
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib ki, qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar.
AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, V.Türkün sözlərinə görə, qadınlar və qızlar münaqişələrdə qeyri-mütənasib zərər çəkməyə davam edirlər, eyni zamanda, onların təhlükəsizliyinə təsir edən qərarlardan kənarda qalırlar.
Ali Komissar Haaqada keçirilən Beynəlxalq Vətəndaş Cəmiyyəti Fəaliyyət Şəbəkəsinin 2026-cı il Qadınlar, Sülh və Təhlükəsizlik Forumuna videomüraciətində dünyanın “seysmik qlobal şoklar” yaşadığını və bunun milyonlarla insana təsir etdiyini bildirib.
2024-cü ilə dair son məlumatlara görə, təxminən 676 milyon qadın və qız aktiv münaqişənin 50 kilometrlik radiusunda yaşayır ki, bu da Soyuq müharibənin sonundan bəri qeydə alınan ən yüksək rəqəmdir. “Qadınlar münaqişə ilə əlaqəli təcavüz, adam oğurluğu, insan alveri və cinsi köləliyin qurbanlarına çevriliblər”, – deyə V.Türk bildirib. O, zərif cinsin nümayəndələrinin münaqişə zonalarında daha çox zərərə məruz qalacaqları barədə xəbərdarlıq edib.
BMT-nin Ali Komissarı, həmçinin qadınların rəsmi qərar qəbuletmədə təmsilçiliyi məsələsində boşluq olduğuna diqqət çəkib. O əlavə edib: “Qadınlar qurban deyil. Əksinə, bütün dünyada, hətta ən sərt və ən zorakı mühitlərdə belə onlar təşkilatlanmağa, vasitəçilik etməyə davam edirlər”.
Qadınların münaqişələrin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayan V.Türk əlavə qeyd edib ki, onlar icmaların qorunması, hesabatlılıq və sülhün çox güclü qurucularıdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) qadın hüquqları müdafiəçiləri ilə işləyir və onların beynəlxalq mexanizmlərə çıxışını genişləndirməyə çalışır.
AZƏRTAC