Ahıska türklərinin etnik tarixi- Qədim dövr

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İmam Hüseyn məscidinin bərpadan sonra açılışında iştirak edib
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
“Qaçqınkom” sədri Ağdama köçmək istəyən məcburi köçkünlərə müraciət edib

GİRİŞ

Ahıska türklərinin etnik mədəniyyəti onların tarixini, etnik mənşəyini, milli kimlik şüurunu, coğrafiyasını və mədəni mühitini, təmasda olduqları xalqlarla  əlaqələrini, islamaqədərki və islami inanış və təsəvvürləriəks etdirir.

Bu baxımdan, bu mədəniyyəti sxematik şəkildə belə cizgiləyə bilərik: Osmanlı türklərinin tərkib hissəsi olan Ahıska türklərinin mədəniyyəti Osmanlı və Qafqazda türklük tarixini, arxaik dövrə varan pratürk etnogenezini,oğuz və qıpçaq türklərinin etnomədəni sintezini, Qafqaz və Anadolu dialoqunu, Azərbaycan – Osmanlı – Gürcüstan tarixi-mədəni əlaqələrini, dağ və dağətəyi coğrafi ərazilərin həyat tərzini, arxaik inanclarla islam dəyərlərini və müasir tarixi-siyasi prosesləri əks etdirir. Sürgün dövründə etnik mədəniyyət milli kimliyi, sosial həmrəyliyi və vətənpərvərlik ideallarını qoruyub saxlayan əsas funksional amil kimi çıxış edir. Buna görə də, Ahıska türk etnik mədəniyyətinin tipologiyasını, məzmun və forma xüsusiyyətlərini anlamaq üçün öncə qeyd etdiyimiz bu aspektlərə ümumi nəzər salmaq zəruridr.

QƏDİM DÖVR

Ahıska türklərinin tarixi Cənubi-qərbi Qafqaz və Şimali-Şərqi Anadoluda cərəyan edən türklük tarxinin ayrılmaq tərkib hssəsidir. Bu ərazilərə erkən dövrlərdən iskitlər, sarmat, hun, oqur, saraqur, onoqur, avar, sabir, bulqar, xəzər və digər qövmləri, eləcə də oğuz və qıpçaqlar köç etmişlər. Lakin türklər Qafqazın yerli, əzəli xalqlarından olmuş və bu torpaqlarda hələ eramızdan əvvəl və erkən Orta əsrlərdən zəngin mədəniyyət və güclü dövlətçilik ənənəsi yaratmışlar. Bir çox gürcü, ərəb, yunan, erməni mənbələrində, məşhur alimlərin əsərlərində türklər Qafqazın yerli, avtoxton xaqlı, yerli-bun-türklər adlandırılmışlar. Cənubi-qərbi Qafqazda, o cümlədən Ahıskada türk nüfuzunun qədimlyini və əhəmiyyətini belə bir fakt da təsdiq edir: Orta əsrlərə  aid gürcü mənbələrində indiki Gürcüstan ərazisi “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) adlı iki hissəyə bölünür, Evlya Çələbi isə bu bölgəni “tərəkəmeyi Gürcüstan” adlandırır. 

Türk axınları: yerli və gəlmə türklər. Mənbələrdə Qafqaz tarixində adı keçən ən qədim türk qövmlərindən iskitlər hunlar miladdan öncələrdən Avrasiyaya hökm etmiş, eramızın ilk illərindən Avropaya, o cümlədən Qafqaza kütləvi yürüşlərə başlamışlar. Artıq Ptolomey qərbdəki hunlardan danışır. III əsrdə cənubi Rusiyada qotların spallar (rus dilində «ispolin» – nəhəng sözü bundandır) qarşılaşması barədə məlumat verilir (Нидерле Л. Славянские древности. Москва, 2001, с.141; Мавродин В.В. Образование древнерусского государства. Л., 1945, c. 38, 50). Bu dövrlərdən hunların əsas qüv­və­ləri qərbdə cəmləşir, Mər­kə­zi Avropaya, Anadolu və Qafqaza yürüşləri güc­lənir. Xorenli Musa 376-cı ildə hunların həmlə etdiyi qotların 25 slavyan qəbiləsini Dakiyadan Dunayın digər sahilinə sıxışdırdığını bildirir.

IV əsrdə Xəzər və Volqa çevrəsini fəth edən hunlar Qafqazı təsirləri altına alırlar. Özəyi on oğuz (onoqur) qövmü olan hun birliyi Atilla dövründə Qərbi Avropadan Altaylara və Çinə qədər bütün Avrasiyanı sarır, qitəyə sabitlik gətirir.

V əsr Suriya mənbəyinə görə, hunlar Gürcüstanda da qədimdən güclü hərbi-siyasi amil olmuşlar. Bizans imperatoru Arkadinin (395-408) sarayında qulluq edən iver Farsman vətəninə gələrək «iverlərin qonşusu olan ağ hunların» (eftalitlər, abdallar – A.H.) köməyi ilə hakimiyyəti alıb (Пигулевская Н.. Сирийские источники по истории народов СССР. М.-Л., 1941, с. 37). İran vassalı olan Kartli çarı Vaxtanq 482-ci ildə farslara qarşı üsyan hazırlayanda, müttəfiq kimi hunlara üz tutur və “döyüşdən yayınaraq, o qədər hon (hun – A.H.) çıxaracam ki, fars qoşunları onların qarşısında dura bilməyəcək” söyləyir (Мровели Леонти. Жизнь грузинских царей. М., «Наука», 1979, с. 90).

Yüzillərlə Qafqaza hökm edən hunların adı toponimlərdə də qalıb – Gürcüstanın müasir Zestafon (Qərbi Gürcüstan) ərazisindəki Onoquris toponimini Aqafi hun anlamını bildirən onoqur (on oğuzun fonetik dəyişikliyə uğramış varantı) etnonimi ilə bağlayır (Агафий. О царствовании Юстиниана. М., 1953, с. 73; Хауссиг Г. В. К вопросу о происхождении гуннов. – Византийский временник, 1977, № 38, с.60, прим. 11). VI əsr müəllifi Zaxari Ritor gürcülərin qonşusu olan türk qövm­lə­rin­dən ağ hunların, siruqurların (saraqur), avqarların (oqur), kurtaqurların (ku­turqur), sabirlərin, xəzərlərin, dilmarların, kulasların və b. adını çəkir (Пигулевская Н.. Сирийские источники по истории народов СССР. М.-Л., 1941, с. 165).

Onu da xatırladaq ki, bir sıra məşhur tədqiqatçılar hunları (hon) Qafqazın məhz burada törəmiş və təşəkkül tapmış əzəli və yerli türk etnik toplumu olduğunu təqdiqləyir (Тревер К. В. Очерки по истории и культуре Кавказской Албании. М.-Л., 1959, c.191-193; Волкова Н.Г. Этнонимы и племенные названия Северного Кавказа, М.1978).

IV əsrin sonlarından bu ərazilərdə To-palar ulusu güclənir və böyük iqtidar sahibi olur. Müxtəlif qövmləri birləşdirən, son­ra­dan türkcə tabğaç, yunanca tauqast adıyla tanınmış To-paların (toba, tuba, tubo, tuva, tofalar) izləri Qafqazdakı etnotoponimlərdə, o cümlədən, Ahıska-Axılkələkdə də rast gəlinən Toba, Tobaxçı, Qurutuban (Ahıska rayonu), Qaratuban, Qortuban kəndlərinin (Adıgün rayonu) adlarında qalmışdır.

V əsrin axırlarından böyük türk ulusu sabirlər Uralı keçərək Volqa-Don-Qafqaz çevrəsində yerləşir və fəal siyasi-hərbi amilə çevrilirlər. Yustinian dövründə (527-ci ildən) hunların Avropa yürüşləri haqqında mə­­lumat verilir (Прокопий Кесарийский. Готская война // Вестник древней истории, т. V. М., 1941, с. 236, 241). İordan, Efesli İoan, Menandr da hunlardan söz açır. Sabirlər Qafqazdan Anadoluya yürüş edir, 527-ci ildə Bizans imperatoru I Yustinian şimali Qafqaza yüz minlik orduya hökm edən sabir hökmdarı Voa (Boa, Boariks) ilə müqavilə bağlayaraq, sabirlərlə birlikdə farslara qarşı çıxır.

Dərbəndi aşıb gələn xəzərlər də Gürcüstan tarixində iz qoyur, hətta XI əsr gürcü tarixçsi Leonti Mroveli “Kartli çarlarının həyatı” salnaməsinin xüsusi fəslini xəzərlərə həsr edir. Xəzər dilinin Kartlidə ümumişlək dillərdən olduğu da məlumdur (Мровели, c.27).

Leonti Mroveli Kartlinin ilk çarı Farnavazın İsgəndərin Kartliyə gəlişi zamanı Msxet sahibi olmuş Uplos (Msxetosun oğlu) nəslindən Samarın qardaşı oğlu olduğunu, öz oğlunun Saurmaq adlandığını bildirir. Eqris hökmdarı Kuci əsil-nəslinə görə Farnavaza tabe olur. Azona qalib gələn Farnavaz bütün Karlini birləşdirir, müxtəlif yerlərə, o cümlədən Xunan qalasına eristavlar təyin edir. Sonradan Kartli eristavları Saurmaqa qarşı çıxır, lakin Saurmaq aznaurların, ovsların, durdzukuların köməyilə kartlilərə qalib gəlir. Mroveli «xəzər əsirliyi dövründə ölkənin möhkəmliyi sayəsində hamının sülh içində olduğunu, durdzukların çoxaldığını» yazır. Salnaməçi xristianlığın Gürcüstanda təzə yayıldığı dövrdə, eramızın I əsrinin ortalarında İberiya və ermənilər arasında müharibəni təsvir edərkən Kartli çarları Azork və Armazelin ovs (gürcü mənbələrində hunlara ovs, hon, onoqur deyilib) və lekləri köməyə çağırdığını, ovs çarları iki qardaş Bazuk və Anbazukun ovs ordusu ilə birlikdə paçanik və cikləri, leklərin isə durdzuk və didoları gətirdiyini bildirir, bu qüvvələrin ermənilərlə döyüşdüyünü, Samshi və Klarcet əhalisinin ermənilərə qarşı mübarizəsini, xəzərlərlə münasi­bət­lə­rini təsvir edir (Мровели, c.29-39).

Mroveli yazır ki, “Fars şahı Vaştaşabisin oğlu Spandiat-Rvali, şanlı bahadur, gələndə, ona müqavimət gücləri olmayan ermənilər və kartlilər döyüşə çıxmadılar və onun gəlib çatmasını gözləyərək qalalarını gücləndirdilər. Ancaq şahzadə Adarbadaqabda babasının türklər tərəfindən öldürüldüyünü və İrana hücum elədiklərini eşidib geri qayıdır”. Bu fakt özü də türklərin bu bölgədə mövqelərini və gücünü göstərir (Мровели, c.27)

Xəzərlərlə birlikdə Avrasiya çöllərinə qarapapax soyları da axın edir. Rusiya dövlətçiliyində müstəsna rol oynamış, rus kazaklarının formalaşmasına təkan vermiş bu yarımhərbi toplumun bir qismi Qafqaza, Borçalı-Qazax, Qars-Ərdəhan bölgəsinə və Cənubi Azərbaycana üz tutur.

Cənubi-qərbi Qafqazda dərin iz qoyan və Ahıska türklərinin birbaşa əcdadları sayılan mühüm türk soyu isə buntürklərdir. Gürcü mənbələrində bun­türklər haqqında qismən geniş məlumata VII əsrin ortalarında yazılmış «Moksevay Kartlisay»da (“Gürcülərin xristianlaşması”), Leonti Mrovelinin adını çəkdiyimiz “Kartli çarlarının həyatı”nda, digər mənbələrdə, tədqiqatçıların, o cümlədən N.Y.Marrın araşdırmalarında rast gəlinir.

Mənbələrdə buntürklərin («bun» – xas, öz, soy, nəsil, yerli anlamında) 28.000 ailə olduğu və onların Msxetdən qərbdə Kür boyu saldıqları Sarkine, Kaspi, Odzrax və Urbnisi şəhərlərində və ətraflarda yaşadığı, Gürcüstanda hökmranlıq etdikləri, hətta ölkəyə gəlmiş döyüşkən hunların da yalnız buranın köklü sakinləri olan buntürklərin razılığı və vergi ödəmək şərti ilə Zanavda yerləşdiyi bildirilir (Источники грузинских летописей. Три хроники // СМОМПК, Тифлис, 1900, 28-й выпуск, с.1-5, 44; Eləcə də bax: Мровели, 1979).

Qeyd edək ki, Leonti Mroveli bun-türk etnonimini daha qədim, VII əsrə aid mənbədən – «Moksevay Kartlisay»dan götürüb. Bu mənbələrdə bun-türklər tarixən çox qədimlərə – ellinizmə qədərki dövrlərə, yəni ən azı m.ö. dördüncü əsrdən daha aədimlərə gedib çıxan, Kartlinin ən qədim yerli xalqı hesab edilir. Bu terminin hərfi mənasının fərqli izahları olsa da, tədqiqatçılar görkəmli alim N.Y. Marrın köklü, həqiqi, əsl, xas türklər təfsiri daha məqbul sayılır (Мровели, c.60; Марр Н. Я. Ипполит. Толкование Песни Песней. СПб., 1901; bu haqda görkəmli alim Mirəli Seyidovun tədqiqatına bax: Сейидов М.А. Опыт этимологического анализа Бунтурк // Доклады АН АзербССР. Баку, 1969).

Mənbələrdə Makedoniyalı İskəndərin də Qafqaza gəldiyi zaman buntürklərlə qarşılaşdığı, onların böyük yunan fatehinə qəhrəmanlıqla müqavimət göstərdiyi qeyd olunur (Мровели, с.28; Brosset M. Histoire de la Georgie. Petersbourg, 1849, p.33). Salnaməçi Leonti Mroveli Mkedoniyalı İsgəndərin Kartlini cəmi altı aya fəth etdiyini, buranın müxtəliif xalqlardan olan əhalisini qılıncdan keçirdiyini, lakin buntürklərdən ibarət olan Sarkine şəhəri əhalisinin çara tabe olmadıqlarını, onu qənadıqlarını və on bir ay müqavimət göstərdiklərini yazır. Nəhayət bütün ehtiyatları tükənmş buntürklər təslim olmur, qayalıqlardan gizli şəkildə lağım ataraq, şəhəri tərk edib Qafqazın o tayına qaçdıqlarını bildirir (Мровели, с.28).

Qədim gürcü mənbələrində, o cümlədən «Moksevay Kartlisay», “Kartlis Sxovreba”da, Leonti Mrovelnin “Gürcü çarlarının həyatı”nda türk-turanlıların adı çox çəkilir, eyni zamanda, türklərin və kartlilərin iranlılara qarşı ittifaqından, onların həmrəy yaşadıqlarından, türklərin sülhsevərliyi və xoşgörülüyündən, istehkamlar qurmasından, qalaları və şəhərləri möhkəmlətməsindən, kartlilərə səmimi münasibətindən bəhs edilir (Мровели, с. 58).

Akademik Marr buntürklərin avtoxton türklər olduğunu təsdiqləyir (N.Marr et Vriere, M. La Langue Georgienne. Paris, 1931, p.615). Cənubi Azərbaycan alimi M.T.Zehtabi «bun» sözünün kuman, qırğız, tatar, qara qırğız dillərində soy/nəsil demək olduğunu, buntürklərin «türk soyu» anlamını verdiyini bildirir (Zehtabi M.T. (Kirişçi). İran türklərinin əski tarixi. Təbriz, 1999, s.719).

On oğuz tayfalarının birliyi olan hunlardan sonra, X-XI əsrlərdə oğuz və qıpçaqların Cənubi Qafqaza yeni axını başlamışdır. Bu dövrdə Qafqaza qıpçaqlar şimaldan, oğuzların cənubdan gəlirlər. Gürcülər bu türkləri «yeni qıpçaqlar» («kivçakni axalni»)adlandıraraq, yunan, gürcü, ərəb mənbələrinin “yerli”, “bizim”, “bun-türklər”, böyük şərqşünas və qafqazşümas alim, akademik N.Y.Marrın «avtoxton» adlandırdığı, daha əvvəlki dövrlərdən burada məskunlaşmış türklərdən fərqləndirirlər.

Beləliklə, erkən Orta əsrlərdən buralarda türk nüfuzu mühüm siyasi, mədəni amillərdən olur. Əslində XII əsr gürcü intibahının təminatçısı da məhz türklər, xüsusən, qıpçaq türkləridir.  Qurucu Davidin dövründə türk-gürcü ittifaqı xüsusilə güclənir, yeni türk-qıpçaq soyları Gürcüstanın siyasi həyatında həlledici rol oynayır. «Şəhər və qalaların qorunmağı, hətta öz drujinası» üçün də qoşunu olmayan çar Qurucu David 1118-ci ildə qıpçaqları köməyə çağırır. «Açıq bənizli, sarı saçlı, mavi gözlü» qıpçaqların (rus mənbələrində «polovslar», kumanlar) Qafqazdakı hökmdarı Artık xan (Atrak xan) Qurucu Davidin qaynatası idi və onun dəvətini qəbul edib 50 minlik ordu, ümumilikdə 300 minə qədər adamla gələrək Gürcüstanın cənubunda yerləşir (Картлис Цховреба. История Грузии. – Тбилиси, Издательство АРТАНУДЖИ, 2008, 21, c. 189).

Qıpçaqlar Atrak Saruxanın başçılığıyla səlcuq-oğuzları məğlub edərək, 1121-ci ildə Tiflisi alır, Gürcüstanın paytaxtına çevirir və qohumları olan Baqratlılara, Qurucu Davidə bağışlayır. Qıpçaqlar nəinki gürcü dövlətini qoruyub saxlayır, hətta Qurucu Davidin fəal xarici ekspansiyalarının da təminatçısı olurlar

III Georginin və Tamarın hakimiyyəti dövründə də on minlərlə «yeni qıpçaq» Gürcüstana dəvət olunmuş, istədikləri yerlərdə yerləşdirilmiş yeni qıpçaqlar ölkənin hərbi, siyasi, maliyyə işlərinə rəhbərlik etmiş, XII əsr gürcü intibahının rəhni olmuşlar. Gürcüstanın ən parlaq çağlarının baş komandanları Kubasar, Qutluq Arslan qıpçaq orduları ilə Gürcüstanın rifahına şərait yaratmışlar. Bu dövrdə Gürcüstanda türk-qıpçaq dili geniş istifadə olunmuş, gürcü dövlətçilik, hərb terminləri əsasən qıpçaq sözlərindən yaranmışdır.

Xristian qıpçaqlar Gürcüstanın bir çox yerlərində öz dini ibadətgahlarını, o cümlədən məşhur qıpçaq məbədi olan «Qıfçax-avank» monastırını (Крымский А.Е.. Низами и его современники. Б., 1981, с.173) tikərək istifadə etmişlər. Qıpçaqların Gürcüstana belə həvəslə dəvət olunması barədə Ukrayna Elmlər Akademiyasının qurucusu, 60-a qədər dil bilən, dünyacaməşhur fenomenal Krım-tatar alimi Ağatanğel Yefim Qırımlı (Aqafangel Yefimoviç Krımski) yazır: «XII əsrdə bu qıpçaqsevərlik gürcü çarlığının irsi ənənəsi olmuşdur» (Крымский, c.173).

Gürcüstanın ən parlaq çağlarının böyük baş komandanları Kubasar, bir qədər sonra Qutluq Arslan, Tamarın dövründə Sevinc Savalt qıpçaq olmuşlar. Sevinc Savaltın başçılığıyla «köhnə və yeni» qıpçaqlardan ibarət dəstə Tamarın qvardiyasını təşkil etmişdir (Картлис Цховреба, с.275). Bu dövrdə Gürcüstanda türk-qıpçaq dili geniş istifadə olunmuş, gürcü dövlətçilik, hərb terminləri əsasən qıpçaq sözlərindən yaranmışdır. Xristian qıpçaqlar Gürcüstanda öz dini ibadətgahlarını, o cümlədən məşhur qıpçaq monastırı «Qıfçax-avank» (Крымский, с.173). monastrını qurmuşlar. Ahıska-Axılkələkdə indiyədək qalan Safara, Vardzia, Zarzma monastırları da əsasən xristian qıpçaqların məskunlaşdığı yerlərdədir.

Atabəylik. Əsas mərkəzi Ahıska-Axılkələk və Borçalı olan “Didi Türkoba”nın hərbi-siyasi qüdrəti XIII əsrdə elə güclənir ki, İlxanlılar dövründə, 1267-ci ildə, türklər Ahıskanın Gürcüstandan asılılığına son qoyur və paytaxtı Posxov yaxınlığında Caksu qəsəbəsi olan Samshi-Ahıska qıpçaq atabəyliklərini elan edirlər. Əsası 1267-1268-ci illərdə qoyulmuş Samshi bəyliyi müəyyən dövrlərdə zəifləsə də 1578-ci ildə Osmanlı fəthinə qədər faktiki müstəqilliyini və türklüyünü saxlamış, Ahıska bəyliyi, gürcü mənbələrində isə Saatabaqo, Samshi Saatabaqo (Atabəylər yurdu, Samshi Atabəyliyi) kimi tanınmışdır. Beləliklə, Ahıska XIII-XVI əsrlərdə 310 il özünü idarə etmiş, geniş ərazilərə hökm edən, xaricə ekspansiya gücü və zəngin islam-türk mədəniyyəti olan müstəqil bəylik kimi tarixə düşmüşdür. Onu da qeyd edək ki, Ahıska atabəyləri sülaləsinin son nümayəndələrindən Osman Sərvər Atabəy XX əsrin əvvəllərində türklərin erməni məzaliminə qarşı milli qurtuluş hərəkatına öndərlik etmişdir.

Prof. Dr. Asif Hacılı