AVCİYA müşahidəçilik institutunu tam formalaşdırıb

AVCİYA Prezident seçkiləri ilə əlaqədar Aralıq Hesabatı təqdim etdi
AVCİYA yeni layihəyə start verdi
“Kimsəsiz Yeniyetmələr üçün Sosial İnteqrasiya İmkanları Yaradaq”

Seçki dövründə diqqət çəkən məqamlardan biri müşahidəçiliyin həyata keçirilməsi məqsədilə monitorinqlərin təşkil edilməsidir. Bu həm də seçkilərin demokratik əsaslarla keçirilməsini stimullaşdıran əsas məqamlardan biridir. Seçkilər üzrə ekspert, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə söhbətimizə də ölkəmizdə seçki müşahidəçiliyi institutunun necə formalaşmasına cavab almaq məqsədilə körpü saldıq. Seçki qərargahının rəhbəri bizimlə söhbətə seçki dövründə müşahidəçilik missiyasının əsas məqsədlərini sadalamaqla başladı:
– Ədalətli və şəffaf seçkilərin keçirilməsində müşahidənin çox böyük rolu var. Müşahidəni təşkil edənlərin əsas məqsədi ondan ibarətdir ki, seçki prosesində saxtakarlığın və qanun pozuntusunun qarşısı alınsın. Müşahidəçi həmçinin seçici fəallığı ilə bağlı məlumatları toplayır və bu məlumatları mütəmadi olaraq təmsil etdiyi təşkilata ünvanlayır. AVCİYA 2004-cü ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqini təşkil edib və bizim təşkilat ölkəmizdə ilk dəfə olaraq demokratik üsul-idarələrdə tətbiq olunan «exit-poll» tədqiqatını reallaşdırıb. Məlumat üçün qeyd edim ki, biz son illərdəki seçkilərdə «ELS» Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə «exit-poll» tədqiqatını həyata keçirmişik. Bütövlükdə həm məntəqənin daxilində səsvermənin gedişiatını izləyən müşahidəçi, həm də məntəqənin bayır hissəsində təkrar səs sayan «exit-poll»çular ona xidmət edirlər ki, seçki saxtakarlığının qarşısı alınsın. Seçkilərdə AVCİYA da daxil olmaqla QHT-lərin yox, ümumiyyətlə hər bir partiyanın və hər bir namizədin də müşahidəçiləri iştirak edir. Sadəcə bir fərqimiz var ki, bizim təmsil etdiyimiz təşkilat bütün ölkə üzrə müşahidələri aparır. Amma namizədlər yalnız öz dairələrində, bəzi partiyalar isə yalnız üzvlərinin iştirakçısı qismində maraqlı olduğu dairələrdə müşahidəni təşkil edirlər. Bütün bu missiyanın əsas məqsədi seçki saxtakarlığının qarşısını almaq, demokratik, şəffaf, ədalətli seçkilərə dəstək verməkdir.
– Bu sahənin institutlaşmasında beynəlxalq təcrübənin rolu danılmazdır…
– Əlbəttə. Beynəlxalq təcrübənin burada çox böyük rolu var. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bir sıra beynəlxalq təşkilatlar bu sahədə respublikamıza öz köməkliklərini göstərib. O cümlədən son illər Avropa Şurasının Venesiya Komissiyası Azərbaycanla bu sahədə yaxından əməkdaşlıq edir. Bundan başqa ABŞ-ın Milli Demokratiya İnstitutu və artıq bu dövlətin ölkəmizdə fəaliyyətini dayandıran Respublikaçılar İntitutu, İFES təşkilatı hər zaman seçki maarifçiliyi ilə bağlı bizə dəstək veriblər.
– Bu təcrübələrin öyrənilməsi ilə bağlı AVCİYA Seçki Qərargahı rəhbərinin şəxsi qənaətlərini oxucularla bölüşməsini istərdik…
– Mən əvvəlki fəaliyyətim dövründə bir sıra beynəlxalq səviyyəli proqramlarda iştirak etmişəm, Bolqarıstan, Polşa kimi ölkələrdə seçkilərlə bağlı təcrübəni öyrənmişəm. Bundan başqa İsveçdə, ABŞ-da olmuşam. Bunu deməkdə məqsədim odur ki, olduğum ölkələrin təcrübələrinin öyrənilməsinin bizim kimi yeni demokratik ölkələrin həyatında böyük rolu var. Çünki Azərbaycan cəmi 19 ildir dövlət quruculuğuna başlayıb və hesab edirəm ki, seçkilərlə bağlı məsələlərin öyrənilməsi hələ də bizim üçün olduqca zəruridir.
– Təşkilatınızın postsovet məkanı ilə də əlaqələri varmı?
– Hazırda AVCİYA-nın keçmiş postsovet ölkələri ilə də əlaqələri var. Yeri gəlmişkən, bu günlərdə Gürcüstanın Mərkəzi Seçki Komissiyasının sədri məktub göndərərək, əməkdaşlıq sahəsində göstərdiymiz səylərə görə AVCİYA-ya təmsil etdiyi təşkilat adından öz təşəkkürünü bildirib. Düşünürəm ki, bu bizim assosiasiyanın müsbət yönümlü fəaliyyətinin nəticəsidir. Biz təşkilat olaraq həm beynəlxalq təcrübəni öyrənirik, həm də paralel olaraq öyrəndiklərimizi maarifləndirmə yolu ilə bunu ölkə vətəndaşlarının diqqətinə çatdırırıq. Yeri gəlmişkən onu da deyim ki, ötən həftədən artıq regionlarda müşahidəçilər üçün seminarlarımız başlayıb. İlk mərhələdə 35 rayonda müşahidəçilərlə seminarlar keçirəcək, bu seminarlarda beynəlxalq təcrübədən əldə etdiyimiz bilikləri onlara öyrədəcəyik.
– Məhərrəm müəllim, hazırda müşahidəçilik missiyasının Azərbaycanda hansı inkişaf mərhələsində qərarlaşdığını iddia etmək olar?
– Ölkəmizdə bu sahə bir neçə inkişaf mərhələsindən keçib. 2005-ci ilədək olan dövr bir az ağrılı mərhələ idi. Çünki o dövrdə QHT-lərin müşahidəçilik missiyası həyata keçirməsində problemlər yaşanırdı. Qanunda belə nəzərdə tutulmuşdu ki, xaricdən maliyyələşən QHT-lər müşahidəyə buraxılmasın. O dövrdəsə QHT-lər ölkədə fəaliyyət göstərmək və öz mövcudluqlarını qorumaq üçün daim xarici fondlara müraciət etmək məcburiyyətində qalırdılar. Çünki o vaxt Azərbaycanda donor təşkilat yox idi. QHT-lər də məcbur olub yalnız xarici fondların maliyyə dəstəyi ilə işləyirdilər. Bu da ona gətirib çıxarırdı ki, fəal QHT-lər müşahidədən kənarda qalırdı. Amma 2005-ci ilin oktyabrında ölkə başçısının «Seçkilərin daha demokratik keçirilməsi üçün əlavə tədbirlər haqqında» sərəncamından sonra bu məsələyə aydınlıq gəldi və artıq o maddə qanundan çıxarıldı. Bununla da istənilən QHT və vətəndaş müraciət əsasında sərbəst surətdə müşahidə aparmaq hüququ qazandı. Mövcud sərəncamdan sonra 5 il müddətində bu sahədə xeyli irəliləyişlər olub. Amma bir məsələni də qeyd edim ki, QHT-lərə qadağa qoyulan həmin dövrlərdə bunu tənqid edən, məsələ ilə bağlı böyük hay-küy salan çoxlu QHT-lər var idi. Şəffaf müşahidə üçün hər cür şərait yarandıqdan sonra bu sahəyə həvəs göstərənlərin sayı azaldı.
– Yəqin razılaşarsınız ki, QHT-lərin fəaliyyəti özünü daha çox paytaxtda göstərir. Regionlarda isə vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti bir o qədər də hiss olunmur…
– Qənaətinizi bölüşürəm. Bunun başlıca səbəbi odur ki, bəzən regionlarda məmurlar tərəfindən QHT-lərə süni maneələr yaradılır. Məsələn, bir faktı deyim. Yay aylarında biz assosiasiyanın üzvləri ilə birgə bir sıra rayonlarda olduq və işlərimizi müvəffəqiyyətlə qura bildik. Amma bəzi rayonlarda buna maneələr oldu. Məsələn, Yevlax rayonunda bütövlükdə koordinatorumuzun fəaliyyətinə imkan verilmədi. Belə problemlərdən yəqin ki, başqa QHT-lər də sığortalanmayıblar.
– Belə problemlərdən çıxış yolunu nədə görürsünüz?
– Öz təcrübəmizdən deyim. Vətəndaş cəmiyyətinə belə münasibət göstərən rayonlarda işimizi başqa metodlar vasitəsilə qurmağa çalışırıq. Bunun üçün ilk öncə müşahidəçilərimizin böyük bir qismini MSK-dan qeydiyyatdan keçirəcəyik. Çünki, MSK-dan qeydiyyatdan keçən müşahidəçilərin istənilən məntəqədə müşahidə aparmaq hüququ var. Zərurət yaranarsa, bir neçə rayon var ki, həmin yerlərə MSK-dan keçən müşahidəçiləri ezam etmək yolu ilə buradakı seçkiləri də müşahidə edəcəyik.
– Müşahidəçiliklə bağlı yerli və beynəlxalq qanunvericilikdə ziddiyətli məqamlar varmı?
– Müşahidəçiliklə bağlı əvvəlki Seçki Məcəlləsində ziddiyyətlər var idi. Lakin indi elə bir ciddi problem qalmayıb. Qeyd etdiyim kimi artıq qanunvericiliyin tələblərinə görə də xarici müşahidəçilərlə yerli müşahidəçilərin hüquqları eynidir. Sadəcə olaraq, xarici müşahidəçilər Milli Məclis, MSK-nın özü və yaxud hansısa bir qurum tərəfindən dəvət olunmalıdır. Hər hansı bir əcnəbi öz niyyəti ilə burada müşahidə apara bilməz, bunun da xüsusi bir hüquqi əsası var. ATƏT-in parlament seçkiləri ilə bağlı həm uzun, həm də qısa müddətli missiyası olacaq. Bundan əlavə MBD Dövlətləri Parlament Assambleyasının müşahidəçiləri fəaliyyət göstərəcək.
– Vətəndaş cəmiyyətinin bu sahədə rolu hansı şəkildə özünü göstərir?
– Vətəndaş cəmiyyətinin bu sahədə rolu mərhələlərlə özünü göstərib. 1999-cu ilə qədər vətəndaş cəmiyyəti çox ağır bir inkişaf yolu keçib. Hətta parlamentdə QHT-lərə xarici ölkələrə xidmət edən qurumlar kimi təhqirlər də səsləndirilirdi. Bu dövrdə Milli QHT Forumu ilə Prezident Aparatının İctimai-Siyasi Şöbəsi arasında dialoq başladı. Həmin dialoqun nəticəsi olaraq Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yarandı. Artıq 3 ildir ki, dövlət özü QHT-lərin layihələrinə yardım göstərir. Bu çox müsbət haldır. Çünki elə QHT-lərimiz var ki, sırf Azərbaycanın taleyüklü məsələsi olan Qarabağ problemi ilə məşğul olur. Dünyanın heç bir fondu Qarabağ problemi ilə bağlı yerli QHT-nin layihəsinə dəstək vermirdi.. Seçkilərlə, seçici fəallığının artırlması ilə bağlı bu il bir neçə QHT dəstək alıb. O cümlədən bizim bu sahədə də fəaliyyətimiz var. Qadın və gənclərin seçkilərdə fəallığı ilə bağlı kitab nəşr etmişik. Vətəndaş cəmiyyəti inkişafdadır, amma problemlər də var. Bu da əsasən digər donor təşkilatının olmaması ilə bağlıdır. Gələcəkdə bu cür donor təşkilatlarının çox olması vətəndaş cəmiyyətinin inkişafına kömək edə bilər.
– Bir ekspert kimi parlament seçkilərinə daha çox hansı peşə sahiblərinin qatılmasını istərdiniz?
– Əgər siyasət cəmiyyətin idarə olunması haqqında bir elmdirsə, siyasətin özü də seçkilərsiz mümkün deyil. Hakimiyyətin qanunvericilik qolu olan parlamentdə əsasən qanun layihələrini hazırlamağı bacaran, buna peşəkarlığı imkan verən insanlar seçilməlidir. Bu da əsasən hüquqşünaslar, tarixçilər, jurnalistlər və iqtisadçılardır. Bu peşə sahiblərinin parlament təmsilçiliyi çox vacibdir. Peşəkarlar seçilərsə, parlament daha fəal işləyə bilər. Açıq deyək ki, hazırkı parlament üzvlərinin bir hissəsinin fəallığı bizi qane edirsə, müəyyən qism deputatlar var ki, ümumiyyətlə xalq onları tanımır, heç bir prosesdə də iştirak etmirlər. Bu cür passiv parlament üzvlərindənsə, peşəkarlara üstünlük verilsə, daha yaxşı olar.