ABŞ mətbuatında Ağdaban və Başlıbel qətliamlarından bəhs edən məqalələr dərc olunub

Bakıda “Kibertəhlükəsizlik həftəsi” işə başlayıb
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi keçirilir
Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib

ABŞ mətbuatında Azərbaycanın Kəlbəcər rayonunun Ağdaban və Başlıbel kəndlərinin mülki əhalisinə qarşı erməni işğalçıları tərəfindən milli zəmində törədilmiş soyqırımı cinayətlərindən bəhs edən “Ağdaban faciəsini xatırlayaraq” və “Azərbaycan Başlıbel qətliamının 29-cu ildönümünü anır” sərlövhəli məqalələr dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında nəşr olunan və siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalələrdə Ağdaban faciəsi zamanı bir gecədə 130 evin yandırıldığı, 779 dinc sakinin müxtəlif işgəncələrə məruz qoyulduğu, onlardan 67 nəfərin xüsusi amansızlıqla qətlə yetirildiyi, habelə erməni qaniçənlərindən xilas olmaq üçün dağlara sığınan 62 Başlıbel sakininin faciəvi sonluğu barədə ətraflı məlumat verilib.

Müəllif sözügedən faciələrdən 30 ilə yaxın müddətin keçməsinə baxmayaraq, ermənilər tərəfindən törədilmiş bu cinayətlərə beynəlxalq ictimaiyyətin indiyədək lazımi qiymət verməyərək susmasına diqqət çəkib. Qeyd edilib ki, dünya ictimaiyyəti tarixin bəşəriyyətə verdiyi dərsləri unudub və faktiki olaraq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlıq cinayətlərinə məhəl qoymur.

Məşhur Holokost alimi Eli Vizelin “Yaddaş olmadan mədəniyyət də yoxdur. Yaddaşsız cəmiyyət və gələcək də yoxdur. Biz tərəf tutmalıyıq. Neytrallıq zülm edənə kömək edir, qurbana isə heç vaxt kömək etmir. Sükut əzab verəni ruhlandırır, əzab çəkəni heç vaxt” sözlərinə istinad edən müəllif unutqanlığın yalnız gələcək cinayətlərə zəmin olduğunu vurğulayıb, insanları sözügedən acı reallığa etiraz etməyə, Ağdaban, Xocalı, Ağdam və Qarabağın digər ərazilərində və ona bitişik Azərbaycanın 7 rayonunda baş verənləri xatırlamağa çağırıb.

AZƏRTAC