Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Noyabrın 8-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Çukurova Bələdiyyələr Birliyi mərkəzi Adana şəhərində olan Adana, Mersin, Hatay və Osmaniye vilayətlərinin böyükşəhər, diyar, şəhər, qəsəbə, kənd bələdiyyələrinin üzv olduğu regional birlikdir.

Görüşdə çıxış edən Əli Həsənov Azərbaycanın və Türkiyənin ortaq milli-mənəvi dəyərlərə, tarixi köklərə malik iki qardaş dövlət olduğunu vurğulayıb. Qeyd edib ki, Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları Azərbaycan–Türkiyə münasibətlərinin fəlsəfəsini müəyyən edən fikirlərdir. Müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr daha da güclənib və strateji müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı etimad əlaqələrinin daha da inkişaf etdirilməsində Türkiyənin müvafiq dövlət qurumları və yerli özünüidarəetmə orqanları ilə ölkəmizin yerli icra orqanları arasında əməkdaşlıq böyük əhəmiyyətə malikdir. Bu mənada qarşılıqlı səfərlərin təşkili olduqca vacibdir.

Azərbaycanın Türkiyədəki diaspor təşkilatlarının səmərəli fəaliyyətində yerli bələdiyyələrin dəstəyini xüsusi qeyd edən Əli Həsənov mütəmadi qaydada keçirilən sərgilərin, elmi-praktiki konfransların, konsert proqramlarının və digər tədbirlərin Azərbaycanda da böyük həvəslə izlənildiyini diqqətə çatdırıb.

Bildirilib ki, Türkiyədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə olan məhəbbət və böyük hörmət hissi bələdiyyələrin fəaliyyətində də özünü büruzə verir. Adana vilayətinin Ceyhan şəhərində Heydər Əliyev adına park və abidə kompleksinin yaradılması, mövcud parklardan birinə Ümummilli Liderin adının verilməsi ilə bağlı Adana Böyükşəhər Bələdiyyəsinin qərar qəbul etməsi, Heydər Əliyev adına Universitetin açılmasının planlaşdırılması, Mersin vilayətinin Tarsus şəhərində və Hatay vilayətinin Payas rayonunda Heydər Əliyev adına park salınması və s. bunu bir daha təsdiqləyir. Bundan başqa, Türkiyə bələdiyyələrinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanla bağlı abidələr ucaldılıb, parklar salınıb, muzeylər yaradılıb və digər işlər görülüb.

Azərbaycan ilə Türkiyənin müxtəlif şəhərləri arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulması yerli özünüidarəetmə sahəsində təcrübə mübadiləsi üçün mühüm əhəmiyyət kəsb edir. Hazırda Gəncə şəhəri ilə İzmir, Qars, Bursa, Ordu, Ankara, Elağız, Eskişehir, Sumqayıt şəhəri ilə Ceyhan, Bakının Xətai rayonu ilə Tarsus, Nəsimi rayonu ilə İzmit, Şəki şəhəri ilə Meram, Mingəçevir şəhəri ilə Gölbaşı, Şamaxı və Şərur şəhərləri ilə İğdır qardaşlaşmış şəhərlərdir.

Azərbaycanın və Türkiyənin bələdiyyə orqanları arasındakı münasibətlər müxtəlif konfranslar və sərgilər çərçivəsində də inkişaf edir. Təqdirəlayiq haldır ki, Türkiyə bələdiyyələri bu cür tədbirləri yalnız öz ərazilərində deyil, hətta xarici dövlətlərdə də keçirmək təşəbbüsü ilə çıxış edirlər.

Prezidentin köməkçisi deyib ki, 1918-ci ildə Azərbaycanda bolşevik-daşnak silahlı birləşmələrinə qarşı döyüşlərdə şəhid olmuş türk əsgərlərinin müxtəlif şəhərlərdəki məzarları üzərində xatirə abidələri yenidən tikilib və yaxud təmir olunub. Hər il sentyabrın 15-də türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk şəhidliyi abidəsi önündə anım mərasimləri keçirilir.

Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin və Adana böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü ölkəmizə səfərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başladıqlarını, orada yaşayan vətəndaşlarımızla görüşlər keçirdiklərini bildirib. Qardaş ölkələrimiz arasında əlaqələrin daim yüksək səviyyədə olduğunu vurğulayan Hüseyn Sözlü münasibətlərimizin inkişafında müxtəlif səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırıb.

Qonaq Çukurova Bələdiyyələr Birliyinin ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verməyə çalışdığını, bu baxımdan mədəni sahədə əməkdaşlığa xüsusi diqqət yetirdiyini vurğulayıb. Azərbaycanda, xüsusilə paytaxt Bakıda infrastrukturun, nəqliyyat sisteminin sürətlə inkişaf etdiyini diqqətə çatdıran qonaq bu və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri deyib ki, ölkələrimizdən kənarda yaşayan soydaşlarımızın da daim ortaq mövqedən çıxış etmələri son dərəcə məmnunluq doğurur. Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri bütün türkdilli xalqlar, həmçinin dünya ölkələri üçün nümunə təşkil edir. Münasibətlərimizin inkişafında dövlətlərimizin başçılarının da şəxsi dostluq münasibətləri mühüm rol oynayır.

Azərbaycanın və Orta Asiyadakı türkdilli dövlətlərin müstəqilliklərinə qovuşmalarından 25 ildən çox vaxt keçdiyini vurğulayan Hüseyn Sözlü ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin daim yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib. Qeyd edib ki, münasibətlərin inkişafında Azərbaycanın və Türkiyənin birlikdə reallaşdırdıqları qlobal miqyaslı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars və digər layihələr mühüm rol oynayır. “Bu layihələr bəlkə də bəzi ölkələr üçün yalnız iqtisadi layihə ola bilər. Lakin bu layihələr Azərbaycan və Türkiyə üçün dostluğun və qardaşlığın rəmzlərindən biridir”, – deyə Hüseyn Sözlü bildirib.

Mersin böyükşəhər bələdiyyəsinin sədri Burhaneddin Kocamaz qeyd edib ki, istər indiki nəsil, istərsə də gələcək nəsillər türk dünyasının böyük öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ideyalarını rəhbər tutmalıdırlar. Ölkəmizə hər səfərində sürətli inkişafın, Bakının gözəlləşməsinin şahidi olduğunu ifadə edən Burhaneddin Kocamaz göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bələdiyyə sədrlərinin ölkəmizə səfərinin Cocuq Mərcanlıdan başlamalarının təsadüfi olmadığını vurğulayıb. Bildirib ki, Böyük Qayıdışın başlanğıcı olan Cocuq Mərcanlıda qısa müddətdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, eləcə də bölgələrdəki sürətli inkişaf Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir. Belə səfərlər Cocuq Mərcanlıdakı qardaşlarımızın tək olmadıqlarını, Türkiyə xalqının da daim onların yanında olmalarını hiss etdirmək baxımından əhəmiyyətlidir.

Hatay böyükşəhər bələdiyyəsinin sədri Lütfü Savaş müstəqilliyin əvvəllərində parçalanmaq və məhv olmaq təhlükəsindən ulu öndər Heydər Əliyevin müdrik rəhbərliyi və qətiyyəti sayəsində xilas olan Azərbaycanın Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilməsindən məmnunluq duyduqlarını vurğulayıb.

Osmaniye vilayətinin Sumbas rayon bələdiyyəsinin sədri Mustafa Nuri Nuhoğlu ölkəmizin sürətli inkişafından məmnunluq duyduqlarını ifadə edib, yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.