YUSİFOV Zakir Tofiq oğlu

SARIYEV Zaur Rəşid oğlu
BAĞIROV Tahir Əminağa oğlu
HÜSEYNOV Rövşən Şəmil oğlu

(29.9.1956, Bakı ş. – 11.10.1992, Laçın r.-nunun Səfiyan k.) – Azərbaycanın Milli Qəhrəmanı (5.2.1993, ölümündən sonra). 29 sentyabr 1956-cı ildə Bakı şəhərində doğulmuşdur. 1974-cü ildə 194 saylı orta məktəbi bitirdikdən sonra Sasovski adına Mülki Təyyarəçilik Məktəbinə daxil olmuşdur. 1977-ci ildə təhsilini başa vuraraq, Yevlax aviadəstəsində əmək fəaliyyətinə başlamışdır. AN-2 təyyarəsinin komandiri, eskadrilya komandirinin müavini, eskadrilya komandiri, uçuşu təşkil və təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi… Belə çətin, məsul vəzifələrdə çalışsa da ali təhsil almağı da unutmurdu. O, 1988-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Respublikada ilk hərbi vertolyot eskadrilyasının yaradılması nə qədər ağır və çətin iş olsa da, o, Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyevlə birlikdə bu işi öz öhdəsinə götürmüşdü. Zakir Yusifov az vaxtda Mİ-24 vertolyotunu bütün incəliklərinəcən öyrənmişdi. Sonra döyüş tapşırıqları, Qarabağa uçuşlar… Bu uçuşlar arasında ən yadda qalanlardan biri, sözsüz ki, aprel ayının 11-də Füzuli-Xocavənd istiqamətində həyata keçirdikləri uçuş idi. Zakir Yusifov həmin gün ilk dəfə idi ki, hərbi vertolyot komandiri kimi havaya qalxmışdı. Uçuş uğurlu oldu. Onlar döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirib geri qayıtdılar.

Cəsur komandir yüzdən artıq hərbi uçuş keçirərək Əsgəran, Füzuli, Xocavənd, Tərtər, Ağdərə, Şuşakənd uğrunda gedən döyüşlərdə iştirak etmiş və Azərbaycan Hərbi Aviasiyasının döyüş salnaməsinə şanlı səhifələr yazmışdı.
11 oktyabr 1992-ci il… Zakir Yusilovun son uçuşu… Səfiyan kəndində növbəti əməliyyat zamanı onun vertolyotu vuruldu. Bütün heyət həlak oldu.
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Yusifov Zakir Tofiq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vaxtilə oxuduğu 194 saylı orta məktəb və Bakının Nizami rayonundakı küçələrdən biri onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 279