“Şərq Tərəfdaşlığı”nın 10 illiyi: Azərbaycan və Avropa İttifaqı əməkdaşlığı faktlar və rəqəmlərdə

Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilir
Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Novruzu bayram edən ölkələrin diplomatları Yel çərşənbəsini birgə qeyd etdilər

“Şərq Tərəfdaşlığı” Proqramı bu ay onilliyini qeyd edir. 2009-cu ildə reallaşdırılan proqram Avropa İttifaqı (Aİ), onun üzv ölkələri və altı Şərq qonşusu – Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukrayna arasında əlaqələrin dərinləşdirilməsinə və möhkəmləndirilməsinə yönəlib.

Onillik müddət bu təşəbbüsün nəticələrinə dair müəyyən yekunları qeyd etmək üçün kifayət qədər vacib mərhələdir.

“Report” Azərbaycanla Aİ arasındakı əməkdaşlığın əsas anlarını faktlar və rəqəmlərlə təqdim edir.

Avropa İttifaqının Azərbaycanla münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara başlayıb. Azərbaycan Aİ-nin strateji enerji tərəfdaşıdır və Xəzər dənizinin enerji resurslarının Aİ bazarlarına çatdırılmasında mühüm rol oynayır.

 

İqtisadi əməkdaşlığın gücləndirilməsi

Aİ Azərbaycan üçün bir nömrəli ticarət tərəfdaşıdır, eləcə də ən böyük ixrac və idxal bazarıdır. O, həmçinin neft və qeyri-neft sektorunda Azərbaycanın ən böyük xarici investorudur. Son 10 ildə Aİ ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi 28% artıb.

Aİ EU4Business təşəbbüsü vasitəsilə 13 min Azərbaycan şirkətinə maliyyə, təlim və yeni bazarlara ixrac dəstəyini verib.

2009-cu ildən etibarən 11 min Azərbaycan şirkətinə Aİ zəmanəti ilə kredit formasında 207 milyon avro təqdim edilib.

Aİ Azərbaycanın biznes və investisiya mühitinin yaxşılaşdırılması işində də hökuməti dəstəkləyir. Aİ həmçinin təhsil və regional inkişafı dəstəkləməklə, Azərbaycanın iqtisadi şaxələndirmə planlarının həyata keçirilməsinə kömək edir.

Azərbaycan Tvinninq layihələri vasitəsilə Aİ ilə fəal əməkdaşlıq edir və bu layihələr həm Aİ-yə üzv ölkələrin, həm də benefisiar ölkələrin hökumət sektorunun bilik və bacarıqlarını bir araya gətirir.

Son 10 il ərzində Azərbaycanın 25-dən artıq nazirliyi və ictimai təşkilatı təqribən 50 tvinninq layihəsində iştirak edib və nəticədə Aİ-nin texniki biliklərindən və dövlət qulluqçularının praktiki təcrübələrindən faydalanıb. Bununla yerli qanunverciliyin Aİ standartlarına uyğun hazırlanması və təkmilləşdirilməsinə təkan verilir.

On il ərzində, təxminən, 50 tvinninq layihəsi: 34-ü başa çatıb, 11-i davam edir, 1-i hazırlanır.

 

Energetika əməkdaşlığı

Azərbaycan Aİ üçün strateji enerji tərəfdaşıdır, Aİ bazarlarının Xəzər hövzəsinin enerji resursları ilə təchiz olunmasında əsas rol oynayır.

Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarlarını Xəzər hövzəsinin qaz resursları ilə təchiz edəcək.

2016-cı ildə Aİ “EU4Energy” adlı yeni regional proqramı təsis edərək, enerji siyasəti məqsədlərinə nail olmaqda və enerji səmərəliliyini təkmilləşdirməkdə, Azərbaycan da daxil olmaqla, “Şərq Tərəfdaşlığı” ölkələrini dəstəkləyir.

Azərbaycan şimalla cənubu və şərqlə qərbi birləşdirən nəqliyyat əlaqələrinin kəsişməsində yerləşməsindən faydalanır. Ölkə Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi vacib infrastruktur layihələrinə investisiya yatırıb. Aİ Bakı limanında və onun azad ticarət zonasında çalışanlar üçün texniki biliklər təmin edib.

Aİ ilə Azərbaycan arasında imzalanmış viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri2014 ildə qüvvəyə minərək, Azərbaycan vətəndaşlarına, xüsusilə də tez-tez səyahət edənlərə, daha asan və ucuz qısa müddətli viza almaqla Aİ-nin bir çox ölkələrinə səfər etmək imkanı verib.

Bundan başqa, müəyyən kateqoriya şəxslər, məsələn, “Erasmus+” proqramının tələbələri viza rüsumundan tamamilə azad olunub.

Təhsil

Peşə bacarıqlarının artırılması Aİ-nin Azərbaycana dəstəyində prioritet təşkil edir. Xüsusilə işçi qüvvəsinin bacarıqlarının və işəgötürənlərin ehtiyaclarının daha yaxşı uyğunlaşdırılmasını təmin etmək üçün peşə təhsili və təliminə xüsusi diqqət yetirilir.

Aİ-nin “Erasmus+” proqramı 2015-ci ildən 2018-ci ilə kimi Azərbaycanın 1300-dən çox tələbəsi və müəlliminə Aİ ölkələrində təhsil almaq və ya dərs demək, o cümlədən 700-ə yaxın avropalıya Azərbaycana getmək imkanı verib. Bundan əlavə, 2800-dən artıq azərbaycanlı gənc və gənclər təşkilatlarının işçisi qısamüddətli mübadilə, yerdəyişmə, təlim və könüllülük layihələrində iştirak edib.

 

Multikulturalizm

2016-cı ilin dekabrında Bakıda “Dinlərarası dözümlülük və medianın rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 2017-ci ilin sentyabrında və 2018-ci ilin iyun ayında Azərbaycanın müxtəlif dini icmalarının liderlərinin Aİ-nin Brüsseldə yerləşən institutlarına səfəri təşkil edilib. Bunun ardınca isə 2017 və 2018-ci ilin oktyabr ayında Bakıda mədəniyyətlərarası dialoq və dözümlülük dəyərlərini incəsənət yolu ilə təşviq etmək üçün hər il ənənəvi keçirilən “Təsəvvür et” adlı Avropa Tolerantlıq Festivalı təşkil olunub. 2019-cu ilin aprelində Bakıda Dinlərarası Dialoq və Radikallaşmanın Qarşısının Alınmasına dair Konfrans keçirilib.