Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Sergey Markovun (siyasi elimlər namizədi) çıxışı
Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edilib
Sərsəng su anbarına dair qətnamə təklifi məruzə üçün Avropa Şurasının Sosial Məsələlər Komitəsinə yönləndirilib

Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupunun təşkilatçılığı ilə “İnsanlıq əleyhinə cinayətlər: Xocalı soyqırımı” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov münaqişənin səbəbləri və Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım barədə məlumat verib. O, erməni və rus silahlıları tərəfindən 613 nəfər dinc sakinin vəhşicəsinə öldürüldüyünü, 421 nəfərə ağır xəsarət yetirildiyini, 1275 nəfərin əsir və girov götürüldüyünü, onlardan 150 nəfərin taleyinin bu gün də məlum olmadığını vurğulayıb.
İnsan Hüquqlarına dair Beynəlxalq Standartların təsbiti üzrə Birgə İşçi Qrupun həmsədri Şahin Camalov isə azərbaycanlılara qarşı qətliamlar törədilməsində iştirak etmiş Zori Balayanın özünün bu hadisələri necə anlatmasından danışıb. Daha sonra Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilib.
Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin xüsusi istintaq şöbəsinin rəisi Mehman Poladov çıxışında bildirib ki, 1991-ci ilin sentyabrından başlayaraq azərbaycanlıların yaşayış məntəqələrinə basqınlarında sovet ordusunun 366-cı alayının köməyindən istifadə olunub. Ermənilərin Xocalıya qədərki dövrdə törətdiyi hadisələri xatırladan M. Poladov deyib ki, bütün bu hadisələrin törədilməsində 366-cı alayın silah və texnikasından istifadə edilib: “Fevralın 17-də Qaradağlı faciəsinin törədilməsində erməni silahlı dəstələrinin tərkibində 366-cı alayın heyəti ilə yanaşı, xaricdən gəlmiş muzdlular da iştirak edib. Qaradağlıda insanları vəhşicəsinə qətlə yetirdilər. Bunlara insan demək mümkündürmü? İnsanlara qarşı belə cinayətlər törədilə bilərmi?”
Xocalıda 7 min nəfərədək əhalinin yaşadığını deyən M. Poladovun sözlərinə görə, 366-cı alayın komandiri Yuri Zarviqarov, birinci batalyonun qərargah rəisi, ikinci batalyonun komandiri, Ermənistanın hazırkı müdafiə naziri Seyran Ohanyan və digərləri azərbaycanlıların məhvini planlaşdırıb, müxtəlif hərbi texnikaları, artilleriya sistemlərini tətbiq edərək Xocalını məhv edib, orada yaşayan dinc əhalini xüsusi amansızlıqla qətlə yetiriblər. Dinc insanlara müxtəlif dəhşətli işgəncələr verilib, başları kəsilib, başlarının dərisi soyulub, güllələnib, qadınların döşləri kəsilib və s… Xocalının işğalı nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlara 170 milyon 272 min ABŞ dolları dəyərində maddi ziyan əyib.
M. Poladov Xocalı ilə bağlı birgə istintaq qrupunun fəaliyyəti barədə də danışıb: “Qrup tərəfindən Xocalı soyqırımı ilə bağlı intensiv işlər aparılır. 3500 nəfər dinlənilib, 2000-dən çox şəxs zərərçəkən şəxs kimi təsdiqlənib, 800-ə yaxın ekspertiza həyata keçirilib. Hazırda 39 nəfərin (onlardan 18 nəfər 366-cı alayın hərbi qulluqçuları, 8 nəfər Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşları, 5 nəfər digər vəzifəli şəxslərdir) və 8 nəfər mülki vətəndaşın soyqırımın təşkilində iştirakı orqanları tərəfindən müəyyən edilib. Hazırda soyqırımın törədilməsində iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi, onların anket məlumatlarının toplanması istiqamətində işlər davam etdirilir. Bu cinayəti törətmiş şəxslərin sayı kifayət qədər çoxdur və mən indidən bunu açıqlamaq istəmirəm. Bu cinayət işi həcminə görə digər cinayət işlərindən fərqlidir. Xocalı soyqırımı kimi dəhşətli cinayəti törədənlər cəzasız qalmayacaq”.

Tədbirdə müxtəlif ekspertlərin Xocalı soyqırımı, onun nəticələri barədə fikirləri dinlənilib. /APA/