“newsblaze.com” saytı: “Yəhudi uşaqlarını xilas etmiş azərbaycanlı kəşfiyyatçı “Dünyanın mömin adamı” fəxri adına layiqdir”

Almaniya, Fransa və İtaliya liderləri Kiyevə gəliblər
Azərbaycan Çində “Bir kəmər – Bir yol” qlobal ticarət palataları və assosiasiyaları konfransında təmsil olunub
“Caspian European Club” kluba üzv olmağın şərtlərini yeniləyib

1941-ci ildə Kremlin “məxfi qrupu” Hitlerin əsas əlaltılarından biri olan Karl fon Rodenburqu öldürməyib onun diri tutulmasını qərara aldı. Bu iş “Həmzə baba”nın – şərti adı “Sadıqaşvili” olan azərbaycanlı, sovet kəşfiyyat zabiti Həmzə Cümşüd oğlu Sadıqovun qrupuna tapşırıldı.

Bir neçə gün bundan əvvəl Amerikanın populyar “newsblaze.com” informasiya-analitik saytında dərc olunmuş məqalə bu barədədir.

Məqalənin müəllifi, amerikalı jurnalist xanım Nurit Qringer qeyd edir ki, nasist Almaniyası vermaxtının generalı Karl Rodenburq Stalinqrad döyüşü dövründə 76-cı piyada diviziyasının komandiri olub.

Amerikalı jurnalist yazır: “Sovet DTK-sının 70 il ərzində məxfi saxladığı sənədlərə əsasən sonradan SSRİ Baş Kəşfiyyat İdarəsinin dördüncü bölməsi adlanan 44388 nömrəli baş idarənin əsas vəzifələrindən biri Hitlerin generalları barədə material toplamaqdan ibarət idi. Həmin generallardan səkkizi hərbçilər nəslindən olub Birinci Dünya müharibəsində iştirak etmiş və Hitlerin ən yaxın məsləkdaşlarına çevrilmişdi. Xüsusi qəddarlığı ilə ad çıxarmış, lakin atəş səsinə dözə bilmədiyinə görə “sakit general” ləqəbi qazanmış general fon Rodenburq da qeyd edilən səkkiz generaldan biri idi. Rodenburq özünün imzaladığı əmrlərin birində yazmışdı: “… Yəhudilərə münasibətdə qəddar və amansız olmaq lazımdır”.

1940-cı ildən etibarən fon Rodenburqun tabeliyində olan “Odessa” adlı xüsusi nasist bölməsi bioloji silah yaradılması ilə məşğul idi. Bu qrup xüsusi əhəmiyyət kəsb edirdi, çünki onun üzvləri siyahısına Hitlerin sevimli dəstəsinin komandiri, SS təxribatçısı, ştandartenfürer Otto Skortseni və Osvensim-Birkenau cəza düşərgəsində məhbuslar üzərində kriminal eksperimentlər aparan “doktor” Yozef Mengele daxil idi.

Deyilənə görə, özünü fürerin məğlubedilməz əsgəri hesab edən fon Rodenburq tez-tez xatırladırmış ki, onu əsir götürən adamı güllələməyə müvəffəq olub və həmin adam rus deyil, hansısa başqa millətin nümayəndəsi imiş”.

Qringerin fikrincə, alman qoşunları Stalinqradda təslim olmaq ərəfəsində ikən Hitler Rodenburqa bütün su quyularını və su anbarlarını zəhərləmək və məhv etmək barədə əmr verib. Nurit Qringer yazır: “Sovet kəşfiyyatı fon Rodenburqu asanlıqla aradan götürə bilərdi. Buna baxmayaraq, Hitlerin “bioloji silahının atası” hesab edilən Rodenburq Abver tərəfindən cəlb edildiyinə və 1939-cu ildən sovetlər üçün xüsusi əhəmiyyət kəsb edən informasiya daşıyıcısı olduğuna görə sovet kəşfiyyatı bu generalı diri tutmağı qərara almışdı. Bu isə çox təhlükəli məsələ idi.

Nürnberq məhkəmə araşdırmasının məlumatına görə, Rodenburqun diri tutulması nəticəsində minlərlə sovet adamının həyatı xilas edilib. Belə bir ehtimal var ki, fon Rodenburqun tutulması 35 dəqiqə geciksəydi, o, Stalinqradda zəhərləyici maddələrdən istifadə edə bilərdi. Əməliyyat şahidlərinin ifadələrinə görə, alman generalı fon Rodenburq hər şeydən, hətta özünün alman əsgər və zabitlərindən də qorxurdu. Rodenburqun qərargahına hücum zamanı Sadıqaşvilinin qrupu xeyli döyüşçü itirdi. Həmzə Sadıqov şəxsən avtomatını alman generalının gicgahına tuşlayaraq onu diz çökməyə məcbur etdi. Lakin Rodenburq qəflətən sıçrayaraq tapançadan bir neçə dəfə atəş açıb Sadıqovu yaraladı. Nürnberq prosesinin materiallarında göstərilirdi ki, fon Rodenburq bioloji silah yaradılması sahəsində özünün ölümsaçan “ixtiralarını” hamilə yəhudi qadınlar, yəhudi uşaqlar və məhbuslar üzərində sınaqdan keçirirmiş”.

SMERŞ qrupunun məlumatına görə, alman generalı Rodenburqun əmrinə əsasən, xüsusi otaq yaradılmışdı. Orada çoxsaylı yəhudi uşaqlar güclü mühafizə altında saxlanılır və fon Rodenburq öz qəddar əmrlərini çox vaxt şəxsən özü yerinə yetirirdi.

Məqalədə deyilir: “Almanlar bu uşaqları alçaldır, təhqir edir və güllələyirdi. Sovet kəşfiyyatı qarşısında Rodenburqun bütün qərargahını həmin yəhudi uşaqlarının saxlandığı zirzəmi ilə bərabər partlatmaq vəzifəsi qoyulmuşdu. Kəşfiyyat qrupunun rəhbəri Sadıqaşvili (Həmzə Cümşüd oğlu Sadıqov) yüzdən çox yəhudi uşağını zirzəmidən azad edib, sonra ikinci mərtəbəyə qalxıb və zirzəmidə gördüklərinin təsiri altında xüsusi peşəkarlıqla general fon Rodenburqa hücum edib və alman generalını şəxsən əsir götürüb”.

Qringer həmin məqaləsində qeyd edir ki, keçmiş Xalq Daxili İşlər Komissarlığının 52-ci xüsusi motoatıcı briqadasının üzvü Avraam Koqan 51-ci motoatıcı diviziyanın polkovniki Həmzə Sadıqov haqqında yazıb: “Bakıda anadan olmuş İsaak Aaron Mixayloviç məni əsl azərbaycanlı qəhrəmanla tanış etdi. Bu şəxs Rodenburqun “Ölüm sarayı”nda saxlanılan 30-dan çox yəhudi ailəsini və yüzə yaxın yəhudi uşağın oradan azad olunmasında və xilas edilməsində müstəsna rol oynayıb. Xilas edilmiş uşaqların siyahısı Moskvaya göndərilib. Yəhudi dostlarım və mən özüm Sadıqovu “eloğlu” adlandırırdıq. Biz onun qəhrəmanlığı haqqında sinaqoqa məktub göndərdik. Məktub on bir zabit tərəfindən imzalanmışdı. Biz sinaqoqun rəhbəri Solomondan xahiş etdik ki, bizim üçün dua edəndə Sadıqov üçün də etsin”.

1949-cu il oktyabrın 22-də İsraildə çıxan gündəlik “Maariv” qəzetində hərbi jurnalist İ.Feldmanın “Borc” sərlövhəli məqaləsi dərc edilmişdi. Müəllif həmin məqalədə Həmzə Sadıqovun fəaliyyəti barədə ətraflı söhbət açır. Feldman yazırdı: “Müharibə kimin kim olduğunu göstərən səhnədir. O, heç kəsi bağışlamır və heç kəsə minnət qoymur. Azərbaycanlı Həmzə Sadıqov 1942-ci ildə İsrailin yeni tarixinin əsas səhifələrindən birinə çevrilmiş Stalinqrad döyüşlərində bizim uşaqları labüd ölümdən xilas edib. Biz yəhudi tarixçilərimizdən xahiş edirik, bizim uşaqları faşist əsirliyindən xilas etmiş bu rəşadətli azərbaycanlı döyüşçü Sadıqov haqqında yazsınlar, onun qəhrəmanlığını, bizim ailələrimizə və uşaqlarımıza göstərdiyi təmənnasız köməyi işıqlandırsınlar. Biz bu qəhrəmanın taleyini unutmamalıyıq”.

Amerikalı jurnalist xanım qeyd edir ki, illər boyu tarix dərsliklərində və memuar ədəbiyyatında azərbaycanlı qəhrəman Həmzə Sadıqovun adı uzun çəkilməyib, bu qəhrəman haqqında heç kəs heç nə bilmirdi. Nurit Qringer vurğulayır: “Dəmir pərdə” götürüləndən sonra, arxivlər açılanda, qismən unudulmuş və ya gizli saxlanılan adlar üzə çıxanda insanlar şərti adı “Sadıqaşvili” olan Həmzə Sadıqovu tanıdılar. Vaxtilə o, göstərdiyi fədakarlığa və qəhrəmanlığa görə “Qızıl ulduz” medalı və Sovet İttifaqı Qəhrəmanı adı almağa təqdim edilmişdi. Həmzə Sadıqovun ölümündən sonra onun rəşadəti, igidliyi və cəsurluğu barədə xəbərlər Azərbaycana, onun doğma Ağdam rayonuna çatdı. O, əsl qəhrəmandır və bu gün onun məzarı Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qalıb. Onlarca yəhudi ailəsini qəddar faşistlərdən xilas etmiş qəhrəmanın məzarının işğal altında olan torpaqlarda qalması ürək ağrıdır. Çox güman ki, erməni vandallar onun məzarını dağıdıblar. Axı erməni faşistlər nasistlər kimi Azərbaycanın Xocalı şəhərində və Azərbaycanın işğal edilmiş digər ərazilərində azərbaycanlı uşaqları qətlə yetirir və məhv edirdilər”.

Amerikalı jurnalist “newsblaze.com” informasiya-analitik saytında yazır: “Azərbaycana sonuncu səfərim zamanı dostum məni Firdovsi Sadıqovla görüşdürdü və mən Həmzə Sadıqovun tarixçəsini, necə deyərlər, ilk mənbədən eşitdim. Firdovsi Sadıqov Həmzə Sadıqovun oğludur. Uşaq vaxtı bu əhvalat barədə məlumatı az olub, yaşa dolanda isə onun haqqında çox şey öyrənib. Firdovsi Sadıqovun evi əsl muzeyə oxşayır. Bir tərəfdə atası, qəhrəman Həmzə Sadıqovun hərbi geyimdə çəkilmiş böyük fotoşəkilləri, digər tərəfdə Azərbaycan rəhbərliyinin və İsrailin liderləri David Ben-Qurionun və Binyamin Netanyahunun fotoşəkilləri, yanaşı qoyulmuş Azərbaycan və İsrail bayraqları diqqəti cəlb edir. Bütün bunları görəndə əvvəlcə təəccüblənirsən, sonra isə masa arxasında əyləşib bu qəhrəmanın oğlu ilə söhbət etdikcə, bir qədər sakitləşirsən. Bu maraqlı tarixçə insanı riqqətə gətirir. Dostumun sayəsində mən Azərbaycanın paytaxtında Firdovsi Sadıqov kimi qiymətli insan tapdım. Bir neçə saat davam edən söhbətimiz zamanı ənənəvi Azərbaycan yeməklərini və içkilərini daddıq. Əsasən onun atası – qəhrəman Həmzə Sadıqov və onun yəhudi xalqına, İsrail Dövlətinə səmimi sevgisi və hörməti barədə danışırdıq”.

Nurit Qringer qeyd edir ki, Firdovsinin nənəsi və babası 1905-ci ildə hazırda işğal altında olan Şuşanı tərk edərək Ağdamda məskunlaşıblar. Çünki o vaxt Şuşada ermənilərlə azərbaycanlılar arasında iğtişaşlar baş verib. Qringer yazır: “Firdovsinin atası Həmzə Sadıqov 1915-ci ildə Ağdamda anadan olub və 1964-cü ilə qədər orada yaşayıb. 1945-ci ildə Həmzə Sadıqov cəbhədən evə qayıdanda Azərbaycan SSR-in partiya lideri Mircəfər Bağırovla görüşüb. Həmzə fəxr edirdi ki, fon Rodenburqu oğurlayıb (zərərsizləşdirib, həbs edib). Həmzə Ağdam sakinlərinin də fəxri idi. Həmzə Sadıqov 1964-cü il mayın 9-da, 49 yaşında ikən vəfat edib. 1992-ci ildə Ermənistanla münaqişə və Ağdamın işğalı dövründə Sadıqovlar ailəsi Ağdamdan Bakıya köçdü, Həmzənin məzarı ermənilər tərəfindən işğal olunmuş və dağıdılmış Ağdamda qaldı”.

Amerikalı jurnalist vurğulayır ki, Firdovsi Sadıqov 15 yaşında ikən itirdiyi atası ilə fəxr edir. Axı o, onlarca yəhudi ailəsini və yüzlərlə yəhudi uşağını qaçılmaz ölümdən və zülmdən xilas edib. Firdovsi Sadıqov deyib: “Uşaqlar hər yerdə uşaqdır. Faşistlərin uşaqları belə qəddarcasına öldürməsini biləndə dəhşətə gəlirəm. Rodenburqun tutulması üzrə əməliyyat zamanı atam ağır yaralanıb, lakin bu zaman o, özü haqqında düşünmür, öldürülə biləcəyindən qorxmurdu, ilk növbədə, uşaqları xilas etmək barədə düşünürdü. Mən atam haqqında bütün bunları təxminən 20 il bundan əvvəl öyrəndim. 1976-cı ildə bildim ki, atam sovet ordusunda kəşfiyyatçı zabit olub. 1976-cı ildə Sovet İttifaqının faşist Almaniyası üzərində Qələbəsinin ildönümü günündə iştirak etmək üçün qonşu Gürcüstana getdim və orada sovet ordusunda atamla birgə xidmət etmiş insanlarla görüşdüm”.

Nurit Qringer Amerikanın populyar “newsblaze.com” informasiya-analitik saytında dərc olunmuş məqaləsində qeyd edir ki, azərbaycanlıların çoxu kimi Firdovsi də yəhudi xalqını çox sevir və İsrail Dövlətinə böyük rəğbət bəsləyir. O yazır: “Buna sübut kimi gördük ki, onun qonaq otağının divarlarında İsrailin ilk Baş naziri David Ben-Qurionun və İsrailin indiki Baş naziri Binyamin Netanyahunun fotoşəkilləri asılıb. Bu ekspozisiyanın bir hissəsi kimi iki ölkənin – Azərbaycanın və İsrailin bayraqları yanaşı qoyulub. Firdovsinin bir arzusu var: istəyir ki, İsrail Dövləti qəhrəman Həmzə Sadıqovun xatirəsini yad etsin. Firdovsinin qəhrəman atası ölümündən əvvəl ona deyib: “Yəhudilər səni axtarıb tapacaqlar”. Doğrudan da mən – yəhudi qızı Firdovsini axtarıb tapdım. Əminəm ki, başqa yəhudilər də onu tapacaqlar.

Firdovsi Sadıqov atası barədə söhbətini yekunlaşdıranda mənə bir sirr açdı. Dedi ki, Həmzə Sadıqov barəsində Rusiyanın hərbi kitabxanalarından topladığı məlumatlar əsasında onun haqqında kitab yazıb. Bu ibrətamiz hekayət bir daha sübut edir ki, insanların yaxşısı da olur, pisi də. Həmzə Sadıqov Azərbaycanın Ağdam rayonunda doğulub boya-başa çatmış azərbaycanlı, müsəlman idi. Azərbaycan həmişə onun qəlbində idi. O inanırdı ki, müharibə dövründə Allah onun üstündə olub.

İsraildə Holokost dövründə yəhudilərin xilas olunmasına kömək etmiş insanlara “Dünyanın mömin adamı” fəxri statusu verilir. Həmzə Sadıqov bu ada layiqdirmi? Mən inamla deyirəm: Bəli! İnsan müəyyən etnik və ya dini qrupun üzvü olmaqdan əvvəl, ilk növbədə, insandır. Ona görə də mən bir yazıçı, jurnalist kimi Azərbaycan xalqına böyük hörmət bəsləyirəm və Həmzə Sadıqov Holokost dövründə yüzlərlə yəhudi uşağını xilas etdiyi kimi, mən də bu xalqa hər cəhətdən kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

AZƏRTAC