Rusiyada çap olunan nüfuzlu “Science and world” jurnalında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı elmi məqaləsi ingilis dilində dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə son iki əsrdə azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti geniş təhlil edilir.
Müəllif zəngin xarici mənbələrə və tarixi faktlara əsaslanan məqaləsində göstərir ki, son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.
Məqalədə hər dəfə Qarabağa dair ərazi iddialarının kənardan, məhz Ermənistanın təbliği, təhriki və təzyiqi ilə ortaya atılması diqqətə çatdırılır və göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürüblər. Nəticədə 1988-1993-cü illərdə monoetnik dövlət yaratmağa nail olan Ermənistan Respublikası Azərbaycana qarşı açıq-aşkar təcavüzkarlıq siyasəti yeridib, dinc sakinlər qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, talan edilib və yandırılıb.
Müəllif məqalədə XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətini, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini elmi mənbələrə əsasən araşdırır, xüsusilə XX əsrin so¬nun¬da ermənilərin Xocalıda törətdikləri soyqırımı aktını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirir. Məqalədə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən şəhərin işğalı zamanı həyata keçirilən cinayətlər, xüsusilə dinc əhaliyə qarşı törədilmiş vandalizm aktları xarici mənbələrə əsasən geniş təhlil edilir, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdiyi ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu strateji əhəmiyyətli ərazinin tarixinə nəzər salınır, Xocalı şəhərinin əhəmiyyətini artıran səbəblər göstərilir ki, bu da Dağlıq Qarabağda strateji əhəmiyyətli və əhalisi soyqırımına məruz qalmış ərazi haqqında daha ətraflı məlumat almaq istəyən xarici oxucuda geniş təsəvvür yaradır.
Məqalədə Xocalı soyqırımının dünyaya çatdırılması, ona siyasi-hüquqi qiymət verilməsi istiqamətində Azərbaycan dövlətinin gördüyü işlər, eləcə də Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı aktı kimi daha geniş tanınması məsələləri tədqiq edilir, bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlər araşdırılır. Xüsusilə, bu qırğını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantılarında qəbul edilən sənədlər də ayrıca təhlil edilir.
Qeyd edilir ki, hazırda Xocalı həqiqətlərinin dünyaya çatdırılması və beynəlxalq aləmdə daha geniş yayılması, eləcə də qətliama obyektiv siyasi-hüquqi qiymət verilməsi istiqamətində atılan addımlar Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Fondun bu istiqamətdə fəaliyyəti nəticəsində dünya ölkələri erməni işğalçılarının Xocalıda insanlığa sığmayan qətlləri haqqında daha geniş məlumatlandırılır.
Müəllif vurğulayır ki, beynəlxalq hüquqa görə, soyqırımı sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. Bu barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi qəbul edilib və “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin Konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq edilib. Müəllif diqqətə çatdırır ki, Xocalı soyqırımı dünya tarixində heç vaxt unudulmayan Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli soyqırımlarından heç də geri qalmır və adıçəkilən hadisələr dinc əhalinin soyqırımı olaraq bütün dünyada geniş əks-səda doğurub.
Professor Əli Həsənovun məqaləsinin nüfuzlu “Science and world” jurnalında dərc edilməsi təkcə müasir tariximizin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması və ifşa olunması baxımından əhəmiyyətlidir.