OPEC: “Azərbaycan möhkəm əlaqələr olan tərəfdaşlardan biridir”

Sergey Lavrov növbəti erməni yalanını ifşa etdi
Azərbaycanda Vergi Ombudsmanı institutu fəaliyyətə başlayır
QDİƏT-in baş katibi: Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə qovuşduran ən uğurlu layihədir

“Azərbaycan OPEC-lə xüsusi və möhkəm əlaqələri olan əsas tərəfdaşlardan biridir”.

“Report” xəbər verir ki, bu barədə OPEC-in bülletenində Azərbaycanla bağlı xüsusi buraxılışda “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq” məqaləsində qeyd olunub.

“OPEC yarandığı 59 il ərzində neft sənayesinin tərəfdaşları, xüsusilə qeyri-OPEC hasilatçıları və istehlakçıları ilə konstruktiv dialoqları və möhkəm diplomatik əlaqələri inkişaf etdirməyə çalışıb. Bu qiymətli əmtəənin qədim hasilatçılarından biri olaraq Azərbaycan neft sektorunun mürəkkəb və dəyişkən mühitinə baxmayaraq, şübhəsiz ki, OPEC-lə xüsusi və möhkəm əlaqələri olan əsas tərəfdaşlardan biridir”,- məqalədə bildirilib.

Məqalədə neft sənayesinin beşiyi olaraq Azərbaycanın OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasına yaxşı ev sahibliyi etdiyi qeyd edilib. Bildirilib ki, iclas çoxyönlü nəticələri olan məhsuldar müzakirələrlə son dərəcə səmərəli və nəticəyönümlü olub ki, bu da qlobal neft bazarını ilhamlandırıb: “Nəticədə bu iclas bazarda artan həssaslığı əks etdirən, bütün iştirakçıların bazarın stabilliyi üçün öhdəliklərini və qətiyyətlərini bir daha təsdiq etdiyi, Birgə Monitorinq Komitəsinin üzvlərinin sayının genişləndiyi çox müsbət iclas idi. Bütün iştirakçılar doğru yolda olduqlarına bir daha əmin olaraq Bakını tərk etdilər”.

Qeyd edək ki, Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası martın 18-də, Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası isə martın 17-də baş tutub.

2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.