28 may Portlenddə Azərbaycan Günü elan edilib

Şuşaya avtobus xətləri açılır
Dünən Laçında həlak olan hərbçilərimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunur
İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi” yaradılıb

ABŞ-ın Meyn ştatının iqtisadiyyat və turizm mərkəzlərindən olan Portlend şəhərinin meri İtan Strimlinq Azərbaycan Xalq Cümhuriyyətinin 101-cü ildönümü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi ilə əlaqədar olaraq rəsmi bəyannamə imzalayıb.

AZƏRTAC xəbər verir ki, bəyannamədə 1918-ci il mayın 28-də müsəlman şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur. Sənəddə bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyinin qısa müddəti ərzində irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.

Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə öz müstəqilliyi uğrunda mübarizə aparmasına rəğmən onun sovetlər birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməyə nail olduğu vurğulanır.

Qeyd edilir ki, Azərbaycan son 28 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda vacib əhəmiyyətli regionlardan olan Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.

Bəyannamədə 2019-cu ildə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyinin qeyd olunması ilə əlaqədar mayın 28-də Portlenddə və dünyanın digər yerlərində yaşayan azərbaycanlılar tərəfindən milli gün kimi qeyd ediləcəyi və öz əcdadlarının Qafqaz, Mərkəzi Asiya və Orta Şərqdə demokratiyanın yayılması üçün töhfələrinin xatırlanacağı diqqətə çatdırılır.

Sonda mer İtan Strimlinq imzaladığı bəyannamədə 2019-cu il mayın 28-ni Portlenddə Azərbaycan Günü elan edib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton