Azərbaycan ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Elxan Süleymanov: “Biz böyük bir ədalətsizliyin, haqsızlığın şahidi olduq”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
XİN nümayəndəsi: Azərbaycan ərazisinə qanunsuz səfər edən Fransa nümayəndələrinin davranışı qəbuledilməzdir

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov oktyabrın 16-da bu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Nazirlər hərbi sahədə əməkdaşlığın inkişafının ikitərəfli münasibətlərimizin daha da dərinləşməsinə, xüsusilə Müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Tərəflər Azərbaycan və Gürcüstan ərazisində mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov görüşdə iştirak edib.

Xətayi Əzizov, AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi