
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Şahxəndan türbəsi.
Bu dəfə yolumuzu qədim tarixi və zəngin ədəbi irsi ilə tanınan Şamaxıdan salmışıq. Bakı–Şamaxı–Yevlax magistralının kənarındakı tarixi qəbiristanlıqda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi ucalır.
Şamaxıya üz tutanlar üçün bu məkan təkcə memarlıq abidəsi deyil. Bura həm də söz sənətimizin böyük simalarından birinin ailə bağlarını və əsrlərdən süzülüb gələn mənəvi yaddaşı yaşadan müqəddəs guşədir. Hər il minlərlə yerli və xarici ziyarətçi bu abidəyə baş çəkərək həm xalqımızın zəngin keçmişi ilə yaxından tanış olur, həm də mədəni irsimizə ehtiramını bildirir.
Orta əsrlərə aid maddi-mədəniyyət nümunələri sırasında Şahxəndan türbəsi memarlıq quruluşu və tarixi əhəmiyyəti ilə seçilir. Səkkizbucaqlı formada inşa edilən türbənin üst hissəsi konusvari günbəzlə tamamlanır. Tək giriş qapısı olan abidənin hündürlüyü təxminən 8 metrdir. Sadə, lakin əzəmətli üsluba malik türbə dövrün sənətkarlıq ənənələrini və şəhərin tarixi simasını günümüzədək qoruyub saxlayıb.
1369-cu ildə Şamaxıda dünyaya göz açan İmadəddin Nəsimi Şərq intibahının ən parlaq mütəfəkkirlərindəndir. Dövrün ictimai-siyasi və dini ziddiyyətləri səbəbindən doğma yurdu tərk etməyə məcbur qalan şair 1417-ci ildə Hələb şəhərində edam edilib və orada dəfn olunub.
Nəsiminin qardaşı Şahxəndan isə ömrünü Şamaxıda yaşayıb. Tarixi mənbələrdə onun da “Şahi Xəndan” təxəllüsü ilə şeirlər qələmə aldığı bildirilir. Bu baxımdan türbə təkcə bir məzar deyil, Nəsimi ailəsinin taleyini və Şamaxının intibah dövrünü xatırladan mühüm məkandır.
Diqqətəlayiq digər bir məqam isə odur ki, Şahxəndan qəbiristanlığında Azərbaycan maarifçi ədəbiyyatının digər nəhəng siması — XIX əsr şairi Seyid Əzim Şirvani də uyuyur. Mənbələr böyük şairin öz vəsiyyətinə uyğun olaraq məhz burada torpağa tapşırıldığını təsdiqləyir.
Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Şahxəndan türbəsində bərpa və konservasiya işləri həyata keçirilib.
Müxbir – Rəşad Rəşidov
AZƏRTAC