Ukraynada prezident seçkiləri başa çatdı. Bəs sonra…?

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı
Elxan Süleymanov: “Humanitar atəşkəs Ermənistanın təxribatları nəticəsində başlamamış pozuldu”
Qarabağ həqiqətlərinin dünyaya çatdırmaq üçün ən əsası regionda lider dövlət olan Azərbaycan Respublikasının daha da güclənməsi vacibdir

Suallarımızı Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının professoru, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev cavablandırır.

-Ukraynada Zelenskinin Prezident seçilməsini necə dəyərləndirirsiniz?

-Mən bu faktı normal hal kimi qiymətləndirirəm. Hazırda dünya nizamı transformasiya dövründədir. Müxtəlif ölkələrdə seçki yolu ilə hakimiyyətə siyasi təcrübəsi olmayan yeni insanlar gəlir. BU isə dünyada toplanmış problemlərin əksər halda öz həllini tapa bilməməsi, siyasi təcrübəsi olan hakimiyyət mənsublarının bir sıra hallarda mövcud problemləri ənənəvi vasitələrlə həll edə bilməməsi, ən əsası isə böyük dövlətlərin öz maraqlarının təmin edilməsinin mövcud vəziyyətindən qane olmamaları və daha böyük iddialar irəli sürmələri və geosiyasi rəqabətin hədsiz dərəcədə gərginləşməsi ilə bağlıdır. Bu iddialar sonda mövcud beynəlxalq hüquq normalarının böyük dövlətlər tərəfindən pozulması, kicik və orta dövlətlərin təhlükəsizliyinə yeni təhdidlərin meydana gəlməsi ilə nəticələnir. Ukrayna belə təhdidlərlə üzləşmiş bir dövlətdir, beynəlxalq səviyyədə onun ərazisi kimi tanınan Krım ilhaq edilib, bu dövlətin şərqində de-fakto qonşu böyük dövlət tərəfindən birbaşa dəstəklənən separatçı qurum formalaşdırılıb. Ukrayna dövləti, onun prezidenti Poroşenko son beş il ərzində birbaşa Rusiya təbliğat maşını ilə üzbəüz qalmışdı. Böyük resurslara və imkanlara malik olan Rusiyanın təzyiqləri altında Ukrayna rəhbərliyinin həyata keçirdiyi siyasətin səmərəlilik dərəcəsindən asılı olmayaraq ölkənin sosial-iqtisadi problemlərlə qarılaşacağı labüd idi. Belə də oldu. Poroşenkonun prezidentliyi dövründə əhalinin sosial vəziyyəti ciddi şəkildə pisləşdi, ölkədə korrupsiya geniş vüsət aldı. Poroşenko bu negativ proseslərin qarşısını ala bilməzdi və ala bilmədi. Belə bir şəraitdə Poroşenkonun seçkiləri uduzması qaçılmaz idi. Əhali Zelenskiyə səs verməklə yeniliyi dəstəklədi və gələcəyə ümidlə baxdığını ortaya qoydu. Zelenski seçkilərdə qalib gəldi, Poroşenko ekzit-polların nəticələri açıqlandıqdan sonra Zelenskinin qələbəsini etiraf etdi və gələcəkdə Zelenski ilə əməkdaşlığa hazır olduğunu bəyan etdi. Bununla da, bütün çətinliklərə və mürəkkəb siyasi vəziyyətə baxmayaraq, Ukraynada prezident seçkiləri dinc şəraitdə başa çatdı və postsovet məkanında keçirilən demokratik seçkilərdən biri kimi tarixə düşdü.

 

-Siyasətdə təcrübəsi olmayan prezidentin seçilməsi ilə Ukraynanın xarici və daxili siyasətində nə kimi dəyişikliklər gözlənilir?

-Müxtəlif ekspertlər və siyasət adamları tərəfindən Zelenskinin artistliyi ifrat dərəcədə qabardılır. Lakin o, ali ali təhsilli hüquqşünasdır. Eyni zamanda qeyd edilməlidir ki, onun nəinki siyasətdə, həm də dövlət idarəçiliyində heç bir təcrübəsi yoxdur.

Lakin iki turdan ibarət olan seçkilər zamanı Zelenskinin qalib şıxması, əsasən də ikinci turda təşəbbüsü ələ alması onun məsuliyyətli insan olmasından xəbər verir. Bu eyni zamanda Zelenskinin kifayət qədər təcrübəli və professional məsləhətçilərinin olduğunu sübut edir.

Sözsüzki, hazırda konkret nə isə demək çətindir. Lakin yaxın illər ərzində Ukraynada hakimiyyətə gələn istənilən prezident qərbyönümlü siyasət həyata keçirəcək. Bununla belə həm daxili, həm də xarici siyasətdə müəyyən dəyişikliklərin olması qaçılmazdır. Bu dəyişikliklərin konturları barədə Zelenski prezident səlahiyyətlərini həyata keçirməyə başladıqdan bir müddət sonra fikir söyləmək olar. Düşünürəm ki, istənilən halda prezident kimi Zelenski üçün Krım və Donbasla bağlı məsələ, korrupsiyanın və yoxsulluğun qarşısının alınması kimi məsələlər prioritet olacaq.

 

-Ukraynanın Qərblə münasibətlərinə nə kimi təsiri olacaq?

-Yuxarıda qeyd etdiklərimdən aydındır ki, Zelenski prezidentliyi dövründə Qərblə münasibətlərini daha da genişləndirəcək. Bunu hadisələrin gedişatı göstərir.

 

-Ukrayna – Rusiya münasibətlərində hansı dəyişikliklərin olacağını proqnozlaşdırırsınız?

-Hesab edirəm ki, yaxın gələcəkdə Ukrayna-Rusiya münasibətləri gərgin olaraq qalacaq. Belə ki, Ukraynanın Qərbyönümlü siyasəti Rusiyanın maraqlarına ziddir, bunu Rusiya qəbul edə bilmir. Rusiya postsovet ölkələrini öz təsir dairəsinə daxil olan məkan hesab edir, burada hər hansı birtərəfli Qərbyönümlü siyasətə qarşı müxtəlif sferalarda (siyasi, hərbi, humanitar və s.) sərt addımlar atmaqdan çəkinmir. Biz dəfələrlə bunun şahidi olmuşuq. Rusiya bu siyasətində israrlıdır. Ukraynada keçirilən prezident seçkilərindən dərhal sonra Donbas əhalisinə sadələşdirilmiş formada vətəndaşlıq verilməsi ilə bağlı qərar buna nümunədir. Əlbəttə, bu qərar Pusiya prezidenti Vladimir Putinin qeyd etdiyi kimi humanitar xarakter daşıyır. Lakin bu ilk baxışda belədir. Bu qərarın uzağagedən məqsədləri var və bu qərar gələcəkdə hətta iki ölkənin birbaşa silahlı qartşıdurması ilə də nəticələnə bilər.

Beləliklə, biz yaxın gələcəkdə böyük ehtimalla Ukrayna-Rusiya münasibətlərində ziddiyyətlərin daha da dərinləşəcəyini görəcəyik. Qərb isə öz növbəsində bu vəziyyətdən yararlanmağa çalışacaq.

 

-Ukrayna–Azərbaycan münasibətləri hansı istiqamətdə irəliləyəcək?

-Azərbaycan və Ukrayna xalqları tarixən biri-birinə isti münasibət göstəriblər, bu münasibət indi də davam edir. Müasir dövrdə iki ölkə arasında müxtəlif sahələrdə sıx əlaqələr qurulub.

Ukrayna-Rusiya münasibətləri kontekstində Azərbaycanın rəsmi mövqeyi dəfələrlə açıqlanıb: Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, Rusiya və Ukrayna qonşu ölkələrdir, hər iki ölkə ilə Azərbaycanın sıx tərəfdaşlıq münasibətləri var, odur ki, bu ölkələr arasında normal münasibətlərin olmasının tərəfdarıdır.

Düşünürəm ki, Zelenskinin prezidentliyi dövründə Azərbaycan və Ukrayna münasibətləri daha da inkişaf edəcək.

 

Fatma Həsənova,  AVCİYA