İşğal olunmuş Azərbaycan torpaqlarında terror təşkilatı yaradan şəxslər barəsində cinayət işi başlanıb

Ekologiya və təbii sərvətlər naziri AmCham üzvlərini Şərqi Zəngəzur və Qarabağ İqtisadi zonalarında ətraf mühitin vəziyyəti və görüləcək işlərlə tanış edib
Azərbaycanda 4 400-dən çox məktəb var
Prezidentin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamı

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən digər dövlət qurumları ilə birgə zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, Ermənistan Respublikasının vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistan Respublikasından kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” (“Voxj Mnalu Arvest” – sağ qalmaq sənəti) adı altında Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat  təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “Asala”, “PKK” və digər terror təşkilatlarının üzvlərini “VoMa”nın üzvlüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”)  tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib.

Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluq əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı  ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.

APA