Ankarada Vətən müharibəsindən və Azərbaycanın qazandığı Qələbədən danışılıb

Namizədlər həftə ərzində ümumilikdə 6 saat ödənişsiz efir vaxtından yararlanacaqlar
Məhərrəm Zülfüqarlı: Faşizm ideologiyası nəticəsində Ermənistanda bir nəfər də olsun Azərbaycan türkü yaşamır
2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin Şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulur

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin birgə əməkdaşlığı ilə “Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, səfirliyimizin və Ankara Universitetinin dəstəyi ilə keçirilən anım tədbirində 44 günlük Vətən müharibəsi, Zəfərimizə həsr olunmuş fotosərgi təqdim edilib.

Ankara Universitetinin Farabi zalında təşkil olunan proqram şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, daha sonra Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirin açılışında Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları bölməsinin rəhbəri professor Sema Barutcu Özönder, sözügedən fakültənin dekanı, professor İrfan Albayrak, Ankara Universitetinin prorektoru, professor Orhan Uzun və Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov çıxış ediblər.

Çıxışçılar, 27 Sentyabr – Anım günü, 44 günlük Vətən müharibəsi, Azərbaycanın qazandığı şanlı Zəfər, Qələbənin əldə olunmasında şəhidlərimizin qəhrəmanlıqları və şücaətləri haqqında fikirlərini bölüşüblər.

Proqram çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Düşmənə qarşı tək” adlı sənədli film nümayiş etdirilib.

Filmin nümayişindən sonra “SOY Production”un rəhbəri Dilarə Əliyeva və filmin prodüseri, rejissor Fariz Əliyev sənədli filmin hazırlanma prosesi və məzmunu barədə məlumat verib, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyatı və qəhrəmanlığı haqqında fikirlərini bölüşüblər.

Tədbirin davamında Azərbaycan yazıçısı İradə Əlilinin “Vətənin cəsur döyüşçüləri I-II” və “Çubuk Kahramanları, Kahraman Şehit Oğuz Özgür Çevik” adlı kitablarının təqdimatı keçirilib.

Daha sonra “Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa” mövzusunda panel təşkil olunub. Paneldə professor Üçler Bulduk “Türklərdə şəhadət anlayışı”, professor Birsen Karaca “Təkəbbürlü tarix anlayışının süqutu: Qarabağ Zəfəri və Ermənistanın öz həqiqətləri ilə üzləşməsi”, Mehmet Rıza Heyet isə “Dünəndən bu günə türk yaddaşında Qarabağ” mövzularında məruzələrlə çıxış ediblər.

Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsinin yad edildiyi tədbirdə iki qardaş ölkənin ortaq tarixi yaddaşının, həmrəyliyinin və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti bir daha vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara