ABŞ diplomatları məcburi köçkünlərlə görüşüb

İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
Rusiyanın Birinci televiziya kanalında Müslüm Maqomayev günü
Azərbaycan Respublikası XİN: Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq

Fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer və Birləşmiş Ştatların ölkəmizdəki səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə maraqlanıblar.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov diplomatlara ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərlə bağlı məlumat verib.

Bildirib ki, məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Fuad Hüseynov qeyd edib ki, bu günə qədər 97 müasir qəsəbə salınıb, 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb.

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmiz hərbi təcavüzə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi – tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Dövlət onların yaşayışı üçün şərait yaratsa da insanlar öz doğma torpaqlarına qayıtmaq istəyir.

Səfir Robert Sekuta qeyd edib ki, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə o Azərbaycanın müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların fikirlərini dinləyib. Onun sözlərinə görə, ölkəsi münaqişənin sülh yolu ilə həllində maraqlıdır və bu istiqamətdə fəaliyyətlərini davam etdirir.

Sonra qonaqlar məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olublar. ABŞ diplomatları məcburi köçkünlərlə söhbət edib, onların fikirlərini dinləyiblər. Görüş zamanı məcburi köçkünlər doğma torpaqlarına qayıtmaları üçün ABŞ-dan Minsk qrupunun həmsədr üzvü kimi öz səylərini artırmağı xahiş ediblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, icmanın üzvü Fərhad Bədəlbəyli və Milli Məclisin deputatı Elman Məmmədov diplomatlara ermənilərin apardığı işğalçılıq siyasəti ilə bağlı məlumat veriblər. Onlar ABŞ-dan həmsədr ölkə kimi münaqişənin ədalətli həllinə dəstək verməsini gözlədiklərini bildiriblər.

Daha sonra diplomatlar yaşayış kompleksindəki orta məktəbə və muzeyə baxıb, yaradılmış şəraitlə yerində tanış olublar.