Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası “Vətənpərvərlər şəbəkəsi – təbliğatçı qrupların yaradılması” layihəsini icra edir. Layihənin məqsədi gənclərə vətənpərvərlik ruhunun aşılanması, Qarabağ həqiqətlərinin təbliğində onların rolunun artırılmasıdır.
Layihə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri torpaqları işğal altında olan, müharibə şəraitində yaşayan Azərbaycan gəncinin milli vətənpərvərlik ruhda tərbiyyəsindən, gələcəyin əsgərləri olacaq bu gənclərin vətənə məhəbbət hisslərinin artırılmasından və Qarabağ həqiqətlərinin yayılmasında aktiv iştirak edən gənc kimi yetişmələrinə ictimai dəstək verilməsindən ibarətdir. Layihə bir neçə istiqamətdə icra edilir. Bu istiqamətlərdən biri məktəbli gənclər üçün seminarlar təşkil edilməsidir. Seminarlarda Azərbaycan Respublikasının milli rəmzlərinin siyasi və mənəvi mənaları, Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin qəhrəmanlıq nümunələri təbliğ edilir, gənclər Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonun işğalı, tarixi faktlar, Beynəlxalq Təşkilatların bu işğala reaksiyası, yanaşma və qəbul edilmiş sənədlər, o cümlədən Ermənistanın işğalçı dövlət kimi tanındığı və işğal edilmiş torpaqların azad edilməsi tələbi qoyulan AŞPA-nın 2085 (2016) saylı qətnaməsi, hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının qanunu və ölkəmizdə hərbçilər üçün mövcud sosial təminatlar barədə məlumatlandırılır, Azərbaycanın milli-mədəni irsi və tarixinə ekskurs edilir.
Bununla yanaşı, layihəyə cəlb edilmiş 400 gənc müasir İKT vasitələri, bloqların və bloq haştaqlarının yaradılması və istifadə qaydaları, bloqun auditoriyasının genişləndirilməsi – oxunaqlılığının artırılması və peşəkar səviyyəyə gətirilməsi üsulları, Qarabağ həqiqətlərinin bloqlarlar vasitəsilə dünya ictimaiyyətinə çatdırılması yolları və sair bu kimi mühüm mövzularda məlumatlandırılırlar.
Layihə çərçivəsində icra edilən fəaliyyət istiqamətlərindən biri də internet üzərində “Vətənpərvərlər şəbəkəsi” adlı təbliğatçı qrupun yaradılmasıdır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.