Ahıska Türk mədəniyyətinin etnik tipologiyası – Maarif, folklor və ədəbiyyat

Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib
Polis Ağdamda xidməti fəaliyyətini bərpa edib
Dünya azərbaycanlılarına

MAARİF

Ahıska paşalığı tarix boyu Osmanlı imperiyasının mühüm mədəniyyət-maarif mərkəzlərindən biri olub. Buradakı camelər, mədrəsələr bütün Qafqazda məşhur imiş.  İşğal Ahıska türklərinin mədəniyyətinə sarsıdıcı təsir edir, lakin xalq tədricən öz mənəvi dəyərlərini və mədəniyyətini bərpa edir. Ahıska türklərinin milli oyanışı, mədəni həyatı ən ağır irtica dövrlərində də sönmür. «Əkinçi»dən başlamış «Molla Nəsrəddin»ə qədər və sonralar da həmişə Qafqaz türk mətbuatında Ahıska mühüm türk mədəni mərkəzi kimi xatırlanmışdır. 

Hələ 1836-cı ildə Qazan universitetində çıxışında Mirzə Kazım bəy əsas yerli dil kimi türk dili tədrisinin vacib olduğu məntəqələr arasında Tiflis, Qazax, Gəncə, Şuşa, Şamaxı, Quba, Dərbənd, Bakı, İrəvan, Naxçıvan, Lənkəranla yanaşı Ahıskanın da adını xüsusi qeyd edir (Bax: 20, с.346). Qeyd edək ki, Gürcüstanda əksər tarixi dövrlərdə, Borçalıda isə indiyədək türk dili əsas ünsiyyət vasitələrindən olub: «Keçmişdə geniş ərazidə (o cümlədən Gürcüstanın xeyli hissəsində) ünsiyyət dili funksiyasını yerinə yetirmiş Azərbaycan dilini çox vaxt azərbaycanlılarla qonşu olan gürcü əhali də bilib, azərbaycanlılara isə digər xalqlarla təsərrüfat ünsiyyətində gürcü dilini bilməyə böyük ehtiyac olmayıb» (18, с. 17).

  Ahıska və Axılkələk qəzalarında ilk müasir türk məktəbləri 1900-cü ildə açılır. XX yüzilliyin 20-30-cu illərində Ahıska yörəsinin mədəni-iqtisadi tərəqqisi sürətlənir. Ahıska-Axılkələk obalarında yeni maarif-mədəniyyət ocaqları yaranır, milli kadrlar yetişir. Ömər Əfəndi, Ömər Faiq Nemanzadə, Osman Sərvər bəy, Əhməd bəy Pepinov, Məmməd Zəki Dursunzadə, Məhəmməd Əli bəy, Afzal bəy kimi şəxsiyyətlər bütövlükdə Zaqafqaziya ictimai həyatında böyük rol oynayırlar. Ahıska elinin Azərbaycan, xüsusən Borçalıyla əlaqəsi güclənir. Bura Azərbaycandan çoxlu müəllim, sənətçi və inzibati işçi gəlir. Onların yardımı ilə texniki məktəblər, müəllim məktəbləri, siyasi kurslar açılır.

MƏTBUAT

Gürcüstanda türkcə çıxan «Tiflis əxbarı» (1842), «Ziya» (1879-1880), «Ziyayi Qafqaziyyə» (1880-1884), «Kəşkül» (1883) jurnalı, «Kəşkül» qəzeti (1884-1891), «Şərqi Rus» (1903-1905), «Molla Nəsrəddin» (1906-1918), 1918-1921-də müstəqillik dövründə çıxan «Gələcək», «Al bayraq», «Vətən», «Yeni dünya», sovet dövründə «Kommunist» (1921), «Yeni fikir» (1922-1927), «Yeni kənd» (1927-1938), «İşıqlı yol» (1924), «Dan ulduzu» (1926-1931), «Şərq kolxozçusu» (1931), «Qızıl Şəfəq» (1926-1930), «Yeni qüvvə» (1930-1939), Adıgündə «Adıgün kolxozçusu» (1931), «Qızıl rəncbər» (1933), Ahıskada «Kommunist» (1930), Aspindzada «Bağban» (1933), «Sosializm kəndi» (1940) kimi mətbuat orqanları türklərin ictimai həyatında mütərəqqi rol oynayır.

TEATR

Bu obanın mədəni həyatına teatr tamaşaları ayrıca rövnəq vermişdir, xüsusən Tiflis türk teatrının qastrolları. 20-30-cu illərdə çoxlu həvəskar teatr dərnəkləri yaranır, nəhayət, Tiflis Azərbaycan Dram Teatrının köməyi ilə 1934-cü ildə böyük sənətkar İbrahim İsfahanlının başçılıq etdiyi Adıgün Səyyar Kolxoz-Sovxoz teatrı fəaliyyətə başlayır (Abbas Hacıyev. Tiflis Azərbaycan teatrı. B., 1984, s. 138-141). Adıgün teatrında İ.İsfahanlıdan başqa, Əsəd Xəlilov, İsmayıl Ələkbərov, Sadıq Məmmədov, Qara Nəzərli, Yusif Ələkbərov, Məmməd Hüseyn Bəxtiyarlı, Məmmədbağır Məmmədov, Nadir Novruzov, Xasay Rüstəmli, İsrafil Qarayev, Nürəddin Rzayev, Rzabala Rzayev, Firidun Məmmədov, Ş.Ərdahanlı, Xədicə Əliyeva, Kübra Cəfərova kimi peşəkar sənətkarlar, yerli ziyalılardan Ömər Mamaxov, Ramiz bəy Qaplanov çalışırdı. Adıgün teatrı 1936-cı ildə yerli tamaşalarla yanaşı, Borçalı, Lüksemburq (indiki Bolnisi), Qarayazıya qastrola çıxır. 1936-cı ilin 7-20 oktyabrında Borçalıda tamaşalar verir. Teatrın repertuarına «Hamlet», «Otello», «Qaçaqlar», «Hind qızı», «Almas», «Sevil», «Altun-qala», «Yaşar», «Od gəlini», «Şeyx Sənan», «Hacı Qara», «Namus», «Sona», «Kef içində», «Platon Kreçet», «Volkovlar ailəsi» kimi əsərlər daxil idi. Tək Ahıska-Adıgündə deyil, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında böyük şöhrət qazanmış bu teatr gərgin işləyirdi («Yeni kənd» qəzeti, 1937, 21 mart). Teatr ancaq 1935-ci ilin mayına qədər «rayonun 30 böyük kəndində və mühüm nöqtələrində 70-dən ziyadə tamaşa vermiş, bədii çıxışlarda bulunmuşdu» («Qızıl rəncbər» qəzeti, 1935, 28 may). «Yeni kənd», «Qızıl rəncbər», «Adıgün kolxozçusu» qəzetləri Adıgün teatrının tamaşalarını təhlil edir, diqqətlə izləyirdilər. Aspindza və Qarayazıda, habelə Azərbaycanın bəzi rayonlarında uğurlu qastrolları olmuş, yalnız 1937-ci ildə Ahıskada 12 tamaşa göstərilmişdi (bax: 5, s.141). Lakin repressiv rejim bu teatrın uğurlarına çox dözmür, 1937-ci ildə teatr Tiflisə köçürülür və Səyyar Kolxoz-Sovxoz teatrı adlandırılır və bir neçə tamaşadan sonra bağlanır. Qeyd edək ki, Tiflis Azərbaycan teatrının da Ahıska bölgəsində qastrol tamaşaları olur.

FOLKLOR VƏ ƏDƏBİYYAT

Ahıska-Çıldır obalarında şifahi söz sənəti, xüsusən, aşıq yaradıcılığı qədimdən geniş yayılıb. Göyçə, Borçalı, Təbriz, Gəncəbasarla bərabər, Ahıska mahalı ozan-aşıq sənətinin əsas ocaqlarından olub. Bu torpaqlarda türk aşıq sənəti o qədər zənginmiş ki, gürcülər, urumlar, yəhudilər də aşıqlıq etmiş, türk sazı çalıb, türk gözəlləmələri oxumuşlar. Ahıska elində yeni və variant dastanlar – «Beg Bögrək», «Arzu və Qənbər», «Yaralı Mahmud», «İbrahim və Aslan şah», «Alıxan və Pəri», «Dərviş Ələmi», «Lətifşah», «Öməri» kimi onlarla ozan boyları söylənib. Buralarda «Koroğlu», «Əsli-Kərəm», «Aşıq Qərib», «Şah İsmayıl», «Qurbani» kimi ümumtürk dastanları da dillər əzbəri olub, bəzi mətnlər variantlaşıb, bəzi motivlər isə yalnız Ahıskada qorunub saxlanıb. İxtiyarların dediyinə görə, bu yurdda adı dillər əzbəri olan ustad şair və aşıqlar – Ahıskalı Gülali Xoca, Aşıq Qərib, Axılkələkli Xasta Hasan, Aşıq Şenlik, Koblıyanlı Aşıq Məhəmməd Səfili, Aşıq Üzeyir Fəqiri, Posxoflu Aşıq Zülali (Qara Zülali), Aşıq Rəğibi, Aşıq Əmrahi, Vanlı Oruc, Ahıskalı Mahmud Çirkini, Molla Xəlis, Azqurlu İsmayıl Əfqan, Aşıq Seyfi, Heydər bəy, Dəli Tamı, Qul Əhməd, Adıgünlü Ömər Əfəndi, Ahıskalı Pir Məhdi, Xırtızlı Sevdayi, Axılkələkli Daşdəmir, Ahıskalı Pərtəv Bəy Qorxan, İsgəndər Nihani, Ahıskalı Şəhri Əfəndi, Azqurli İsmayıl, Aşıq Nuru, Aşıq Balakişi, Aşıq Məftuni, Aşıq Balabəy, Çanaq Əhməd, Dərviş Ələmi, Firaği, Topçioğlu, Səfil Kamil, Aşıq Murad, Aşıq Nəcəf, Aşıq Nəcib, Aşıq Şavqi, Aşıq Bayram, Aşıq Əvəz, Aşıq Mirsis, Aşıq Qəhrəman, Aşıq Pirverdi, Aşıq Müştaqi, Koblıyanlı Çərkəzoğlu, Hanaklı Molla Dursun Məhzuni, Usta Polad, Aşıq Ruhani, Dəli Yusif, Aşıq Aslan, Aşıq Qaragöz, Aşıq Zeyin, Aşıq Pəktayi və başqaları imiş. Son illərdə ulu ustadların sənətini yeni nəsil davam etdirir. Usta Mürtəz, Zarzimalı Aslan, Fəhlül, Cabir Xalidov, Mehyar,  Zeynul Yektay, Şimşək Sürgün Kaxaretli, Şahismayıl Adıgünlü, Güləhməd Şahin kimi el şairlərinin əsərləri xalqı birləşdirir və bir millət kimi yaşadır.  Milli mətbuat, məktəb, ərazi birliyindən məhrum olan Ahıska elinin qəriblik həyatında folklor müstəsna rol oynayır, milli varlığı, etnik yaddaşı qoruyan ən önəmli qüvvə kimi inkişaf edir.  Ahıska folklorunda qədim motivlərlə bərabər müasir tarix, sürgün dövründəki mədəni əlaqələr, dil təmasları, yazılı ədəbiyyatın təsirləri də dərin iz buraxmışdır. Ahıska türk folkloru janr baxımından da çox əlvandır. El arasında müdrik kəlamlar, dualar, manilər, deyimlər, ağılar, şaka-yerennüklər, türkülər, qoşmalar, nağıllar, mifik rəvayətlər, dastanlar, dəstənələr geniş yayılıb. Sanamalar, herslatmalar, tapmacalar, şaşırtmalar, nənnilər, oyunlardan ibarət çocuq folkloru da bir aləmdir. Ahıska elində qorunmuş bu folklor nümunələri, xüsusən, son dövrlərdə formalaşmış sürgün folkloru bütövlükdə Ahıska-türk mədəniyyəti ümumtürk tarixi üçün orijinal bir mənəvi sərvətdir.

ETNOTOPONİMLƏR

Ahıska-Axılkələkdəki, eləcə də Borçalıdakı coğrafi adların böyük əksəriyyəti sırf türk mənşəlidir və onların çoxu ən qədim türk uluslarının adlarını, qədim türk sözlərini yaşadır, etnik mədəniyyət və tarix haqqında müəyyən təsəvvür yaradır. Bütün Qafqazda olduğu kimi, burada da yüzlərlə dağ, çay, göl, qaya, meşə, kənd adı qədim hunların, avarların, tubaların, sabirlərin, basillərin (barsil, bozal), bulqarların, oqur, onoqur, saraqur, utuqur, kutuqur qövmlərinin, xəzərlərin, tolosların və onlarla digər türk toplumlarının xatirələridir. Ahıska-Axılkələkdəki, cənubi Gürcüstandakı türk etnotoponimlərindən bəzi nümunələr bunlardır:

hun etnonimi: Hundun dağı və Hundun gölü (Aspindza), Xunan qalası (Tiflisə tərəf), Xona kəndi (Adıgün), Xoni kəndi (Kutaisə tərəf); basil etnonimi: qədim Basiane vilayəti (Axısqa-Çıldır bölgəsində), müasir Basileti, Bazaleti, Bozaliani kəndləri, Bozaleti gölü; abdal (ağ hun) etnonimi: Abdallı kəndləri (Borçalı); avar, avar-hun (var-hon) etnonimi: Varxan kəndləri (Adıgün və Aspindza rayonları), Abari kəndi (Ambrolauri rayonu); onoqur etnonimi:  Onoquris (Zestafoni tərəfdə), Onqor (Aspindza rayonu), Unaqira (Xon rayonu) kəndləri (qeyd edək ki, onoğuz-onoqur-onqar-unqar-hunqari etnonimlərində 10 rəqəminin işlənməsi adətən 10 oğuz qəbiləsinin birliyi kimi izah edilir, lakin N.Marrın bir müşahidəsi bunun həm də erkən təsəvvürlərlə bağlı olduğunu ehtimal etməyə əsas verir. Görkəmli alim qeyd edir ki, 1 və 10 rəqəmləri insanı və qəbiləni bildirir, çünki «vahid» və «on» münasibətlərində olan «insan» və «qəbilə» eyni bir ad daşıyır: bir halda – bütün «qəbilə» və «qəbilənin hər bir adamı», digər halda – «əl» (həm «bir», həm də barmaqların sayına görə «on») mənasında (28, c. 468-469); saraqur (sarı, ağ oqur) Sarkine şəhəri  (xəzərlərin Don yaxınlığında da saldıqları Sarkel şəhərinin adının türk mənşəli olduğunu N.Marr təsdiq etmişdir: (Bax: Марр Н.Я. Чуваши-яфетиды на Волге. Чебоксары, 1926, с.67, 71; 28, с. 323-324), Sarı kəndi (Aspindza rayonu); tuba (tobol, tuva, tofalar) etnonimi: Toba, Qurtuban (Axısqa), Qaratuban, Qortuban (Adıgün), Tobaxçı (Axısqadan şimalda) kəndləri; kəmər (qəmər, qimir, komar, kamaritlər) etnonimi: Böyük və Kiçik Kəmərli və Qomareti (Borçalı), Qomar (Adıgün) kəndləri; macar etnonimi: Macar-sxali (Xaşur rayonu), Macar gölü, Aşağı və Yuxarı Macar kəndləri (Suxumi yaxınlı­ğında); udi (utiqur, udon, uti) etnonimi: Ude kəndi (Adıgün rayonu); kul (kol) etnonimi: tarixi Kola vilayəti (Axısqadan cənubda), Qullar (Borçalı) və Kolaki (Sıqnax yaxınlığında) kəndləri, kuyvar (xubair) etnonimi: Xubiar kəndi (Borçalı); sam (samar)  etnonimi: Samqur (Adıgün) və Samqori (Borçalı) kəndləri; Samser mağarası (Axılkələk); az (uz) etno­nimi: Azqur (Axısqa rayonu), Azman (Axılkələk), Azgüdə (Aspindza) kəndləri; sal etnonimi: Salieti və Saloğlu kəndləri (Borçalı); moxe (moqe, mukri, muqri) etnonimi: Muğanlı, Muğançı Əhməd, Muqlian (Borçalı), Muqaret (Axısqa), Moxe (Adıgün) kəndləri; tolos (tulus, teles, tules) etnonimi: Toloş kəndi (Aspindza); kuzan (quzan) etnonimi: Quzanlı (Er­mənistan); adıgün etnonimi: Adıgün rayonu; qobu (kobu) etnonimi: Kobu­leti şəhəri (Acarıstan), Kobi (Kazbek rayonu), Qobieti (Aspindza), Kobı­xevi və Kobaze (Axısqa) kəndləri; gəncək etnonimi: Qandza (Boqda­novka, Ninosminda); bələncər etnonimi: Balacur (Adıgün), Balacauri kəndləri (Tiflis); kun etnonimi: Kuna kəndi (Aspindza); anca (incə, onca, ança, onça) etnonimi: Edincə, İncqola, İncebla (Axısqa rayonu), İnca, İncədərə, İncədağ (Borçalı) kəndləri; tuğ (tuk, tok) etnonimi: Tuğ (Boqdanovka); çala etnonimi: Çala (Axısqa) və Çela (Adıgün) kəndləri; basar (bazar) etnonimi: Bazarxana (Aspindza) kəndi; çicil (çigil) etnonimi: Çigil (Adıgün) kəndi;  salar etnonimi: Salardağ (Axısqa); oral (aral) etnonimi: Oral (Axısqa) və Aral (Adıgün) kəndləri; ovat (abat) etnonimi: Abatxevi (Axısqa) kəndi; kergil (qurqul) etnonimi: Qorqul (Adıgün) kəndi; balta (boltalı) etnonimi: Balta (Laqodex və Znaur) kəndləri; xançal etnonimi: Xançala kəndi (Boqdanovka) və Xançala gölü (Axılkələk); xasbəy etnonimi: Xasbəy (Boqdanovka) kəndi; orucoğlu etnonimi: Orucalar (Axılkələk) kəndi;  damğa etnonimi: Damğalı (Axılkələk) kəndi; zilan və zaza etnonimi: Zilan (Axısqa), Zazançı, Zilan (indiki Ermənistanın Axılkələklə sərhəd şimal-qərbi), Zazalı (Adıgün) kəndləri; tele etnonimi: Təhlə (Borçalı) kəndi  (Cənubi-qərbi Qafqazda türk etnotoponimləri haqqında bax: 31; 38; 2; 11; 39, с. 11-40; eyni zamanda V.V.Bartold, M.F.Kırzıoğlu, L.N.Qumilyov, B.A.Budaqov, Q.A.Qeybul­layev və b. əsərləri).  

NƏTİCƏ

1944-cü il sürgünü Ahıska türklərinin maarif və mədəniyyətinə sarsıdıcı zərbə vurur, xalq bütün insani və vətəndaş hüququlrından, milli maarifdən, təhsildən, mətbuatdan məhrum edilir, əmlakı əlindən alınır, minlərlə insan həlak olur. 1956-cı ildə ümumi reabilitasiya qərarı verilsə də, Ahıska türklərnə doğma vətənə qayıtmaq qadağan edilir, kompemsasiya ödənmir. Vətənə dönüş uğrunda milli hərəkatın fonunda 1950-ci illərin axırlarından – 60-cı illərdən milli-siyasi və mədəni dirçəliş başlayır. 1958-ci ildə Ahıska türklərinin bir hissəsi Azərbaycana gəlir və bu, xalqın taleyində bütövlükdə müsbət rol oynayır. Onlar ilk dəfə olaraq milli mədəniyyətlərini qorumaq, ana dilləri ilə faktiki eyni dildə təhsil almaq, ictimai-siyasi həyatda iştirak, əmin-əmanlıq və qardaş münasibəti şəraitində yaşamaq  imkanı əldə edirlər.

Lakin sürgünün nətcələri aradan qaldırılmayıb və Ahıska türkləri hazırda dünyanın ondan çox ölkəsində məskunlaşıb, toplum halında yaşamaq, etnik kültürü qoruyub inkişaf etdirmək, ailə birliyini qorumaq, doğma coğrafiyadakı təsərrüfat, iqlim şəraitində yaşamaq və digər hüquq və haqlardan məhrumdur. Ahıskalılar bu gün bu milli və insani haqlarını tələb edirlər, Gürcüstan Respublikasının sadiq vətəndaşları kimi doğma yurdda yaşamaqdan başqa heç bir milli perspektiv və şans görmürlər. Ahıska türklərinin doğma vətənlərinə mane olan amillərdən biri də Gürcüstandakı şovinist və millətçi erməni dairələri və separatçı terror təşkilatlarıdır.

Müasir dövrdə Ahıska türkləri yaşadıqları ölkələrdə müxtəlif ictimai təş­ki­lat­ları var. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkstan, Qırğızıstan, Rusiya, Ukrayna, ABŞ və digər ölkələrdə Ahıska dərnəkləri, xeyriyyə təşkilatları fəaliyyət göstərir, vətən mücadiləsi aparılır. Ahıska türkləri müxtəlif yerlərdə ali təhsil alır, kültür qurumları yaradırlar.

Lakin bu xalqa, onun etnik kimliyinə qarşı törədilmiş, insanlığa zidd olan deportasiya cinayəti bu gün də davam edir. Ahıska türkləri hələ də doğma yurda qayıda bilməmişlər və bu, Ahıska türklərinin milli varlığına, etnik kültürünə son dərəcə mənfi təsir edir, son nəticədə etnik-mədəni özünəməxsusluğun silinməsi təhlükəsi yaradır.

Bu problemlərin həlli və nəticə etibarilə Ahıska türklərinin etnik varlığının və kültürünun qorunması üçün bir sıra vacib təhsil, mədəni-maarif məsələlərinin müzakirəsinə ehtiyac var.

Prof. Dr. Asif Hacılı