”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 9 ayda 32.2 milyon dollarlıq ixrac həyata keçirib

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
Azərbaycanda aksizli malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarəti təmin ediləcək
Prezident İlham Əliyev Əmirvan-Vəndam avtomobil yolunun açılışında iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı 2017-ci ilin 9 ayına dair qeyri-neft sektoru üzrə ixrac icmalında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin reytinq siyahısında ”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC 32.2 milyon dollarlıq ixrac həcmi ilə siyahıda 5-cidir.

ASC-dən AZƏRTAC-a bildiriblər ki, Səhmdar Cəmiyyət tərəfindən cari ildə ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının ixracı məqsədilə mütəmadi olaraq xarici bazarlarda müvafiq araşdırmalar aparılıb, sahibkarlar tərəfindən daxil olan təkliflər müzakirə edilib, yerli məhsulların ixracı üçün Rusiya, Belarus, Ukrayna, Çexiya, Fransa, BƏƏ, Bəhreyn, Qətər kimi ölkələrdə yerləşən ərzaq firmalarına əməkdaşlıq məktubları göndərilib və onlarla bir sıra məhsuldar görüşlər keçirilib. Artıq Rusiyanın iki iri ticarət şirkəti ilə Səhmdar Cəmiyyət arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkətlərə ölkədən meyvə-tərəvəz ixracı nəzərdə tutulub və müqavilə çərçivəsində məhsulların partiyası göndərilməyə başlanılıb.

İxrac coğrafiyasında nisbətən yeni olan ərəb ölkələri ilə aparılmış danışıqların nəticəsi kimi, cari ilin sentyabr ayında Qətərə bir yük maşını (TIR) müxtəlif məhsulların ilk partiyası yola salınıb, növbəti aylarda bu istiqamətdə satışın daha da artırılması gözlənilir.

Ötən müddət ərzində ölkə başçısının tapşırıqlarına əsasən, Azərbaycan Respublikasına xarici investisiyaların cəlb edilməsi, qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsi, alternativ bazarların araşdırılması və xarici investisiyaların cəlb olunması məqsədilə çoxsaylı görüşlər keçirilib, Macarıstan, Almaniya, Ukrayna, Rusiya, Belarus, Bəhreyn, BƏƏ kimi ölkələrə səfərlər həyata keçirilib, Koreya, Yaponiya, Belarus, Türkiyə, Macarıstan və s. ölkələrin diplomatik missiyalarının nüməyəndələri ilə müzakirələr aparılıb, ölkənin ixrac imkanları, investisiya mühiti ilə bağlı geniş məlumatlar verilib.

”Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC tərəfindən yerli məhsulların ixracının genişləndirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi davam etdirilir.