Bu gün Zəngilan şəhərinin işğaldan azad edilməsindən bir il ötür

Novruz Məmmədov: Seçkilərin daha erkən tarixə təyin edilməsi dövlətin qarşısında duran mühüm məsələlərin həlli baxımından vacibdir
Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 53-cü plenar iclasında çıxış edib
ATƏT-in fəaliyyətdəki sədri: “Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasındakı görüş konstruktiv keçib”

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 1 il ötür. Düz bir il öncə düşmənə qan udduran qəhrəman Azərbaycan əsgəri bununla bağlı Ali Baş Komandana məruzə etdi: “Möhtərəm cənab Prezident, cənab Ali Baş Komandan, əmrinizə uyğun olaraq məruzə edirəm ki, Zəngilan şəhəri və ətraf əraziləri işğaldan azad olunmuşdur. Hazırda Azərbaycan bayrağı dalğalanmaqdadır. Yaşasın, Azərbaycan! Yaşasın, Ali Baş Komandan! Qarabağ Azərbaycandır!”.

AZƏRTAC-ın müxbiri “Zəngilanın səsi” qəzetinin baş redaktoru Salam Cavadlı ilə görüşüb, onun Zəngilan şəhərinin azad olunmasının bir illiyi ilə əlaqədar sevinc dolu hissələrini qələmə alıb.

Zəngilan rayonu haqqında məlumat verən Salam Cavadlı bildirib ki, Azərbaycanın cənub-qərbində, Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşən Zəngilan Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, Cənubdan Araz çayı boyunca İran, Qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

Vaxtilə rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu, İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 kilometrdir. Ərazisində bir sıra faydalı qazıntılar – tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı var. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Yüzilliklərdən keçib gələn çinar meşəsi sahəsinə görə planetdə ikinci, Avropada birinci olan füsunkar bir məkandır.

Zəngilan rayonunun respublikada ərazisindən dörd çay keçən yeganə, unikal bir ərazi vahidi olduğunu deyən baş redaktor qeyd edib ki, üzüm plantasiyalarında istinin qora bişirdiyi vaxt buz bulaqlı Şükrataz yaylağında soyuğun insanlara kürk geyindirdiyi təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə rayon “Qızıl Zəngilan” adlandırılır.

1993-cü il oktyabrında Ermənistan tərəfindən işğal edilən Zəngilanın düz 27 il sonra – 2020-ci ilin oktyabrında azad olunması xəbərini böyük sevinclə qarşıladığını söyləyən Salam Cavadlı deyib: “Artıq biz köçkünlərin həyatı dəyişib. Qara, boz, solğun rəngləri parlaq, al-əlvan çalarlar əvəz edib. Hər il oktyabr ayında dərdimiz, əzabımız bir daha təzələnirdi. Artıq o qara günlər geridə qaldı. Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti, qətiyyətli rəhbərliyi ilə Azərbaycan əsgəri torpaqlarımızı, o cümlədən Zəngilanımızı işğaldan azad etdi. İndi oktyabrı böyük sevinclə gözləyirik. Gözləyirik ki, doğma rayonumuzun azadlığa qovuşduğu günü təm-təraqla qeyd edək”.

“Zəngilanın səsi” qəzetinin baş redaktoru qeyd edib ki, bu ölüm-dirim savaşında tariximizə yaraşmayan qara ləkəni sildik. 27-28 il çiynimizdə, ürəyimizin başında gəzdirdiyimiz ağır yükdən azad olduq. Mənəvi-psixoloji cəhətdən təmizləndik. İçimizdəki mənfi yüklər müsbət enerji ilə əvəzləndi. Düşmən təxribatına cavab olaraq başladığımız müharibə həm də ölkəmizdə yaşayan millətlər üçün şərəfli sınaq oldu. Müharibəyə bütün bölgələrdən qatılan övladlarımız hünər, qorxmazlıq nümunəsi göstərdilər və sübut etdilər ki, Azərbaycan başdan-başa igid oğullar diyarıdır.

Uzun illərdən sonra Zəngilana ayaq basan Salam Cavadlı deyir ki, yolları, şəhərin küçələrini kol-kos basmışdı: “Az sayda dağıdılmamış fərdi ev gözə dəyirdi. Xaricdən gələn erməniləri məskunlaşdırmaq üçün sonradan tikmişdilər. İyrənc məxluqlar mərhumlarımızın qızıl dişlərini çıxarmaq üçün məzarları dağıdıb yerlə-yeksan etmişdilər.

Çox çətinliklə yol tapıb uşaqlıq, gənclik xatirələrimin uyuduğu həyətə, evə gedə bildim. Evimizin daşlarını söküb aparmışdılar. Qaməti əyilmiş tut ağacımıza sığal çəkdim, dərdimi onunla paylaşdım…”.

Azad olunmuş torpaqlarımızda indi abadlıq-quruculuq işləri geniş vüsət alıb, yeni layihələr həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilana Horadizdən yol da çəkiləcək. Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu layihələrin çox böyük əhəmiyyəti var. Həmçinin bütün bu yollar köçkünlərin öz yurdlarına qayıdışını sürətləndirəcək.

Zəngilanda Beynəlxalq Hava Limanının da təməli qoyulub. Bu hava limanı digər nəqliyyat infrastrukturu ilə birgə bölgənin inkişafında mühüm rol oynayacaq. Yeni hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək.

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış torpaqlarımızda nəqliyyat infrastrukturu ilə yanaşı, kəndlərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına da başlanılıb. Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə birinci “Ağıllı kənd” pilot layihəsinin Zəngilan rayonunda təməlqoyma mərasimi də keçirilib.

Aylar bir-birini əvəzlədikcə doğma Zəngilanın isti nəfəsini, elliklə yurd yerlərimizə qayıdışın sevincini hiss edirik. İşğal ayı olan oktyabr bundan sonra zəngilanlılar üçün ancaq bayram ayı kimi qeyd olunacaq.

AZƏRTAC