Akif Həsənov: azərbaycanlılar Gürcüstanın müstəqilliyinə tarix boyu töhfə veriblər və bu gün də verməkdədirlər…

Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
Ötən il 955 halda əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilib
Bakıda ilk dəfə Dünya Limanlar Konfransı keçirilib

 I HİSSƏ

Gürcüstanın müstəqillik Bəyannaməsini imzalayan yeganə azərbaycanlı deputat Akif Həsənov: azərbaycanlılar Gürcüstanın müstəqilliyinə tarix boyu töhfə veriblər və bu gün də verməkdədirlər…

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Gürcüstanda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, gürcü dövlətçiliyinə və cəmiyyətinə inteqrasiyasına həsr olunmuş “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu” adlı layihəsinin icrası davam edir. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə icra olunan, maarifçi səciyyə daşıyan Layihənin məqsədi Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin dövlətçilik tarixində rolu və ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında məlumat verilməsindən ibarətdir.

AVCİYA-nın vitse-prezidenti, Borçalı əsilli tədqiqatçı professor Asif Hacılı tərəfindən icra olunan Layihə çərçivəsində növbəti qonağımız Gürcüstanın ictimai-siyasi və dövlət xadimi, 1990–1992-ci illərdə Gürcüstan Respublikası Ali Şurasının üzvü olmuş Akif Həsənovdur.

Akif Ənvər oğlu Həsənov 1991-ci ilin 9 aprelində “Gürcüstanın Dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Konstitusiya Aktı”nı, yəni Gürcüstan Respublikasının İstiqlal Bəyannaməsini imzalamış yeganə azərbaycanlı deputatdır. Həmin il martın 31-də keçirilən ümumxalq referendumun nəticələrini əsas tutaraq  qəbul edilən bu sənədlə 1918-ci il 26 may tarixli Müstəqillik aktı və 1921-ci ilin Konstitusiyasının etibarlılığı elan olunub. Həmin dövrün olduqca gərgin şəraitində Gürcüstan Respublikası Ali Şurasının Müstəqillik Bəyannaməsinə imza atmış bu Şuranın yeganə azərbaycanlı üzvü Akif Ənvər oğlu Həsənov 5 noyabr 1952-ci ildə Gürcüstan SSR-in Marneuli şəhərində (keçmiş Sarvan) Borçalının tanınmış ziyalı ailəsində anadan olmuşdur. Akif Həsənov 1969-cu ildə Marneuli şəhər 3 saylı Ümumtəhsil azərbaycandilli orta məktəbini başa vurmuş və 1969-cu ildə Bakıda N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsinə daxil olaraq 1973-cü ildə uğurla bitirmişdir. Akif Həsənov əmək fəaliyyətinə 1973-cü ildə başlamışdır. 1973-1974-cü illərdə Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim işləmişdir. 1974-cü ildə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağrılmış və 1975-ci ildə Sovet Ordusunda hərbi xidməti başa vurduqdan sonra yenidən Marneuliyə dönmüşdür. Akif Həsənov 1975-ci ildən 1983-cü ilə qədər yenidən Gürcüstan SSR Ali və Orta Təhsil Nazirliyinin 70 saylı Texniki Peşə Məktəbində Fizika fənni üzrə müəllim vəzifəsində çalışmış, 1983-cü ildə pedaqoji işdən ayrılaraq, siyasi fəaliyyətə başlamışdır. Akif müəllimlə söhbəti də onun məhz siyasi fəaliyyəti dövründən başlayırıq.

Asif Hacılı. Hörmətli Akif müəllim, Sizi salamlayır və Borçalı söhbətlərində iştirakınıza görə minnətdarlığımı bildirirəm. Siz Borçalının tanınmış ziyalı nəslinin nümayəndəsisiniz və Bakıda ali təhsil aldıqdan sonra doğma rayonda pedaqoji fəaliyyətə başlamısınız və bu sahədə böyük uğurlar qazana biləcəyinizi də əminliklə deyə bilərik. Bəs siyasi fəaliyyətə keçməyə Sizi vadar edən nə oldu və nədən başladınız?

Akif Həsənov. Əsas səbəb o idi ki, həmin dövrdə bizim soydaşlarımız dövlət strukturlarında və seçkili orqanlarda çox az sayda təmsil olunurdular. Sayları bizdən xeyli az olan ermənilər yerli və mərkəzi dövlət təşkilatlarında, seçkili orqanlarda azərbaycanlılardan qat-qat çox təmsil olunur və öz mənafeləri baxımından bundan əməlli yararlanırdılar. Mən əvvəl Marneuli rayonunun yerli hakimiyyət orqanlarında fəaliyyətə başladım.  1983-1990-cı illərdə Gürcüstanın Marneuli Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsində təlimatçı vəzifəsində işlədim. 1992-ci ildə isə rayon İcra Hakimiyyətində (rayon idarəsi) sədr müavini oldum. 1990-1992-ci illərdə Marneuli şəhərindən parlamentin deputatı kimi fəaliyyət göstərdim: 28 oktyabr 1990 – 14 noyabr 1990-cı ildə Gürcüstan SSR Ali Sovetinin deputatı, 14 noyabr 1990 – 6 yanvar 1992-ci ildə isə Marneulinin 45 saylı seçki dairəsindən Gürcüstan Respublikası Ali Şurasının majoritar deputatı kimi fəaliyyət göstərdim. Eyni zamanda Ali Şuranın Humanitar və Sosial Məsələlər Üzrə Komitəsinin üzvü oldum.

Asif Hacılı. Marneuli, keçmiş Sarvan, Borçalının mənəvi mərkəzi, qaynar ictimai, iqtisadi, mədəni həyatı olan bir şəhərdir və buranın deputatı olmaq da xüsusi məsuliyyətdir. Yəqin ki, məhz burada doğulub yaşamağınızın və ilk növbədə əhalinin Sizə etimadının əsas rolu olub.

Akif Həsənov. Təbii ki, buralı olmağımın rolu olub, ancaq hadisələr də buna şərait yaratdı. Marneuli şəhərindən deputat seçilməyim ilk növbədə bununla bağlı oldu ki, 1989-cu ildə Gürcüstan SSR Ali Sovetinin qərarı ilə Marneuliyə respublika əhəmiyyətli şəhər statusu verildi. Bununla əlaqədar Gürcüstan SSR Mərkəzi Seçki Komissiyası Marneuli şəhəri üzrə 45 saylı Birmandatlı seçki dairəsi yaratdı və nəticədə ölkə parlamentinə əlavə bir seçkili yer artdı. Mən məhz bu dairədən – doğulub böyüdüyüm, çalışdığım Marneuli şəhərindən seçki kampaniyasına qoşuldum.

Asif Hacılı. LakinMarneuli doğma şəhəriniz olsa da, regionun ən dinamik, qaynar ictimai həyatı olan, müəyyən ziddiyyətlərin izləndiyi, fərqli siyasi meyllərin kəsişdiyi, kapital və biznesin fəal olduğu bir yer idi və elə indi də belədir. Buna görə də bu mühitdən deputat seçilmək heç də asan deyil. O dövrdə isə daha çətin idi. Buna nail olmaq üçün xalq arasında böyük etimad sahibi olmaq və siyasi mövqeyini düzgün müəyyənləşdirmək lazım idi.

Akif Həsənov. Bəli, elədir, Tiflisin yaxınlığında, strateji yolların üzərində yerləşən bizim şəhərdə ziyalıların, iş adamlarının, siyasi qrupların sayı və fəallığı həmişə yüksək olub. Həmin qarışıq dövrdə isə, bütün bunlara kriminal, bəzi ekstremist qüvvələr də əlavə olunmuşdu. Bu dövr keçmiş SSRİ-nin süqutu və daxili ziddiyyətlərin, o cümlədən milli zəminli konfliktlərin kəskinləşdiyi dövr idi. Keçmiş Sovet İttifaqının bir çox yerlərində milli münaqişələr başlamışdı. Gürcüstan da istisna deyildi. Bu dövrdə seçkilərdə iştirak özü də bir çox təhdidlərlə, ifrat millətçi qüvvələrin təzyiqi ilə müşayiət olunurdu. Lakin biz azərbaycanlılar da Gürcüstan dövlətinin sadiq vətəndaşları kimi öz mənafeyimizi daha əhatəli anlayır və əzmlə təmin olunmasına çalışırdıq. Mən ona görə çalışırdıq deyirəm ki, mənimlə eyni əqidədə olan yoldaşlarım, məsləkdaşlarım, o cümlədən gürcü xalqının nümayəndələri olan hənfikirlərim var idi. Biz bu dövrün keçəcəyini anlayır və ilk növbədə, xalqlarımız arasında ziddiyyət, çat yaranmamağına, əzəli dostluğumuzun, qardaşlığımızın qorunmasına çalışırdıq.

Asif Hacılı. Bildiyimə görə, keçmiş mərkəzin – Rusiyanın məlum dairələrinin Borçalıda da törətməyə çalışdıqları milli münaqişənin qarşısını almaq üçün həmin dövrlərdə Gürcüstanın görkəmli dövlət və siyasi xadimi, pedaqoqu, Sizin əqidə yoldaşınız və məsləkdaşınız Tofiq Məhəmməd oğlu Hacıyevin təşəbbüskarı və rəhbərliyi ilə xüsusi siyasi təşkilat – bütövlükdə  Gürcüstanda fəaliyyət göstərən və parlament seçkilərində iştirak etmiş, Respublika parlamentində və yerli bələdiyyələrdə deputatlarla təmsil olunmuş, yerli azərbaycanlı əhalinin siyasi inkişafında və fəallığında, cəmiyyətə inteqrasiyasında rol oynamış Gürcüstan Müsəlman və Xristian Demokratlar İttifaqı Siyasi Partiyası yaradılmış və Tofiq müəllim bu təşkilatın Marneuli rayon şöbəsinin sədri kimi fəaliyyət göstərmişdir. Bu barədə Tofiq müəllimlə ayrıca söhbət edəcəyimizə ümid edirəm. Sizlərin, Borçalının azərbaycanlı və gürcü ziyalılarının səyi ilə bizim mahalda milli münaqişə baş vermədi və gürcü və Azərbaycan xalqı tarixi dostluğa sadiq qaldı. Lakin vəziyyət çox gərgin idi və hər an bir qığılcımdan nəhəng alov törəyə bilərdi. Siz belə bir mürəkkəb dövrdə seçkilərə baş vurdunuz!

Akif Həsənov. Elədir, mürəkkəb bir dövrdə seçkilərə qoşuldum və  1990-cı ildə – Gürcüstan SSR-də milli zəmində münaqişənin eskalasiyası dövründə 45 saylı seçki dairəsindən Gürcüstan SSR Ali Sovetinə seçkilərə qatıldım və majoritar deputat olaraq səs çoxluğu ilə seçildim. Bu seçkidə iştirakım mənim üçün xüsusilə önəmli idi. Çünki Marneuli tarixində ən çətin parlament seçkisi məhz 14 noyabr 1990-cı ildə baş tutmuşdu. Tarixi proseslərin keçid dövrünə düşən bu seçkilərdən isə bir çox cəhətdən xalqımızın gələcək taleyi asılı idi. Seçkilərə müdaxilə çox idi və destruktiv-millətçi qüvvələr yerli əhalinin nümayəndələrinin parlamentə seçilməsinə hər vəchlə mane olurdular.

Asif Hacılı. Bu müdaxilə, təzyiq özünü nədə göstərirdi və əsas personajları kimlər idi?

Akif Həsənov. Bir tərəfdən, sovet imperiyasının məlum qüvvələri tərəfindən süni şəkildə gürcü-azərbaycanlı münaqişəsinin törədilməsinə cəhd edilirdi. Seçkilərə Mərkəzin və Gürcüstan SSR Dövlət Təhlükəsizlik Komitəsinin faktiki olaraq total müdaxiləsi izlənilirdi. Digər tərəfdən isə, Zviad Qamsaxurdiyanın millətçi tərəfdarlarının və “Dəyirmi Masa – Azad Gürcüstan” Siyasi Blokunun Marneulidə digər namizədlərə qarşı apardıqları diskriminasiya fəaliyyəti yerli azərbaycanlıları çətin vəziyyətdə qoymuşdu. Lakin Marneulidə yaşayan azərbaycanlıların və milli-dövlətçilik mənafeyini dilğun anlayan gürcü dostlarımızın vətəndaş həmrəyliyi nəticəsində azərbaycanlı majoritar namizəd Akif Həsənov Gürcüstanın yüksək qanunverici dövlət orqanının – Ali Sovetin deputatı seçildi.

Asif Hacılı. Təbii ki, dediklərinizə erməni amilini də əlavə edə bilərik və belə bir şəraitdə parlamentdə işləmək də asan olmazdı. Buna görə də yəqin ki, Sizin qarşınızda ilk növbədə fəaliyyət strategiyasını müəyyənləşdirmək, milli və həm də dövləti məsələləri, yəni soydaşlarımızın maraqlarını və həm də Gürcüstan dövlətinin mənafeyini uzlaşdırmaq lazım idi. Bu isə elə də asan iş deyildi, xüsusən həmin dövrün siyasi konyunkturasını nəzərə alsaq.

Akif Həsənov. Həmin dövr sözün hər mənasında gərgin, təhlükəli, ziddiyyətli bir mərhələ idi. Bir tərəfdən, nəhəng sovet imperiyası dağılır və onun hətta qalıqları belə böyük təhlükə törədirdi. Digər tərəfdən, keçmiş sovet respublikalarında millətçilik və həm də 5-ci kolonun imperiya təəssübkeşliyi, digər tərəfdən də ifrat liberal demokratlar baş qaldıraraq toqquşurdu. Gürcüstanda yaşayan azərbaycanlılar üçün bu meyllərin hər birinin birtərəfli kəskinləşməsi təhlükəli idi. Yerli millətçilik, imperiya tərəfdarlarının təbliğatı və sərhədsiz liberalizm də öz növbəsində təhlükə törədirdi.

Asif Hacılı. Belə gərgin məqamda xırda bir səhv vəziyyəti alovlandıra və qarşısıalınmaz neqativ proseslər törədə bilərdi. Sovet respublikalarının müstəqilliyi qaçılmaz qanunauyğunluq və xalqların tarixi istiqlalçılıq idealı idi. Ancaq bunun qarşısının alınması üçün kənardan müdaxilə və təxribatlar da gözlənilən idi və bir qədər sonra Osetiyada, Abxaziyada, eləcə də Dağlıq Qarabağda bu provokasiyalar qanlı toqquşmalara gətirib çıxardı. Borçalıda da provokasiyalar, təzyiqlər, təqiblər, hətta bəzi yerlərdən əhalinin öz məskənlərindən çıxarılması izlənsə də, bütövlükdə adlarını çəkdiyim regionlardakına bənzər faciələr baş vermədi və bu məsələdə xalqlarımızın tarixi dostluğu, dövlətlərimizin sıx əlaqələri ilə yanaşı, ziyalıların da rolu oldu. Sizin deputat kimi fəaliyyətiniz də bu baxımdan əhəmiyyətli rol oynadı.

Akif Həsənov. Parlamentin yeganə azərbaycanlı deputatı olsam da, mən bu ölkənin vətəndaşı və yerli seçkili orqanın deyil, bütövlükdə ölkənin deputatı kimi təbii ki, ümumi, dövlət səviyyəli məsələlərə də münasibət bildirməli idim. Bu isə olduqca məsuliyyətli idi. Çünki mən parlamentin yeganə azərbaycanlı üzvü olduğumdan, hər bir sözüm, mülahizəm, tutduğum mövqe bütövlükdə soydaşlarımın, Gürcüstanın azərbaycanlı əhalisinin adına yazıla bilərdi. Bu baxımdan, gürcü deputatlardan fərqli olaraq, mən ikiqat məsuliyyət daşıdığımı anlayır və ilk növbədə təmsil etdiyim xalqımızın və eyni zamanda Gürcüstan dövlətinin mənafeyini təmsil etməli olduğumu anlayaraq, uyğun addımlar atmağa, bu mənafeləri uzlaşdırmağa çalışırdım. Bunun əsas yolu isə, Gürcüstanın müstəqilliyi, demokratiya və Avropaya inteqrasiyadan keçirdi.

Asif Hacılı. Akif müəllim, bu baxımdan, Gürcüstanın istiqlal bəyannaməsinin qəbulu gürcülər qədər, gürcüstanlı soydaşlarımız üçün də müstəsna əhəmiyyətli tarixi hadisə idi. Bu prosesi necə xatırlayırsınız? Bu tarixi məqamın iştirakçısı olmaq böyük şərəfdir və həm də məsuliyyətdir. Xahiş edərdim, o prosesin əhəmiyyətli məqamlarını açıqlayasınız. Proses nədən başladı və hansı qərarlar qəbul edildi? Nədən başlayaq?

Akif Həsənov. Başlayaq 14 noyabr 1990-cı ildə Gürcüstan SSR Ali Sovetinin sessiyasından. Bu sessiyada Gürcüstan Sovet Sosialist Respublikasının adı dəyişdirilib Gürcüstan Respublikası adlandırıldı. Ardınca 1991-ci il İstiqlal Bəyannaməsi imzalandı. 1918-1921-ci illərdə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının dövlət gerbi və bayrağı Gürcüstan Respublikasının dövlət gerbi və bayrağı elan edildi. Bu qərarlar Gürcüstanın müstəqilliyin bərpasından başqa, həm də tarixi dövlətçilik ənənəsinin bərpası oldu.

Asif Hacılı. Akif müəllif, tarixi varislik dedikdə, biz və gürcü dostlarımız borçalıların gürcü dövlətçiliyi qarşısında böyük xidmətlərini unutmamalıdır. Bu barədə dəyərli eloğlumuz, tarix elmləri doktoru, diplomat Fəxri Valehoğlu-Hacıyevlə bu Layihə çərçivəsində ətraflı söhbətimiz olub. Bir daha xatırlatmaq istərdim ki, azərbaycanlılar tarix böyu gürcü dövlətçiliyinə sədaqətlə xidmət etmiş, dostluğu uca tutmuşlar. Birinci Gürcüstan Respublikası yarananda da soydaşlarımız, Borçalı bəyləri, ağaları, sadə insanlar bu respublika yolunda şərəflə döyüşmüşlər. Həm bolşeviklərə, həm də erməni təcavüzkararına qarşı gürcü qardaşları ilə çiyin-çiyinə mübarizə aparmışlar. Azərbaycan və gürcülərin silah qardaşlığının şərəfli bir nümunəsi də XVIII əsrdə qəhrəman əcdadımız Xudu bəydir. Keçən əsrin ilk onilliklərindəki mürəkkəb dövrdə də azərbaycanlılar gürcülərlə birlikdə ümumi vətənlərinin azadlığı və ərazi bütövlüyü uğrunda döyüşmüşlər. Erməni işğaıçılarına, erməni terroruna qarşı soydaşlarımız tarix boyu gürcü həmvətənləri ilə çiyin-çiyinə qurtuluş mübarizəsi aparmışdır. Erməni terrorunun Gürcüstanda xüsusilə türk-müsəlmanlara qarşı kəskinləşdiyi dövrdə azərbaycanlılar və gürcülər ümumi düşmənə qarşı təşkilatlanaraq, Gürcü-Müsəlman İttifaqı yaratmışlar. Azərbaycan torpaqlarında yaradılmış qondarma Ermənistan dövləti 1918-ci ildə Gürcüstana qarşı xaincəsinə işğalçı müharibəyə başlayanda, 1921-ci ildə bolşevik bayrağı altında Tiflisə hücum edəndə də Borçalı türkləri gürcülərlə çiyin-çiyinə ümumi düşmənlə döyüşmüş və işğalçı erməni ordusunu məğlub etmiş, gürcü dövlətçiliyini xilas etmişlər. Bu birlik bütün dövrlərdə izlənmişdir və bunlar bizim ortaq tariximizdir. Sizin Gürcüstan parlamentindəki fəaliyyətinizi də mən Azərbaycan və Gürcüstan, azərbaycanlı və gürcülər arasında tarixi dostluğun bir həlqəsi hesab edirəm. Və bizim üçün ən əsası – həmin sənədlərdə milli azlıqların, o cümlədən soydaşlarımızın hüquqları necə əks olunub? Ümumən bu Bəyannaməni hazırkı dövrdə necə dəyərləndirirsiniz bir hüquqi sənəd kimi.  

Akif Həsənov. Bu dediyiniz bir azərbaycanlı və Gürcüstan vətəndaşı, keçmiş deputat və siyasətçi kimi mənim üçün çox vacib məsələdir. Mənim həm müəllim kimi, həm dövlət qulluğunda və parlamentdə fəaliyyətimin yuxarıda qeyd etdiklərimdən heç də az əhəmiyyət kəsb etməyən digər bir mühüm istiqaməti – Azərbaycan-gürcü dostluğuna, Gürcüstan və Azərbaycan arasında münasibətlərinin inkişafına xidmət etmək olub. Bu hər iki ölkənin, hər iki xalqın və ilk növbədə də Borçalı əhalisinin mənafeyinə uyğundur.  Borçalılar Gürcüstanın aborigen, yerli xalqlarındandır və bu ölkənin vətəndaşlarıdır, yaşadıqları torpaqlar da onların tarixi yurdlarıdır. Lakin biz Azərbaycan türküyük və Azərbaycan Respublikası da bizim ana Vətənimizdir, yolunda can qurban verməyə borclu olduğumuz doğma məmləkətimizdir. Buna görə də Azərbaycan və Gürcüstan respublikaları arasında dostluq, əməkdaşlıq, müttəfiqlik biz borçalılar üçün olduqca mühüm, həyati dərəcədə vacib məsələdir. Deputat olduğum dövrdə və sonralar da siyasi, dövlətçilik fəaliyyətimin əsas hədəflərindən biri də bu olmuşdur. Parlamentdəki fəaliyyətimlə mən özüm bu dostluğa bir nümunə olmağa çalışmışam. Müəyyən təşəbbüslərlə çıxış etmişəm, təbliğat aparmışam. Həmin sənədlər isə müstəqilliyin bərpasını elan edən ümumi sənədlər idi və əsas iş – milli hüququların qorunması və tam təminatı bundan sonranın, lap elə bu günümüzün də işidir, hər birimizin vəzifəsidir.

Asif Hacılı. Deputat dövründəki fəaliyyətinizi, hazırladığınız proqramı, Borçalı ziyalıları, məsləkdaşlarınızla məsləhətləşmələrin müəyyən məqamlarını xatırlayıb deyə bilərəm ki, Siz o dövr üçün ən doğru mövqedən çıxış etdiniz və doğru hədəflər seçdiniz. Bir tərəfdən, yerli xalqların, o cümlədən soydaşlarımızın milli hüquqlarının müstəqil Gürcüstan dövləti tərəfindən təminatı. Digər tərəfdən, istiqlalına qovuşmuş Gürcüstanda vətəndaş həmrəyliyini təmin etmək. Bu iki məsələnin eyni vaxtda həlli çox çətin idi. Lakin Siz Gürcüstan azərbaycanlıları üçün milli kimlik şüuru ilə, onların Azərbaycana sidq-ürəklə bağlılığı ilə bərabər, başqa bir məsələnin də həllinə çalışmalı idiniz. Yəni gürcüstanlı soydaşlarımızın bu dövlətin vətəndaşı olaraq yaşadıqları ölkə qarşısında hüquq və həm də öhdəliklərinin dərkini. Bir eloğlunuz kimi, qürurla deyə bilərəm ki, həmin ağır və mürəkkəb dövrdə bu məsələlərin öhdəsindən ləyaqətlə gələ bildiniz.

Akif Həsənov. Dediklərinizə etiraz etmirəm, bəli, mən mövcud siyasi situasiyanı və tarixi məsuliyyəti dərk edərək, fəaliyyətimi üç istiqamətdə qurdum.  Birincisi, Gürcüstan Respublikası Ali Şurasının üzvü,  azərbaycanlı deputatı kimi əsas fəaliyyətimi Borçalıda azərbaycanlılara qarşı aparılan milli diskriminasiya siyasətinin aradan qaldırılması, azərbaycanlıların deportasiyasının qarşısının alınması idi. İkincisi, azərbaycanlılar Gürcüstanda özlərini tam hüquqlu vətəndaş kimi hiss etməli, real vətəndaş hüquqlarına malik olmalı və öhdəliklərini də ödəməli idilər. Həmin dövrdə bu, elə də asan məsələ deyildi, ancaq əlimizdən gələni edirdik. Mənim azərbaycanlıların nümayəndəsi kimi Gürcüstan İstiqlal Bəyannaməsini soydaşlarım adından imzalamağım da ilk növbədə bu amala xidmət edirdi. Gürcüstan bizim vətənimizdir, tarix boyu onun mənafeyini qorumuşuq və bu gün də qoruyuruq, onun istiqlalına səs verməklə bu ölkənin tam hüquqlu vətəndaşı olmaq istəyimizi bir daha bəyan etdik.

ARDI VAR