
Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsinin 2 milyard dolları keçməsi hədəflənir.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən “Gürcüstan–Azərbaycan: Strateji tərəfdaşlıq və ortaq gələcək” mövzusunda dəyirmi masa müzakirəsində deyib.
Diplomatın sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 400 milyon dollar təşkil edib. O qeyd edib ki, Azərbaycan və Gürcüstanın iqtisadi potensialı genişdir və siyasi rəhbərlik ikitərəfli iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsini qarşıya məqsəd qoyub.
Faiq Quliyev yaşıl enerji sahəsində nəzərdə tutulan layihələrə də toxunaraq bildirib ki, gələcək təşəbbüslər çərçivəsində iki ölkəyə təxminən 6–7 milyard dollar həcmində investisiyanın cəlb olunması gözlənilir. Onun sözlərinə görə, bu investisiyalar xalqların rifahına xidmət edəcək.
Səfir Azərbaycan və Gürcüstanın coğrafi mövqeyindən səmərəli istifadə edilməsinin, nəqliyyat və iqtisadi imkanların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, iki ölkənin beynəlxalq tərəfdaşlar üçün etibarlı tərəfdaş kimi mövqelərinin gücləndiyini bildirib.
Diplomat, həmçinin ikitərəfli münasibətlərdə ortaya çıxan məsələlərin dialoq və müzakirələr yolu ilə həllinin mümkünlüyünə inamını ifadə edib.
Report