Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov MDB ölkələri Parlamentlərarası Assambleyası (PA) Şurasının iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqun Tavriya sarayında keçirilən iclasda, həmçinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan parlamentlərinin nümayəndələri iştirak ediblər.
MDB Parlamentlərarası Assambleyası Şurasının sədri V.Matviyenko iclası açaraq MDB Dövlət Başçıları Şurasının oktyabrın 11-də Soçidə keçirilmiş iclası barədə məlumat verib.
Şuranın üzvləri “Nasizmə bəraət qazandırılmasına və antihitler koalisiyası əsgərlərinin xatirəsinin təhqir olunmasına yol verilməməsi haqqında” bəyanat qəbul edib, MDB-nin “Birlik uşaqları” V Beynəlxalq Mədəni-Maarif Forumunun nəticələri, MDB ölkələrində, o cümlədən Qazaxıstan, Qırğızıstan və Ermənistan parlamentlərində keçirilən seçkilərdə, habelə 2018-ci ildə baş tutacaq seçkilərdə müşahidə missiyalarının təşkili məsələləri ilə bağlı məruzələri dinləyiblər.
İclasda İqtisadi Məsələlər üzrə Ekspertlər Şurasının yaradılması təklifi və MDB Parlamentlərarası Assambleyasının 2018-ci il üçün iş planı müzakirə olunub.
Parlamentlərarası İttifaqın sədr müavini Konstantin Kosaçyov Parlamentlərarası İttifaqın 137-ci Assambleyasının gündəliyi barədə məlumat verib.
İclasda Qazaxıstan parlamentinin sədri Nurlan Niqmatulinə və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə “MDB PA. 25 il” medalı təqdim olunub.
Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq