QULİYEV Nofəl Zahid oğlu

RƏHİMOV Koroğlu İsmayıl oğlu
ABDULLAYEV Şövqiyar Cəmil oğlu
HÜSEYNOV Vüqar Tofiq oğlu

QULİYEV Nofəl Zahid oğlu (4.10.1963, Şirvan ş. (keçmiş Əli Bayramlı) – 1991, Goranboy r-nunun Todan k.) – Azərbaycanın Milli Qəhrəmanı (6.6.1992, ölümündən sonra).

4 oktyabr 1963-cü ildə Şirvan şəhərində (keçmiş Əli Bayramlı) dünyaya göz açmışdır. 1971-ci ildə Şirvan şəhər 9 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur. 1982-ci ildə ordu sıralarına çağırılmışdır. 1984-cü ildə əsgəri xidmətini başa vurub, bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışır. Quliyev Nofəl 1984-cü ildə ailəsi ilə birlikdə Tümen şəhərinə köçür, burada işləyə-işləyə tikinti texnikumuna daxil olur. Altı il burada yaşadıqdan sonra doğma yurda dönür: Nofəl Quliyev iş üçün Respublika Daxili İşlər Nazirliyinə müraciət edir. Bakıya daimi pasport qeydiyyatı olmadığı üçün onu işə qəbul etmirlər. O, Bakıdakı tikinti idarələrindən birinə işə düzəlir. Bir müddətdən sonra yenidən DİN-nə müraciət edir. Çox çətinliklərdən sonra onu sıravi polis nəfəri kimi işə qəbul edirlər. Nofəl tez-tez döyüş bölgələrində ezamiyyətdə olurdu. Bu səfərlər adətən 10-15 gün çəkirdi.

1991-ci ilin soyuq dekabr ayı… Goranboyun Todan kəndi güclü hücuma məruz qalmışdı. O, yenə dostları ilə birlikdə silaha sarılaraq döyüşə yollandı. Qüvvələr nisbəti düşmənin xeyrinə idi. Amma buna baxmayaraq, cəsur döyüşçülər kəndin bir qarış torpağının belə əldən getməsinə imkan vermirdilər. Düşmən xeyli canlı qüvvə itirsə də, geri çəkilmirdi. Nofəl yaxınlıqdakı yüksəklikdə özünə mövqe seçmişdi. Polis yoldaşları artıq təhlükəsiz yerdəydilər. Nofəl döyüşə-döyüşə geri çəkilirdi. Ermənilərin əhatəsində qalan cəsur döyüşçü son damla qanına qədər vuruşdu və düşmənə əsir düşməmək üçün son gülləsini ürəyinə sıxdı.

Ailəli idi. Bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Quliyev Nofəl Zahid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Şirvan şəhər 9 saylı orta məktəb onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 173