Ağdamda I Beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib
Almaniyanın Federal Kansleri Angela Merkelin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Sentyabrın 16-da Ağdamda Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Qarabağ Dirçəliş Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfransdan əvvəl tədbir iştirakçıları Ağdam şəhərində Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını, Çörək muzeyini, Ağdam Dövlət Dram Teatrını, Cümə məscidini və Mərkəzi meydanı ziyarət ediblər.

Tədbir iştirakçıları Ağdam torpağında birlikdə ağac əkiblər.

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov konfransda açılış nitqi ilə çıxış edib.

Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” I Beynəlxalq elmi-praktik konfransının iştirakçılarına müraciəti səsləndirilib.

Sonra iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru professor Nazim Müzəffərli çıxış ediblər.

Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradov “İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov “Qarabağda innovativ iqtisadi sahələrin inkişaf potensialı və perspektivləri”, AMEA-nın İqtisadiyyat İnstitutunun “Postkonflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri, AMEA müxbir üzvü, iqtisad elmləri doktoru professor Akif Musayev “Postkonflikt ərazilərin səmərəli məskunlaşdırılması məsələləri” mövzularında məruzələr təqdim ediblər.

Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.

Daha sonra yerli və xarici qonaqların iştirakı ilə sual-cavab sessiyası keçirilib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, konfransın növbəti və son görüşü bu gün videoformatda keçiriləcək.

“Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransın bütün təşkilati işləri Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçirilib. Tədbirin internet resursu ilə təmin olunması “Azercell” şirkətinin dəstəyi ilə reallaşıb.

AZƏRTAC