Beynəlxalq Astronavtika Konqresi: İlon Mask sualları cavablandırıb 

Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib
İsveçrənin mobil operatoru Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən şirkətlə əməkdaşlığı dayandırıb

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

AZƏRTAC xəbər verir ki, “Gələcək üçün əvəzsiz imkanlar” mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Klay Mourinin moderatorluğu ilə baş tutub.

Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Klay Mouri arasında maraqlı müzakirə formatında keçirilib.

İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırıb, hazırda icrası davam edən layihələri haqqında təfərrüatları bölüşüb.

“Onun bu iddialı konsepsiyanın (“Starship” gəmisi) həyata keçirilməsinə sərf etdiyi fədakarlığı adi gəmilərdən təxminən üç dəfə daha böyük bir kosmik gəmi dizayn etməyə imkan verib. O, “Mən, sadəcə, maraqlıyam” deyib və təsdiqləyib ki, sadə bir sual, maraq qığılcımı bizi mümkün olanın hüdudlarından kənara çıxara bilər. Bu, yalnız ən çox maraq göstərənlərin edə biləcəyi bir nailiyyətdir. Hər fikir reallığa çevrilə bilər”, – deyə Kley Mouri bildirib.

İlon Mask qeyd edib ki, “Starship” kosmik gəmisi və “SpaceX”in “Starship” adlanan super ağır raketi ekipaj və yükləri Yer orbitinə, Aya, Marsa və ondan kənara daşımaq üçün nəzərdə tutulmuş tamamilə təkrar istifadə edilə bilən nəqliyyat sistemidir. “Starship” dünyanın indiyə qədər hazırlanmış ən güclü buraxılış aparatıdır, 150 metrik tona qədər tamamilə təkrar istifadə edilə bilən və 250 metrik tona qədər sərf edilə bilən yük daşıya bilir.

İlon Maskın sözlərinə görə, “Starship” gəmisi 3-4 ildən sonra Marsa maneəsiz enə bilər. Gəmi, həmçinin kosmik laboratoriya kimi istifadə oluna bilər. Onun kosmosda istənilən müddətdə qalması mümkündür. Kosmosda uğurlu eksperimentlər aparmaq üçün bütün şərait mövcuddur. “Gün gələcək biz səhər yeməyimizi Los-Ancelesdə, naharımızı Londonda, şam yeməyini isə Sinqapurda edəcəyik”, – deyə İlon Mask əlavə edib.

Tədbirdə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak ediblər.

AZƏRTAC