Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub

Prezident İlham Əliyev “Şimal” Elektrik Stansiyasının yeni estakadasının və su nasos stansiyalarının açılışında iştirak edib 
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib
Xocalının Seyidbəyli kəndinə növbəti köç olub, sakinlərə açarlar təqdim edilib

Bu gün Xocavənd şəhərinə, Hadrut qəsəbəsinə, Quzeyxırman və Xocavənd kəndlərinə, eləcə də Ağdərənin Heyvalı kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Xocavənddə açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.

Öz yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.

Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 24 ailə (86 nəfər), Quzeyxırman kəndinə 11 ailə (53 nəfər), Xocavənd kəndinə 3 ailə (11 nəfər), Hadrut qəsəbəsinə 2 ailə (6 nəfər), Ağdərənin Heyvalı kəndinə isə 2 ailə (7 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

AZƏRTAC