dən çox məktəb, 640-dan çox xəstəxana binası tikilib və ya əsaslı təmir olunub. Bu il daha 100 məktəb binasının tikilməsi, 10-a yaxın rayon mərkəzi xəstəxanasının açılışı nəzərdə tutulur. Ölkə əhalisinin hər il pulsuz kütləvi tibbi müayinəsi aparılır və bu, Azərbaycan Prezidentinin dünyada bənzəri olmayan təşəbbüslərindən biridir.

Üç milyon insanı əhatə edən sosial tədbirlər paketi

Ötən bir ildə Prezidentin apardığı sosial istiqamətli islahatlar inqilabi xarakter alıb. Bu dövrdə imzalanmış fərman və sərəncamların mühüm bir hissəsi əhalinin sosial müdafiəsinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə, sosial sahə üzrə şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşdırılmasına yönəlib. Təfərrüata varmadan yalnız onu qeyd etməklə kifayətlənirik ki, minimum pensiya məbləğinin, minimum əməkhaqqının 40 faiz artırılması müvafiq olaraq 233 min və 600 min nəfərin rifahına ciddi dəstəkdir. Yaxud, şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillər alınması, şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün 300 manata çatdırılması, sosial müavinətlərin orta hesabla 100 faiz, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətlərin 50 faiz artırılması və digər müvafiq qərarlar sosial sahədə inqilabi dəyişikliklərin davamlı xarakter aldığını göstərir. Ümumilikdə, 3 milyona yaxın insanı əhatə edən bu sosial paket Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığına bariz nümunədir.

Təbii ki, ildən-ilə daha geniş miqyas alan, milyonların rifahına xidmət edən sosial islahatların əsasında ölkənin iqtisadi qüdrəti, dinamik inkişafı dayanır. Bu işləri görmək üçün iqtisadi güc olmalıdır. Yuxarıda bəzi xarakterik faktları xatırlatdıq. Deyilənlərə daha nəyi əlavə etmək olar? 2019-cu ilin iki ayında ölkə üzrə ümumi daxili məhsul 3 faiz artıb ki, bu da son illərin ən yüksək göstəricisidir. Azərbaycan sənayenin qeyri-neft sektorunda 15,5 faiz artımla dünya rekorduna imza atıb. Asiya İnkişaf Bankının proqnozlarına görə, 2019-cu ildə Azərbaycan iqtisadiyyatı 2,5 faiz, 2020-ci ildə 2,7 faiz artacaq. İqtisadiyyatımızın rekord templərlə artması, müsbət proqnozlar vətəndaşlarımızın gələcəyə daha nikbin nəzərlərlə baxmasına əsas verməklə yanaşı, sözsüz ki, Prezidentin reytinqinə də birbaşa təsir göstərir.

Dara, çətinliyə düşən insanlar hər zaman yanlarında dövləti, Prezidenti görürlər. Bu yaxında baş vermiş hadisələri götürək. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələ zamanı zərərçəkənlərin köməyinə birinci olaraq Prezident yetişdi. İnsanlar hiss etdilər ki, bu təbii fəlakət qarşısında tək deyillər. Hazırda zərərçəkənlər üçün yeni evlər tikilir, sakinlərin bəziləri artıq yeni mənzilə köçüb. “Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərərə düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət başçısı yardım əlini uzatdı. Onun tapşırığına əsasən yanmış malın müqabilində yardım ödənilir, sahibkarlara öz biznesini qurmaq üçün başqa yerlər təklif edilir.

Vaxtilə banklardan kredit götürən on minlərlə vətəndaş devalvasiya nəticəsində ciddi çətinliyə düşmüşdü. Problemli kreditlərlə bağlı məsələ Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli Fərmanı ilə birdəfəlik həllini tapdı. 800 mindən çox insanın narahatlığına bir gündə son qoyuldu. Prezidentin vurğuladığı kimi, bu Fərmanın dünyada analoqu yoxdur: “Dövlət bir daha göstərdi ki, vətəndaşının yanındadır. Ciddi devalvasiyadan əziyyət çəkən ölkələrin sayı kifayət qədər çoxdur və bizdən də dərin devalvasiyaya uğramış ölkələr vardır. Ancaq heç bir ölkədə bu dərəcədə sosialyönümlü və vətəndaşın marağını güdən addım olmamışdır”. İllərdən bəri yığılıb qalmış daha bir problem dövlətimizin başçısının fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanla həllini tapdı. Bu sənəddən istismarına icazə verilməmiş yaşayış binalarında mənzil alan 340-400 minədək insan faydalanacaq.

Dörd dövlət proqramı və Azərbaycanın simasını dəyişən 16 il

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 16 ildə paytaxt Bakı ilə yanaşı, bölgələrimizin siması da tanınmaz dərəcədə dəyişib. Bu dövrdə regionların sosial-iqtisadi inkişafına dair üç dövlət proqramı uğurla icra olunub, dördüncü proqram qəbul edilib. Prezidentin bölgələrə ənənəvi səfərləri daha da intensivləşib: son bir ildə 28 səfər. Bunlar adi səfərlər deyil və mühüm infrastruktur obyektlərinin, yeni sənaye müəssisələrinin, aqrar istehsalat komplekslərinin açılışı ilə müşayiət olunur. Məsələn, son səfərlər zamanı Şamaxı rayonunda yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışı olub, İsmayıllı rayonunun Lahıc qəsəbəsinə təbii qaz verilib. Prezident “AZZA AGRO” MMC-nin 1000 başlıq müasir heyvandarlıq kompleksinin, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun, Masallı Sənaye Məhəlləsinin, Xızı rayonunda “Yeni Yaşma” Külək Elektrik Parkının, Quba Rayon Mərkəzi Xəstəxanasının, Qubada “ABAD Factory” İstehsalat Kompleksinin, Lənkəran Olimpiya İdman Kompleksinin, İmişli və Şəkidə “ASAN Həyat” komplekslərinin, Ağdam Muğam Mərkəzinin, Qarabağ Atçılıq Kompleksinin, Sumqayıt Kimya Sənaye Parkında üç müasir zavodun və digər obyektlərin açılışlarını edib.

Şəhərlər və kəndlər sakinlərin gözləri qarşısında abadlaşır, müasir görkəm alır. Qazlaşdırma səviyyəsi artıq 95 faizə çatıb (Prezidentin seçkiqabağı vədlərindən biri də bu idi), 38 şəhərin içməli su problemi həllini tapıb və hazırda 12 şəhərdə bu istiqamətdə iş gedir. Ötən il 2 min kilometr avtomobil yolu salınıb. 2004-cü ildən indiyədək salınan yolların uzunluğu 15 min kilometrə çatır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, yol infrastrukturunun keyfiyyəti baxımından Azərbaycan dünyada 34-cü yerdədir və inkişaf etmiş bir çox ölkələri qabaqlayır. Son bir ildə isə 920-dən çox kəndin yol infrastrukturu yaxşılaşdırılıb, ümumilikdə, 2,2 milyon insanın yol problemi həllini tapıb.

“Opinion Way” şirkətinin sorğusunda qoyulan “İlham Əliyevin qəbul etdiyi regionların sosial-iqtisadi inkişafı proqramı və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində, sizcə, regionlar inkişaf edibmi” sualına respondentlərin 93 faizindən çoxunun müsbət cavab verməsi bu inkişaf fonunda tam təbii görünür: bölgə insanı həyatın yaxşılığa doğru dəyişdiyini hər addımda hiss edir və bunu qiymətləndirir.

Prezident regionlara hər bir səfəri zamanı mövcud problemlərlə şəxsən maraqlanır, ictimaiyyət nümayəndələri və sadə insanlarla birbaşa ünsiyyətdə olur, onları düşündürən məsələlərin həllinə dair yerindəcə tapşırıqlar verir. Bu səfərlərin və əhali ilə görüşlərin nəticəsi olaraq regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönələn çoxsaylı sərəncamlar imzalanıb, yeni infrastruktur layihələrinin icrasına, şəhər və kəndlərin abadlaşdırılmasına külli miqdarda vəsait yönəldilib. Göründüyü kimi, regionlara səfərlərin faydalılıq əmsalı yetərincə yüksəkdir və sorğu iştirakçılarının 90,4 faizi bununla bağlı sualı müsbət cavablandırıb.

Milli maraqları təmin edən məqsədyönlü xarici siyasət kursu

Azərbaycanın iqtisadi qüdrətinin artması onun xarici güclərdən asılılığının aradan qaldırılmasını təmin edib. Bu gün Azərbaycan tam müstəqil xarici siyasət aparır, heç bir beynəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. Prezident İlham Əliyev bu imkandan istifadə edərək milli maraqları qətiyyətlə qoruyur. Dövlətimizin başçısının müdrik siyasəti Azərbaycanı dünyada söz və nüfuz sahibinə çevirib.

Son bir il xarici siyasət sahəsində də bir çox uğurlarla yadda qalıb. Prezident İlham Əliyev xarici ölkələrə 17 səfər edib, Azərbaycana 13 dövlət və hökumət başçısı, o cümlədən Serbiya, Türkiyə, İtaliya, Gürcüstan prezidentləri, Almaniyanın Federal Kansleri və başqaları səfər edib. Prezidentimizin xarici səfərlərini əhəmiyyətinə görə sıralasaq, ilk növbədə, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Böyük Britaniya, Fransa, Belçika və İsveçrəyə səfərləri qeyd edə bilərik. Bu səfərlərin hər biri faydalılığı, məhsuldarlığı ilə diqqət çəkir, Azərbaycana və onun liderinin siyasətinə dünyanın artan marağından xəbər verir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, bu il yanvarın 22-də – bir gündə Prezident İlham Əliyevin Davosda aparıcı şirkətlərin və beynəlxalq maliyyə qurumlarının rəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri ilə beş görüşü olub. Özü də bu görüş və danışıqların hamısı qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında mühüm sənəd imzalanıb, Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilib. Bu il isə Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu mötəbər təşkilata sədrlik edəcək. Xatırlatmaq yerinə düşər ki, Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci böyük təşkilatıdır.

2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalandı. Həmin sənəddə Azərbaycanın uzun illər ərzində müdafiə etdiyi mövqeyin tam əksini tapması diplomatiya tariximizə növbəti uğur səhifəsi kimi yazıldı.

Uğurlar çoxdur, onların hamısı bir yazıya sığmaz. Rəy sorğusunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri (respondentlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb) məhz bu uğurlardan qaynaqlanır. Ekspertlərin fikrincə, Azərbaycan Prezidentinin xarici siyasət kursu dinamikliyi, intensivliyi, məqsədyönlülüyü ilə fərqlənir, bir qayda olaraq milli maraqlara söykənir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan mühüm qlobal və regional problemlərin müzakirə olunduğu məkana, beynəlxalq dialoq mərkəzinə çevrilib. Prezident İlham Əliyev bir çox mühüm əməkdaşlıq formatlarının təşəbbüskarı kimi tanınır. Ölkəmizin bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsipinə əsaslanan xarici siyasət strategiyası uğurlu model kimi səciyyələndirilir və nəticə etibarilə onun etibarlı tərəfdaş imicini möhkəmləndirir.

Şübhəsiz ki, Prezident İlham Əliyevin yüksək reytinqinin, xalqın öz liderinə etimadının əsas qaynaqlarından biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qətiyyətli mövqeyi, ordu quruculuğuna ayırdığı müstəsna diqqətdir. Ötən il iki dəfə keçirilən hərbi parad Azərbaycan Ordusunun potensialını (onun bir hissəsini) dünyaya nümayiş etdirdi. Bunu dostlarımız da, düşmənlərimiz də gördü. Müasir hərb tariximizə şanlı səhifə kimi yazılmış Aprel döyüşləri, ordumuzun uğurlu Lələtəpə və Naxçıvan əməliyyatları bir daha təsdiqlədi ki, Azərbaycan xalqı və dövləti ərazilərimizin işğalı ilə heç vaxt barışmayacaq, ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Son vaxtlar danışıqlar prosesinin yeni mərhələsinin başlanması, Ermənistan rəhbərliyinin danışıqlar prosesinə qondarma Dağlıq Qarabağ rejimini də cəlb etmək cəhdinin iflasa uğraması Prezident İlham Əliyevin müdrik xarici siyasətinin nəticəsi, diplomatiyamızın daha bir uğurudur.

Prezident İlham Əliyevin növbəti müddətə dövlət başçısı seçilməsinin birinci ildönümü Azərbaycan əhalisinin sayının 10 milyon nəfərə çatması ilə üst-üstə düşdü. Xalqımızın və dostlarımızın böyük sevincinə səbəb olan bu əlamətdar hadisənin həm rəmzi, həm də real mənası var: Ermənistanın hərbi təcavüzü ilə üzləşən, bir milyondan çox sakini qaçqın və məcburi köçkün olan, müharibə vəziyyətində yaşayan Azərbaycan bütün çətinliklərə rəğmən hər bir sahədə dinamik inkişaf edir, öz lideri ətrafında sıx birləşərək gələcəyə doğru inamla irəliləyir.

Prezident İlham Əliyevin lider portretini tamamlayan bir neçə ştrix

Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə, istənilən şəraitdə yerinə yetirir. Dövlətimizin başçısının Azərbaycana rəhbərlik etdiyi 16 il ərzində həmişə belə olub və tam əminliklə deyə bilərik ki, gələcəkdə də belə olacaq. Prezidentin verdiyi hər bir sözə görə yüksək məsuliyyətini sonuncu prezident seçkilərindən sonra keçən bir il ərzində də aşkar görmək olar. Dövlət başçısı seçkilərdən dərhal sonra iqtisadi və sosial islahatlar sahəsində ciddi tədbirlər paketi qəbul ediləcəyini bildirdi və bu dəfə də öz vədini yerinə yetirdi.

Azərbaycanda bütün islahatların və dəyişikliklərin əsas təşəbbüskarı Prezident İlham Əliyevin özüdür. Məhz onun təşəbbüsü ilə məhkəmə-hüquq sistemində dərin islahatlar aparılıb. Prezidentin bu sahədə sonuncu fərmanı – ədalət mühakiməsi sistemində islahatların yeni mərhələsinə start vermiş sənəd ekspertlər tərəfindən inqilabi fərman adlandırılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” modeli bütün dünyanın diqqətini cəlb edib.

Dövlət başçısı ağrılı nöqtələri, təxirəsalınmaz tədbirlər və addımlar tələb edən problemli məqamları zərgər dəqiqliyi ilə müəyyən edir və həmişə hadisələri qabaqlayır. Bu isə Prezidentin bəsirət istedadına və irəlini görmək bacarığına dəlalət edir. Bu fitri qabiliyyət və milli maraqların prioritetlərini dəqiq müəyyən etmək istedadı Azərbaycan üçün, son nəticədə region və bütün dünya üçün bir sıra strateji əhəmiyyətli layihələrin reallaşdırılmasına şərait yaradıb. Bu sıraya Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi layihələrini aid etmək olar. Zənnimcə, heç kəs inkar edə bilməz ki, bu transmilli layihələrin gerçəkləşməsi İlham Əliyevin iradəsi, onun nəzərdə tutulmuş hədəfə doğru getmək və məqsədə çatmaq, risk etmək, məsuliyyəti öz üzərinə götürmək cəsarəti sayəsində mümkün olub. Bir sözlə, Azərbaycan Prezidenti öz ideyalarını gerçəkləşdirməyi bacaran az sayda siyasətçilərdən biridir.

Daha bir mühüm məqam: Prezidentin bütün addımlarında, gördüyü işlərdə daxili məntiq dəqiq izlənilir, o, haraya və nə məqsədlə getdiyini dəqiq bilir. Bu, ötən 16 ildə reallaşdırılan ardıcıl siyasəti nəzərdən keçirəndə açıq-aydın görünür.

Prezident İlham Əliyev və onun xanımı hakimiyyətin “insani sima”sını təcəssüm etdirirlər. Dövlət başçısı vətəndaşların kədərinə də, sevincinə də şərikdir, onların yanındadır. Biz bunun dəfələrlə şahidi olmuşuq: çətinliyə düşən insanlar hər zaman yanlarında dövləti, Prezidenti görürlər. Bu yaxında baş vermiş hadisələri götürək. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələ zamanı zərərçəkənlərin köməyinə birinci olaraq Prezident yetişdi. “Diqlas” ticarət mərkəzində yanğın nəticəsində zərərə düşmüş sahibkarlara da birinci olaraq məhz dövlət başçısı yardım əlini uzatdı…

Prezident İlham Əliyevə ümumxalq məhəbbətinin, ona bəslənilən böyük inam və etimadın əsasında bu və digər amillər dayanır. Rəy sorğularının nəticələri, sadəcə, bu inam və etimadın inikası, daha bir əyani təsdiqidir.

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri, 
Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın prezidenti