Litvalı jurnalistlər məcburi köçkünlərlə görüşüblər

Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycan torpaqlarının işğalın nəticələri
Ağdam rayonu haqqinda ümumi məlumat

Ölkəmizdə səfərdə olan litvalı jurnalistlər Adeanas Praleika və Romualdas Jurgaitis oktyabrın 16-da Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olublar. Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şərait haqqında məlumat veriblər.

Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Ərazimizin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı yeddi rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Diqqətə çatdırılıb ki, nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq, Ermənistan bunların heç birinə məhəl qoymur. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.

Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu uğurlu neft strategiyasından əldə olunan ilk vəsait bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu humanist siyasət hazırda dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait dünyanın ən yaxşı göstəriciləri sırasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq dünyada bir model kimi qəbul olunur və bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir.

Məlumat verilib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqları diqqətə çatdırılıb, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salındığı, 250 min nəfərin bu qəsəbələrə köçürüldüyü qeyd edilib.

Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və Zəngilan rayon “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.

Litvalı jurnalistlər daha sonra Zəngilan rayonundan məcburi köçkün Vəli Quliyevin mənzilində olub və ailə ilə söhbət ediblər.

Görüşdə Litvadan olan jurnalistlər ətraflı məlumat üçün təşəkkür edərək bildiriblər ki, əldə etdikləri məlumatlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. Onlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq, Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.