ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı baza mövcuddur

“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”
Qərb Ermənistana Rusiyadan daha çox təsir etmək istəyir
Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə emal dərinliyi 80,4% səviyyəyə çatıb

ABŞ səfiri Ann Dersi: “ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı baza mövcuddur” – MÜSAHİBƏ

ABŞ səfiri Ann Dersi bu gün jurnalistlərin suallarını cavablandırıb. APA-nın məlumatına görə, səfir ABŞ-dakı prezident dəyişikliyi, eləcə də Azərbaycanda baş verən son hadisələrlə bağlı mövqeyini açıqlayıb.

– Birləşmiş Ştatların yeni prezidenti Barak Obama hansı siyasəti yürüdəcək və yeni administrasiyanın Azərbaycana yönəlik siyasətində prioritet istiqamətlər nədən ibarət olacaq?

– Hələlik xarici siyasətimizin detalları barədə danışmaq çox tezdir. Amma hesab edirəm ki, artıq prezidentin atdığı ilk addımlar və verdiyi bəyanatlar əsasında xarici siyasətin əsas konturlarını müəyyənləşdirmək mümkündür. Barak Obama bildirib ki, ABŞ-ın xarici siyasəti üç əsas istiqamətdə – diplomatiya, inkişaf və müdafiə prinsipləri üzərində qurulacaq. O xüsusilə yoxsulluğa və xəstəliklərə qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Əlbəttə ki, müdafiə məsələlərinə gəldikdə, yeni prezident Birləşmiş Ştatların düşmənlərinə bəyan edib ki, ölkəmiz öz müdafiəsini təmin edəcək. Prezident Barak Obama ABŞ-ın öz maraqlarını, ideallarını və dəyərlərini müdafiə edəcəyini açıq şəkildə bəyan edib. Yeni prezident həmçinin qlobal problemlərin həllinə marağını ifadə edən bir sıra spesifik addımlar da atıb. O, Yaxın Şərq, Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndə təyin edib və prezident seçildikdən sonra işgəncələrin qadağan edilməsi, Quantanamo həbsxanasının bağlanması və terrorizmə qarşı mübarizə barədə sərəncamlar imzalayıb.

Hələlik yeni prezidentin Azərbaycan yönəlik hansı siyasəti yürüdəcəyinin detalları məlum deyil. Lakin şübhə ola bilməz ki, bu region bizim üçün maraq doğurur. Enerji təhlükəsizliyi həm ABŞ, həm də bütün dünya üçün son dərəcə vacibdir. Biz terrorçuluq və digər təhlükələrə qarşı mübarizə məqsədilə yaxşı tərəfdaşlar kimi əməkdaşlığı davam etdirəcəyik. Qeyd etmək istəyirəm ki, ABŞ prezident Barak Obama hələ senator olan zaman senator Riçard Luqarla birlikdə Azərbaycanda olub. Mən onun Sənqaçalda çəkilmiş fotolarını görmüşəm. Bütün yuxarıda deyilənləri nəzərə alsaq görərik ki, ABŞ-la Azərbaycan arasında tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı baza mövcuddur.

– Birləşmiş Ştatların Azərbaycan Konstitusiyasına ediləcək dəyişiklərlə bağlı martda keçiriləcək referenduma münasibəti necədir?

– Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı son qərarı Azərbaycan xalqı verəcək. Mən məsələnin mahiyyətini şərh etmək istəmirəm, lakin vurğulamaq istəyirəm ki, Azərbaycanın inkişafında maraqlı olan beynəlxalq tərəfdaşlar bu dəyişikliklərin necə qəbul olunmasında maraqlıdırlar. Bu məsələ ilə bağlı debatların keçirilməsi zəruridir. Konstitusiyaya dəyişikliklərin tərəfdarlarını və əleyhdarlarının öz nöqteyi-nəzərlərini izah etməsi çox vacibdir. Müstəqil kütləvi informasiya vasitələri də bu debatlarda iştirak edərək öz mövqeyini ortaya qoymalıdır. Fikrimizcə, ölkədə ciddi dəyişikliklər getdiyi bir vaxtda əhalinin tam şəkildə bu prosesə cəlb olunması vacibdir. Azərbaycanın inkişafını dəstəkləyən bir ölkə kimi ümid edirik ki, hökumət bu prosesin şəffaf və ədalətli keçirilməsini təmin edəcək.

– Bu yaxınlarda ABŞ Gürcüstan və Ukrayna ilə xartiya imzalayıb. Birləşmiş Ştatların Azərbaycanla analoji sənəd imzalamaq niyyəti varmı?

– Bu barədə məlumatım yoxdur, bizdə yeni administrasiya formalaşır, lakin biz artıq Azərbaycana münasibətdə siyasətimizi müəyyənləşdirmişik. Bildiyiniz kimi, biz bir çox məsələlərdə əməkdaşlıq edirik. Buraya iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində əməkdaşlıq daxildir. Bütün bu əməkdaşlıq növləri tərəfdaşlığımızı möhkəmlətmək üçün əsasdır. Qeyd etdiyimi kimi, biz təkcə maraqları deyil, həm də dəyərləri bölüşən tərəfdaş ölkələrik.

– Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması Bakı ilə Vaşinqton arasında münasibətlərə necə təsir göstərə bilər?

– Bu situasiyanın həllini tapması üçün biz birlikdə çalışmalıyıq. Kütləvi informasiya vasitələri, mətbuat və söz azadlığı ətrafında vəziyyət hərdən münasibətlərimizdə ciddi problemlər yaradır. ABŞ siyasətinin əsas aspekti mətbuat və söz azadlığıdır. Buna görə də ümidvaram ki, bu problemin həlli üçün konstruktiv yol tapa biləcəyik. Düşünmürəm ki, bu məsələ ölkələrimiz arasında münasibətlərə mənfi təsir göstərəcək. Bildiyimiz qədər, Azərbaycan qanunvericiliyinə əsasən, ölkə ərazisində xarici radiostansiyalar dövlətlər arasında müvafiq saziş əsasında həyata keçirilir. Bizim nümayəndələrimiz radiostansiyaların Azərbaycan qanunvericiliyinə uyğun şəkildə fəaliyyətini davam etdirməsi üçün təkliflər irəli sürüblər və danışıqlar aparırlar. Tez bir zamanda qarşı tərəfin cavabını gözləyirik.

– Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah ötürməsinə dar mətbuatda gedən məlumatlara münasibətiniz necədir?

– Mən bu barədə mətbuatda yazılanlardan başqa hər hansı məlumata malik deyiləm. Birləşmiş Ştatların əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin ədalətli və sülh yolu ilə həllinə nail olmaqdır. ABŞ ATƏT-in Minsk Qrupunun üzvüdür və biz münaqişənin nizamlanması istiqamətində fəaliyyətimizi davam etdiririk. Və bu baxımdan sülh prosesini pozan və situasiyanı gərginləşdirən istənilən faktı neqativ dəyərləndiririk. Lakin yuxarıda qeyd etdiyim kimi, qeyd etdiyiniz məsələ ilə bağlı yalnız mətbuatın yazdıqları barədə məlumatım var.

– Avropaya qaz nəqlinin dayandırılması insidentindən sonra Birləşmiş Ştatlar öz enerji siyasətinə daha çox diqqət ayırmağı düşünürmü?

– Baş verən insident ABŞ-ın enerji resurslarının müxtəlifləşdirilməsi barədə uzun illərdən bəri irəli sürdüyü təkliflərin doğru olduğunu təsdiqlədi. Hesab edirəm ki, Azərbaycanın potensial tranzit ölkə kimi rolu çox böyükdür və bu rol son insidentdən sonra daha da artıb. Yuxarıda qeyd etdiyim kimi enerji təhlükəsizliyi məsələsi bizim administrasiyanın əsas prioritetlərindən biri olacaq və biz Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı davam etdirəcəyik. /APA/