Polad Bülbüloğlu: “Bu gün Qarabağ münaqişəsini silahlı yolla həll etmək üçün Azərbaycanın bütün imkanları var”

Lənkəran İstisu və Sağlamlıq Mərkəzinin təqdimatı olub
Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu
“Formula 1” – Azərbaycan Qran-prisi zamanı Bakı bulvarı bağlı olmayacaq

Moskvada Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunan təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə xarici ölkələrin səfirləri, hərbi attaşeləri, diplomatlar, diaspor nümayəndələri iştirak ediblər.

Mərasimi girişi sözü ilə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açıb. O, çıxışında ordunun yaranmasının hər bir dövlətin, xalqın həyatında mühüm hadisə olduğunu söyləyib: “Rusiyada düzgün bir deyim var. Dövlətin ən böyük dostu, onun ordusu və donanmasıdır. Bu, həqiqətən də belədir. Əgər həqiqətən müstəqil olmaq istəyirsənsə, sənin güclü ordun olmalıdır. Əks təqdirdə, müstəqil olmaq çətindir. Bəxtim gətirib. Çünki, bu gün Bakıda ordumuzun yaranmasının 100 illiyinə həsr olunan hərbi paradda iştirak etdim. Ali baş komandan, prezident İlham Əliyevin çıxışını, hərbi texnikamızın paraddakı nümayişini izlədim. Çox böyük qürur hissi duydum. Mən, yaşlı nəslin nümayəndəsiyəm. Biz, Sovetlər İttifaqında doğulmuşuq. SSRİ-nin ordusu ilə, Sovetlər xalqının Böyük Vətən müharibəsindəki qələbəsi ilə qürur duyurduq. Bu qələbə bizi birləşdirirdi. Biz yaşlı nəsil heç vaxt bunu unutmuruq. Bu gün isə Bakıda keçirilən hərbi paradda tribunada oturanda zabit və əsgərlərimizə baxdım qürur hissi keçirdim. Daha sonra paradda nümayiş olunan fərqli ölkələrdən alınan müasir hərbi texnikanı gördüm, anladım ki, həqiqətən də Azərbaycan ordusu bütün təcavüzlərin qarşısını almaq və Ali Baş komandanın bütün tapşırıqlarını yerinə yetirmək əzmindədir. Prezidentimiz İlham Əliyev çıxışında bir daha qeyd etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh, danışıqlar yolu ilə həll etmək istəyir. Əlbəttə ki, prezidentimiz Ali Baş komandan kimi, ata kimi, baba kimi, hər iki tərəfdən cavan insanların ölməsini istəmir. Ona görə də, biz, əlimizdən gələni edirik ki, münaqişə sülh yolu ilə həll olunsun. Lakin Azərbaycan rəhbərliyinin və xalqının səbri sərhədsiz deyil. Əlbəttə ki, biz, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiya Federasiyasına, eləcə də Minsk Qrupunun özünə böyük ümidlər bəsləyirik ki, bu məsələ ən yaxın vaxtda ədalətli şəkildə həll olunacaq. Bir daha təkrarlamaq istəyirəm ki, Bakıda keçirilən paradda bir tamaşaçı kimi iştirak edirdim. Qeyd etmək istəyirəm ki, bu gün Qarabağ münaqişəsini silahlı yolla həll etmək üçün Azərbaycanın bütün imkanları var. Digər məsələ, vəziyyətin daha sonra necə inkişaf edəcəyidir. Bir daha təkrarlamaq istəyirəm ki, biz, münaqişəsinin sülh yolu ilə həll olunmasını çox istəyirik”.

Səfir çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyini qeyd etmək üçün mərasimə təşrif buyuran qonaqlara təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Nadir Şahbazov Azərbaycan Silahlı Qüvvələrin yaranması və formalaşmasının tarixi mərhələlərindən danışıb. O, 1918-ci ilin 26 iyunu tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk milli diviziyanın və müdafiə nazirliyinin yaradılması haqqında qərar qəbul etdiyini bildirib: “General Səməd bəy Mehmandarov müdafiə naziri, general Əliağa Şıxlinski onun müavini, general Süleyman Şulkeviç isə baş qərargah rəisi təyin olunublar. 1919-cu il Milli Ordunun yaranması prosesində həlledici mərhələ olub. 1920-ci ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələrinin formalaşması tam başa çatıb”.

Hərbi attaşe 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 26 iyun tarixi Silahlı Qüvvələrin yaranması Günü və dövlət bayramı kimi qeyd olunduğunu vurğulayıb. O, Azərbaycan ordusunun qarşısında duran bütün vəzifə və tapşırıqları yerinə yetirmək qüdrətində olduğunu söyləyib: “İşğal altında olan torpaqlarımızda elə bir hərbi və ya strateji hədəf yoxdur ki, biz, onu məhv edə bilməyək. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü ordularının reytinqində yüksək pillədə yerini alır. Ordumuzun döyüş ruhu hər zaman yüksəkdir. Hal-hazırda 90-cı illərdən fərqli olaraq düşmənin qarşısında “status-kvo”nu Azərbaycanın xeyrinə dəyişə biləcək yüksək hazırlıqlı və müqayisə olunmayacaq dərəcədə güclü ordu dayanır”.

Mərasimdə Bakıda keçirilən hərbi paraddan görüntülər nümayiş olunub. Qonaqlara Azərbaycan SQ-nin yaranmasının 100 illiyi münasibəti ilə ziyafət verilib.