KOVALYOV Yuri Petroviç

ƏSGƏROVA Gültəkin Məlik qızı
TEYMUROV Rizvan Rəhman oğlu
HƏSƏNOV Tabil Qasım oğlu

(29.11.1965, Göyçay r.  – 3.10.1991, Xocavənd r.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

29 noyabr 1965-ci ildə Göyçay rayonunda anadan olmuşdur. 1972-ci ildə ailəliklə Rusiyanın Krasnodar vilayətinə köçmüş, 5 ildən sonra isə Bakıya qayıtmışlar. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 saylı orta məktəbi bitirmişdir. 1982-ci ilə kimi Azərittifaqın reklam istehsalat kombinatında çalışmışdır. 1983-cü ildə ordu sıralarına çağırılmışdır. 1985-ci ildə ordudan tərxis olunmuşdur. 1987-ci ildə Qırmızıbayraqlı Qara Dəniz Hərbi Donanmasının 109 saylı Miçmanlar vo Praporşiklər Məktəbinə daxil olmuşdur.
Azərbaycan torpaqlarının işğala məruz qalması və soydaşlarımızın öz dədə-baba torpaqlarından zorla qovulması bir insan kimi Yurini də narahat edirdi. Elə bu səbəbdən də o, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilir, respublikanın bir çox döyüş bölgələrində mərdliklə vuruşur. O, Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərmişdir. Düşmən snayperləri onu dağlar, daşlar arasında da axtarırdı. Başına yüz min rubl qiymət qoyulmuşdu.
1991-ci il oktyabr ayının 3-də polis starşinası Yuri Kovalyov Xocavənd rayonu ərazisində aparılan növbəti əməliyyatdan qayıdırdı. İdarə etdiyi maşın Ağdama tərəf irəliləyirdi. Maşın qəflətən atəşə tutuldu. Yuri Kovalyov ağır yaralandı. Atəş səngimək bilmirdi. Bütün varlığı ilə Azərbaycanı sevən, onu özünə əsl Vətən bilən Yuri Qarabağın Xocavənd rayonu ərazisində qəhrəmancasına həlak oldu.
Ailəli idi. İki qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Kovalyov Yuri Petroviç ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Bakı şəhərindəki 229 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 154