Media nümayəndələri Qubadlı şəhərində aparılan bərpa-quruculuq işləri ilə tanış olublar

Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb
Füzulinin “Ərəb divanı” Sankt-Peterburqda yerləşən kitabxanadan tapılıb
İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib

Media nümayəndələri Qubadlı şəhərində həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” 2025-ci ildə təsdiq edilib.

Mediatur çərçivəsində bildirilib ki, Baş plan hazırlanarkən şəhərdə yaşayacaq insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi, sosial, iqtisadi, ekoloji və digər amillər nəzərə alınmaqla müasir infrastrukturun yaradılması əsas prioritetlərdən biri olub. Baş plan əsasında layihələndirmə işləri aparılıb və cari il iyunun 16-da Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir.

Qeyd olunub ki, yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən, burada ümumilikdə 21 yaşayış binasının inşası nəzərdə tutulub. Binalarda 176 mənzil yerləşəcək. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Mənzillər əsasən iki və üçotaqlıdır. Mənzillərin sahəsi otaqların sayından asılı olaraq 60-95 kvadratmetr arasında dəyişir.

Media nümayəndələrinə bildirilib ki, layihə yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Məhəllədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri sosial və kommunal infrastrukturun yaradılması da nəzərdə tutulub.

Belə ki, iki binanı birləşdirən keçiddə qeyri-yaşayış binasının, yanğından mühafizə məqsədilə iki yeraltı su anbarının və nasosxananın inşası planlaşdırılır.

Bundan əlavə, məişət tullantılarının toplanması üçün meydançalar, abadlıq və yaşıllaşdırma əraziləri, istirahət və oyun sahələri, uşaq meydançası, yerüstü və yeraltı avtodayanacaq, həmçinin velosiped dayanacağı yaradılacaq.

Hazırda 21 binadan və 176 mənzildən ibarət yaşayış kompleksinin bünövrə işləri tamamlanıb, binaların mərhələli şəkildə inşası davam etdirilir. Qeyri-yaşayış binalarının tikintisi də paralel olaraq aparılır.

Tikinti işləri təsdiq edilmiş layihə və qrafikə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

AZƏRTAC