Xocavəndli məcburi köçkünlər Cənubi koreyalı həkimlər tərəfindən müayinə və müalicə olunurlar

“Prezident İlham Əliyevin dönməz iradəsi 28 illik ŞUŞA yaramızı sağaltdı” – Elxan Süleymanov
Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən
Xurşidbanu Natavanın erməni vandalizminə məruz qalan sarayı

Beyləqan rayonu ərazisində məskunlaşmış xocavəndli məcburi köçkünlər arasında Koreya Respublikası səfirliyinin təşkilatçılığı ilə pulsuz tibbi müayinə və müalicə layihəsi həyata keçirilir. İki gün davam edəcək tibbi aksiya zamanı məcburi köçkünlər “Jaseng Şərq Təbabəti” Klinikasının həkimləri tərəfindən spinal disk, degenerativ disk, stenoz, spondildistez, boyun diski, diz degenerativ artriti, kürək, çənə oynağı və sair xəstəliklər üzrə müayinə və müalicə olunacaqlar.

AZƏRTAC xəbər verir ki, “Qaçqın və məcburi köçkünlər üçün könüllü tibbi xidmət” layihəsi çərçivəsində Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-gyu, səfirliyin əməkdaşları və koreyalı həkimlər Xocavənd qəsəbəsinə gəliblər. Qonaqlar ümummilli lider Heydər Əliyevin qəsəbədəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları barədə qonaqlara geniş məlumat verib. Bildirib ki, Xocavənd rayonu 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Qarabağ müharibəsində rayonun 146 sakini şəhid olub, 300-dən çox insan sağlamlığını itirib. Ermənistan silahlı qüvvələri Qarabağın dağlıq hissəsini, eləcə də ətraf 7 rayonu işğal edib, azərbaycanlılara məxsus yaşayış məntəqələri, maddi-tarixi abidələr məhv edilib, dinc əhaliyə qarşı deportasiya və soyqırımı siyasəti həyata keçirilib. Təkcə Xocavənd rayonunun Qaradağlı kəndinin işğalı zamanı dinc sakinlərdən 118 nəfəri əsir götürülüb, 77 nəfər, o cümlədən 8 uşaq, 12 qadın qətlə yetirilib, kəndin 800-ə yaxın sakini məcburi köçkün düşüb.

Eyvaz Hüseynov bildirib ki, hazırda rayon əhalisi ölkənin 36 rayonunda məskunlaşıb. Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün qəsəbələr salınıb, onların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Lakin xocavəndlilərin ən böyük arzusu öz torpaqlarına qayıtmaqdır.

Ətraflı məlumata görə təşəkkür edən Kim Çanq-gyu məcburi köçkünlərin ən qısa vaxtda öz doğma torpaqlarına qayıtmalarını arzulayıb.

Səfir Koreya Respublikasının tanınmış “Jaseng Şərq Təbabəti” Klinikasının həkimləri tərəfindən aparılacaq müayinə və müalicə layihəsi barədə məlumat verib. Layihənin məqsədinin öz yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə dəstək olduğunu vurğulayıb.

Cənubi koreyalı səfir və ailəsi mərkəzi xəstəxanada tibbi müayinənin gedişi ilə tanış olub, Salakətin kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüşüblər.