(15.7.1970, Qərbi Azərbaycanın Pəmbək mahalının Saral k. – 31.7.1992, Ağdam r-nunun Papravənd k.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra).
15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində müəllim ailəsində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. O, əmək fəaliyyətinə tikinti idarəsində elektrik kimi başlamışdır.
1989-cu ilin mayında hərbi xidmətə çağırılmış və Almaniyada tank qoşunları hissəsində qulluq etmişdir. Əsəd hərbi xidmətdən sonra Bakıya qayıtmış, inşaat idarəsində öz peşəsində çalışmışdır.
Ermənistan işğalçı ordusunun Azərbaycana qarşı hərbi əməliyyatlarının genişlənməsi Ə.Əhmədovu da Vətənin müdafiəsinə qaldırdı. O, Nəsimi rayon hərbi komissarlığının çağırışı ilə 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətə getdi.
Elə həmin vaxtdan başlayaraq Əsəd Şuşa rayonunun Zarıslı, Salatınkənd və Turşsu məntəqələrində gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. O, Laçın ətrafında 28 nəfər əsir düşmüş soydaşımızın azad edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Əsəd Əhmədov 1992-ci ilin iyulunda Ağdam rayonunun Şelli, Abdal-Gülablı, Güllücə, Papravənd və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə rəşadətlə vurumuş, komandiri olduğu tank ilə düşmənin atəş nöqtələrinin məhv edilməsində igidlik nümunəsi göstərmişdir.
İyulun 31-i… Papravənd kəndi yenə qaynayıb daşır. İllər boyu bu kənd dəfələrlə erməni təcavüzünə məruz qalıb, yandırılıb, azərbaycanlı əhalisi isə müxtəlif işgəncələrlə qətlə yetirilib. Tarix yenidən təkrarlanırdı. Erməni hərbi birləşmələri yenə də bu qədim türk elinin üzərinə yerimişdi. Yenə qanlar tökülür, evlər yandırılırdı. Lakin Vətən, el təəssübü çəkən qeyrətli oğullarımız da boş oturmurdu. Bir-birinə sipər olub, erməni qaniçənlərini bu ulu yurddan qovub çıxarmağa çalışırdılar. Bu mübariz oğulların sırasında Ə.Əhmədov da var idi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri Qəhrəmanın adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 67-68