AVCİYA-nın “Borçalı söhbətləri: Azərbaycan – Gürcüstan dostluğu” layihəsindən Gürcüstan Respublikası, Akaki Sereteli Dövlət Universitetinin professoru İrine Çaçanidze ilə növbəti söhbətimiz “XX əsrin əvvəllərində Bakının gürcü diasporunun dil və mədəniyyət məsələləri”nə həsr olunub.
Azərbaycan və Gürcüstan münasibətlərinin maraqlı, lakin ətraflı tədqiq olunmamış aspektlərindən biri də keçən əsrin ikinci onilliyində Bakıda gürcü diasporunun tarixi, fəaliyyəti, ictimai proseslərdə iştirakıdır. Həmin dövrdə bolşeviklərin hərbi müdaxiləsi ilə müstəqil gürcü və Azərbaycan cümhuriyyətlərinin süqutu ilə əlaqədar həm Azərbaycandan, həm də Gürcüstandan bir çox milli amallı, istiqlalçı ziyalıların hicrəti baş vermişdir. Azərbaycan milli ziyalıları əsasən Avropa və Türkiyəyə, gürcü ziyalıları isə əsasən Avropaya və qismən də Bakıya köçmüşlər. Bakıya köç sonralar da davam etmiş, neft sənayesinin inkişafı ilə əlaqədar iqtisadiyyatın güclənməsi gürcü ziyalılarını, mütəxəssislərini XX əsrin ortalarına qədər Bakıya cəlb etmişdir. Onu da qeyd edək ki, oxşar proses hər iki ölkədə müstəqilliyin bərpası və neft sənayesinin inkişafı ilə əlaqədar XX əsrin sonlarında da izlənməkdədir. Gürcü ziyalıları, mütəxəssisləri XX əsrin əvvəllərində və müasir dövrdə də Azərbaycan xalqının və hökumətinin qayğısı ilə əhatə olunmuş, milli mədəniyyətlərini, etnik kimliklərini qorumuş, iqtisadiyyatın müxtəlif sahələrində, biznes və ticarətdə fəal yer tutmuşlar. Dediyimiz kimi, haqqında geniş, əhatəli araşdırmaların olmadığı bu tarixi hadisə bu gün də tarixi, ictimai-siyasi, etnik-kulturoloji prosesləe baxımından xüsusi maraq doğuran, xalqlarımızın qardaşlıq münasibətlərinin mühüm dövrünə işıq salan mövzu olaraq qalmaqdadır. Bu mövzu haqqında Azərbaycan və gürcü tədqiqatçılarından M.Gülməmmədov (Gulmamedov, M. Society for Spreading Literacy Among Georgians and georgians of Azerbaijan, 1985, Tbilisi. [in georgian]), Z. Qasımov (Гасымов, З. Азербайджан и Грузия в период становления (1918-1921 гг.): военное строительство и сотрудничество в военной сфере, том. 1, (2), Кавказ&Глобализация, Баку, 2007, 113-121), G. Grdzelidze (Georgians in Baku, 2012, Tbilisi. [in georgian].), L. Kurulashvili (Georgian theater in Baku, 1974, Tbilisi. [in georgian]; Nikoleishvili, A. From the history of the Georgian diaspora in Baku, 2013, Kutaisi. [in georgian]; Т. Гучуа. Вопрос родного языка в грузинской диаспоре в Баку (1908-1915 гг.), Research Papers, #3-4, 2018, Azerbaijan University of Languages, 185-189) və başqalarının əsərlərində dövrün gürcü və Azərbaycan mətbuatı, tarixi sənədlər əsasında məsələnin yalnız müəyyən aspektləri tədqiq olunmuşdur. Mövzunun Azərbaycan və Gürcüstan dostluğu baxımından aktuallığını nəzərə alaraq, AVCİYA-nın “Borçalı söhbətləri: Azərbaycan və gürcüstan dostluğu” layihəsinin növbəti müzakirəsini bu sahədə tədqiqat müəllifləri, tanınmış gürcü alimləri, Gürcüstan, Akaki Sereteli Dövlət Universitetinin professoru İrine Çaçanidze ilə Bakının gürcü diasporu, xüsusən diasporda dil və mədəniyyət məsələlərinə (XX əsrin birinci yarısının gürcü mühacir mətbuatı əsasında) həsr etməyi qərara aldıq.
Asif Hacılı. Xanım Çaçanidze, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, eks deputat, AVCİYA-nın prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə həyata keçirilən Gürcüstan-Azərbaycan dostluğuna həsr olunmuş kulturoloji layihəmizə qoşulduğunuza görə Sizə təşəkkür edirik. Bu Layihə ilk növbədə Gürcüstan azərbaycanlılarının mədəni, ictimai həyatının, azərbaycanlı-gürcü dostluğunun müzakirəsinə həsr olunub. Lakin Sizin məqalənizlə tanışlıq Azərbaycanada gürcü diasporunun da original və maraqlı fenomen olduğunu göstərdi və bu barədə mükaliməyə qərar verdik. Sizin araşdırmadan aydın oldu ki, XX əsrin birinci yarısında gürcü mühacirət mətbuatının məlumatına görə, Bakıdakı gürcü diasporunun fəaliyyətində mədəni-maarif məsələləri mühüm yer tutub və bu fəaliyyətin sosial-linqvistik aspektləri xüsusilə diqqətəlayiqdir. Həmin dövrdə Bakıda gürcü diasporunun belə fəal mədəni-maarif fəaliyyətinin olması, ana dilinin nəinki qorunması, həm də yerli mətbuatda, diaspor mühitində mühüm yer tutması, fikrimcə, ilk növbədə xalqlarımızın tarixi dostluq əlaqələrindən, doğmalığından qaaynaqlanır. Eyni zamanda müasir tariximiz, keçən əsrin əvvəllərində ölkələrimizin müstəqillik qazanması və az bir müddətdən sonra müstəqil respublikalarımızın süqutu da xalqlarımızın ortaq tarixi taleyi yaşamasına səbəb olmuşdur.
İrine Çaçanidze. Əvvəlan, bu dəyərli Layihəyə dəvət etdiyinizə, ümumən, çoxillik əməkdaşlığımıza görə Sizə və təşkilatınıza təşəkkür edirəm. Bəli, əmunlik və məmnunluqla deyə bilərik ki, Gürcüstan-Azərbaycan münasibətlərini çoxəsrlik tarix bağlayır. Dili və etnik mənşəyi, dini ortaq olmayan İki millət eyni bölgədə yaşayır və eyni tarixi təcrübəni bölüşür. 1918-1921-ci illərdə Bakı və Tiflis müstəqil dövlətlərin paytaxtları elan edildi. Bu dövrdən etibarən Azərbaycan və Gürcüstan diplomatik nümayəndəliklər mübadiləsi aparmış, bir-birinə dəstək ifadə etmişlər. Gürcüstanın sovetləşməsindən sonra siyasi elita Avropaya mühacirət etməyə məcbur oldu. Müstəqillik mübarizəsi çərçivəsində illər boyu Avropanın müxtəlif şəhərlərində gürcü dilində qəzetlər nəşr edirdilər. Onların nəşrlərində Bakının gürcü diasporunda dil və mədəniyyət məsələlərinə mühüm yer ayrılmışdır.
Asif Hacılı. Bəli, Azərbaycan və gürcü xalqının istiqlalçı, milli ruhlu ziyalıları həm dogma vətəndə, həm də mühacirətdə ortaq taleyi yaşamışlar. Eyni zamanda, onu da xatırlamalıyıq ki, Tiflis gürcülərlə yanaşı, azərbaycanlıların da dogma şəhəri olmuşdur. Gürcüstan azərbaycanlıları Borçalıda, Tiflisdə gürcülərlə olan dostluq və qardaşlıq sayəsində özlərini diaspora hesab etməmişlər. Onlar Gürcüstanın bütün tarixi dövrlərində, gərgin proseslərdə gürcü qardaşları ilə birlikdə olmuş, Vətənləri Gürcüstanı yadelli düşmənlərdən qorumuşlar.
İrine Çaçanidze. Bəli,Azərbaycan-Gürcüstan münasibətlərinə tarixi prizmadan baxsanız, onlar “ortaq taleyə əsaslanan birlik” adlandırıla biləcək münasibətləri çox xatırladır. Dil və etnik mənsubiyyətə görə heç bir əlaqəsi olmayan bu iki xalq uzun əsrlər boyu eyni bölgədə yaşamış və eyni tarixi təcrübənin böyük hissəsini paylaşmışdır. Aralarındakı dil və dini fərqlər yalnız Cənubi Qafqazın qeyri-adi mədəni müxtəlifliyinə və zənginliyinə dəlalət edir. İki əsr ərzində Azərbaycan və Gürcüstan Rusiya imperiyasının, daha sonra isə SSRİ-nin tərkibində olublar. 1918-1921-ci illərdə Bakı və Tiflis müstəqil dövlətlərin paytaxtları olub. Əslində, Gürcüstan və Azərbaycan xalqları milli muxtariyyət və mədəni hüquqlar uğrunda mübarizə aparırdılar, lakin onlar yalnız 1918-ci ildə öz müstəqil dövlətlərini elan etdilər: Gürcüstan və Azərbaycanda milli hərəkatların liderləri, sosial-demokratlar Noe Jordaniya və Məmməd Əmin. Rəsulzadə bolşeviklərlə ittifaqda gələcəyi təsəvvür etmirdi (Гасымов, З. Азербайджан и Грузия в период становления (1918-1921 гг.): военное строительство и сотрудничество в военной сфере, том. 1, (2), Кавказ&Глобализация, Баку, 2007, 113-121, c.113). 1918-ci ilin mayı Gürcüstan və Azərbaycan xalqlarının tarixində epoxal bir dönüş oldu: əsrlər boyu Rusiya hökmranlığından sonra onlar nəhayət milli müstəqilliyə nail oldular. Mayın 26-da Gürcüstan özünü suveren dövlət elan etdi. İki gün sonra Azərbaycan onu izlədi. 1918-ci ilin yazında bölgədə hökm sürən xaosun içində bu ölkələr rus hökmranlığının sona çatmasına və daha yaxşı gələcəyə ümidlərə sevinirdilər.
Asif Hacılı. Müstəqil respublikaların yaranması yalnız siyasi deyil, milli-mənəvi, mədəni, etnik aspektlərdən də mühüm əhəmiyyətə malik hadisələr idi. Bu sıradan xalqlarımızın doğma dilinin dövlət dili olaraq statusu, milli dövlətçilik atributlarının yaranması, eləcə də milli ideoloji prioritetlərin müəyyənləşməsi ilə bağlı idi. Milli ideallarla bağlı bu proseslərdə də xalqlarımız, cümhuriyyətlərimiz arasında tarixi keçmişimizdən və coğrafi-mədəni yaxınlıqdan gələn ortaqlıq var idi. Bu ortaqlıq cümhuriyyət ideoloqlarının konseptual dövlətçilik ideyalarında da izlənilirdi. Azərbaycanda və Osmanlıda Turançılıq ideloqu İsmayıl Qaspıralının formalaşdırdığı milli şüar – “Dildə, Fikirdə, Əməldə Birlik!” Gürcüstanda İlya Çavçavadzenin formalaşdırdığı mili qurtuluş formulu – “Yurd, Dil, İnanc!” ideyası hər iki xalqın milli birliyinə xidmət edirdi. Cümhuriyyətlər qurulduqdan sonra dövlətçilik anlayışları meydana çıxdı: Azərbaycan Cümhuriyyətinin milli bayraqdakı rəmzlərdə ifadə olunan “Türkçülük, Müasirlik, İslam” dövlətçilik konseptləri və Gürcüstanda “Güc birlikdədir” formulunda aşkarlanan dövlət devizi. Təbii ki, bunların fövqündə çar hökumətinin hər vasitə ilə sıxışdırıb məişət dilinə çevirməyə çalışdığı milli dilin dövlət dili statusuna yiyələnməsi idi və hər iki respublikada ilk növbədə bu məsələ həll olundu.
İrine Çaçanidze. Bəli, müstəqillik əldə edildikdən sonra Gürcüstan Demokratik Respublikasının Konstitusiyasına əsasən gürcü dili rəsmi dil elan edilib. Lakin 1921-ci ildə Qırmızı Ordunun işğalından və Gürcüstanın sovetləşdirilməsindən sonra gürcü dili yenidən bolşevik Rusiyasının təzyiqi altına düşdü. Hökumətin və siyasi partiyaların mühacirətdən başqa çarəsi yox idi. Müstəqilliyin bərpası üçün fəal siyasi fəaliyyətə başladılar və bu məqsədə çatmaq üçün gürcü mühacirlərinin mətbuatı inkişaf etməyə başladı. Sovet hakimiyyətinin gürcü dilinə açıq-aşkar mənfi münasibəti və ona qarşı mübarizə gürcü mühacir mətbuatının əsas mövzularından biri kimi qəbul edilirdi. Bir qayda olaraq, qəzet və jurnallar Gürcüstanda dil siyasəti məsələsinə xüsusi diqqət yetirirdilər. Onların nəşrlərində Bakının gürcü diasporunda dil və mədəniyyət məsələlərinə mühüm yer ayrılmışdır. Ümumən, gürcü mühacirəti fəal şəkildə mətbuat orqanları yaratmış, Avropada bir sıra mətbu orqanlar dərc olunmuşdur. Bu mətbu orqanlar sayına və məzmununa görə diqqətəlayiq milli-mədəni və siyasi hadisə hesab oluna bilər.
Asif Hacılı. Qeyd edim ki, mənim atam, professor Abbas Hacıyev də keçən əsrin əvvəllərində Tiflis ədəbi mühitini arxiv materialları əsasında təhlil edən alim olmuşdur. O da öz tədqiqatlarında Tiflisdə gürcü və Azərbaycan dilli mətbuatı tədqiq etmiş, o cümlədən gürcü dilli mətbuatda Azərbaycanla bağlı mövzuları geniş araşdırmışdır. Bu baxımdan, onun gürcü mühacirət mətbuatı haqqında söylədikləri əsasında bu orqanların əhəmiyyətini mən hələ sovet dövründən anlamışam və heyrətamiz miqyasına bələd olmuşam.
İrine Çaçanidze. Çox şadam ki, Siz də atanızın ənənəsini davam etdirirsiniz, Gürcüstana da öz vətəniniz kimi dogma yanaşırsınız və bu sahədə tədqiqatlar aparırsınız. Bəli, gürcü mühacirəti olduqca fəal olub, Avropada bir sıra mətbu orqanlar dərc edib, geniş təbliğat aparıb. Bu fəallıq mətbuat sahəsində xüsusilə fenomenal olub. XX əsrin birinci yarısında Avropada çıxan gürcü dövri nəşrlərinin siyahısı olduqca təsir edicidir. Dövri nəşrlərin hətta natamam siyahısı gürcü mühacirətindəki mətbuat orqanlarının əhəmiyyətini göstərir – qəzetlər: “Drosha” (Paris), “Sakartvelo” (Paris), “Kartuli Gazeti” (Berlin), “Axali Sakartvelo” (Paris-Berlin), “Tetri Giorgi” (Paris). -Berlin), “Damoukidebeli Sakartvelo” (Paris), “Mamulişvili” (Paris), “Sakartvelo” (Paris), “Muzaradi” (Paris), “Sakartvelos Quşağı” (Paris); jurnallar: “Tavisufali Sakartvelo” (Cenevrə), “Samshoblosatvis” (Paris), “Brdzola” (Paris), “Sakhalkho Sakme” (Paris), “Sakartvelos Moambe” (Berlin), “Tavisufali Sakartvelo” (İstanbul-Paris) , “Axalgazrda Social Demokrati” (Paris), “Akhali Iveria” (Paris), “Kavkasioni” (Paris), “Mxedari” (Paris), “Jvari Vazisa” (Paris), “Adamianosani” (Paris), “Samshoblo” (Paris) və s.
Asif Hacılı. Bu və digər mühacir mətbuat orqanları keçən əsrin əvvəllərində Bakıda gürcü mühacirətinin daxili aləmini, maraq və fəaliyyət dairəsini göstərir, həm də Bakının yerli həyatı haqqında dəyərli məlumat təqdim edir. Eyni zamanda Tiflisdəki azərbaycanlı diasporası haqqında tədqiqatlarda da bu mənbələrin böyük əhəmiyyəti var. Sizin bu mövzuya müraciətiniz məhz bu amillərə görə həm gürcüşünaslıq, həm də azərbaycanşünaslıq baxımından aktual və əhəmiyyətlidir. Yəqin ki, tədqiqatın metodologiyasını da obyekt və predmetin bu dualizminə görə müəyyənləşdirmisiniz.
İrine Çaçanidze. Doğru deyirsiniz, mühacirətin tədqiqi daim iki aspekti – yerli və gəlmə mədəniyyəti, bizim tədqiqatda – Bakı mühitini və mühacir gürcü toplumunu əhatə edir.Azərbaycan və gürcü mühacirəti də bu baxımdan istisna deyil. Tədqiqatın metodologiyasında da ilk növbədə ilkin mənbələrin – gürcü mühacir mətbuatının səciyyəsi nəzərə alınır. Bu məsələ geniş olduğundan, biz XX əsrin birinci yarısında gürcü mühacir mətbuatının məlumatına əsasən, Bakıda gürcü diasporunun fəaliyyətinin sosial-linqvistik və mədəni-maarif məsələlərini, yəni mühacir milli kimliyinin əsas amillərini önə çıxarmış və tədqiq etmişik. Tədqiqatımızın əhəmiyyətini göstərən əmillərdən biri də onun Şota Rustaveli adına Gürcüstan Milli Elm Fondunun maliyyə dəstəyi ilə həyata keçirilməsi ilə təqdiqlənir. “Bakının gürcü diasporunda dil və mədəniyyət məsələləri” adlı tədqiqat Milli Elm Fondunun “XX əsrin birinci yarısı gürcü mühacirlərinin mətbuatında Gürcüstanın sosial-linqvistik mənzərəsi” layihəsi çərçivəsində aparılıb və tədqiqatın metodologiyasında da bu kontekst nəzərə alınıb.
Asif Hacılı. Bəs tədqiqatda əsas məqsədiniz nədən ibarət olub. Qeyd olunan aspektlər diaxron və sinxron aspektlərdəmi gerçəkləşib? Keçən əsrin əvvəlinin materialları kommunikativ-tipoloji səpgidə, yaxud müasirliyə ekstrapolyasiya olunaraq araşdırılır? Tədqiqatdan hansı nəticələri gözləyirsiniz?
İrine Çaçanidze. Dediyimiz kimi,Bakıda gürcü diasporunun fəaliyyətinin sosial-linqvistik və mədəni-maarif məsələlərinin araşdırılmasına yönəlmiş tədqiqat XX əsr gürcü mühacirlərinin mətbuatının rəqəmsal korpusu əsasında müvafiq empirik material toplamaq və sosiolinqvistik təhlil metodu ilə aşağıdakı suallara cavab vermək məqsədi daşıyır: 1) XX əsrin birinci yarısında Bakıdakı gürcü diasporu tərəfindən hansı tədbirlər həyata keçirmişdir? 2)Gürcü dilini qorumaq nə qədər aktual olmuş və bu sahədə hansı işlər görülüb? 3) Bakı mədəni həyatın bütün sahələrində gürcü dilini qəbul etməyə nə dərəcədə hazır idi? Beləliklə tədqiqatın nəticələri mütəxəssislərə gürcü mühacirlərinin mətbuatı əsasında Bakıdakı gürcü diasporunda ana dili və mədəniyyəti məsələsinin tarixini, tipologiyasını və funksionallığını öyrənməyə imkan verəcək.
Asif Hacılı. Beləliklə, mövzunun mahiyyətinə keçirik. Keçən əsrin əvvəllərindən Bakı Azərbaycanın və ümumən Rusiya imperiyasının mühüm sənaye şəhərlərindən birinə çevrilir. Böyük kapitalın dövr etdiyi bu şəhərdə mədəniyyət, memarlıq, mətbuar da inkişaf edir, Bakı regional mərkəz kimi Tiflisi ötüb keçirdi. Buna görə də Bakıya imperiyanın müxtəlif reginolarından və xarici ölkələrdən mütəxəssislərin, mətbuat işçilərinin, sənət adamlarının, memarların axını baş verirdi. Keçən əsrin birinci yarısından Bakıya gürcü mühacirlərinin də kütləvi axını başlayır.
İrine Çaçanidze. Bəli,19-cu əsrin ikinci yarısından başlayaraq gürcülərin Azərbaycanın müxtəlif şəhərlərinə kütləvi köçü baş verir. 19-cu əsrdə Abşeron yarımadasında neft sənayesinin inkişafı ilə əlaqədar Bakı Zaqafqaziyanın ən güclü sənaye mərkəzinə çevrildi və bu şəhər gürcü mütəxəssislərini, ziyalıları cəlb edən mərkəzləridən biri oldu. 1904-cü ilə qədər Bakıda yaşayan gürcülərin sayı 4000 nəfərə yaxın idi. Onlar bir ərazidə kompakt şəkildə məskunlaşıblar və əksəriyyəti fəhlə olub. Gürcülər Bakıda müxtəlif müəssisələrdə işləyirdilər (Nikoleishvili, A. From the history of the Georgian diaspora in Baku, 2013, Kutaisi. [in georgian], p.10)
Asif Hacılı. Uzun illər Rusiya imperiyasınnı tərkibində olmuş Azərbaycan və gürcü xalqları üçün milli kimlik və bu kimliyin əsas amili olan ana dili, milli mədəniyyət məsələləri mühüm etnik-siyasi amil olmuşdur və keçən əsrin birinci yarısından Azərbaycana gələn gürcü diasporunda da bu məsələ actual idi. Qetd etdiyimiz kimi,Gürcüstanda İlya Çavçavadzenin “Yurd, Dil, İnanc!” mili qurtuluş formulu, Azərbsaycanda Turançılıq ideloqu İsmayıl Qaspıralının “Dildə, Fikirdə, Əməldə Birlik!” şüarı xalqlarımızın milli kimliyinə və birliyinə xidmət edirdi. Maraqlıdır ki, bu məsələlərdə xalqalarımızın milli-maarifçi ziyalıları həmrəy idilər. Tiflisdə M.F. Axundov və gürcü maarifpərvəri A. Seretelinin Azərbaycan dilində mətbuat orqanı açmağa çalışmış, lakin onların bu təşəbbüsləri uğursuz olmuşdur. Nəhayət, “Tiflisdə azərbaycanca qəzet nəşr etmək təşəbbüskarlarından ilk müvəffəqiyyəti Ünsizadə qardaşları qazandılar. C.Ə.Ünsizadənin redaktorluğu ilə burada «Ziya» (14 yanvar, 1879 – 6 dekabr, 1880) fəaliyyətə başladı” (Hacıyev 1980: 23). 1880-ci ildən qəzet «Ziyayi-Qafqaziyyə» (6 dekabr, 1880 – 1 iyun, 1884) adı ilə nəşr olunan bu qəzet H. B. Zərdabinin nəşr etdiyi “Əkinçi”dən sonra Azərbaycan dilində ikinci qəzet oldu. Bakıda Azərbaycan ziyalıları da gürcü mühacirətinin fəaliyyəti, milli kimliyini qoruması, təhsil məsələlərində qardaş gürcü xalqının ziyalılarına hərtərəfli dəstək oldular. Bu məsələdə Bakı neft maqnatlarının dəstəyini də xüsusi qeyd etmək olar.
İrine Çaçanidze. Elədir, xalqlarımız həmin dövrlədə də tarixin sınağından ləyaqətlə çıxmışlar. Neft milyonerləri, yerli ziyalılar gürcü mühacirətini qayğı ilə əhatə etmişdir. Bakıda gürcülərin maarifçi cəmiyyətləri, təhsil müəssisələri yaradılmışdır. Bu haqda Gürcüstanda çalışan azərbaycanlı tədqiqatçı Məmməd Gülməmmədovun 1985-ci ildə Tiflisdə gürcü dilində dərc olunmuş çox maraqlı monoqrafiyasını qeyd edə bilərəm (Gulmamedov, M. Society for Spreading Literacy Among Georgians and georgians of Azerbaijan, 1985, Tbilisi. [in georgian]). Əsərdə dərc olunmuş materiallar və arxiv sənədləri əsasında ötən əsrdə Azərbaycanda gürcü məktəblərinin fəaliyyəti, eləcə də Bakıda, Sainqilo və Gəncədə çalışmış gürcülərin həyata keçirdikləri böyük mədəni-maarif tədbirləri ilə bağlı məsələlər araşdırılır. Bu bölgələrdə yaşayan gürcülərin milli kimliyinin qorunub saxlanması əsaslandırılmış formada təqdim olunur. Adını çəkdiyiniz tədqiqatlarda bu aspektlər yəqin ki, ətraflı təhlil olunub.
İrine Çaçanidze. Bəli, müxtəlif coğrafiyalardakı, o cümlədən Bakıdakı gürcü mühacirətinin fəaliyyətində mühüm məsələlərdən biri ana dili məsələsi, onun qorunması və istifadəsi, mühacir təhsil müəssisələri və dərnəklərdə tədris edilməsi idi. Bu məsələlər də dövrün mətbuatında və adlarını çəkdiyim tədqiqatlarda ətraflı təhlil olunub. Bu məsələdə, ana dilinin qorunmasında mühacirət mətbuatı xüsusən müstəsna rol oynayıb, bu mövzunun daim diqqətdə qalmasın, ana dili probleminin aktuallaşması mühacirət mətbuatının başlığa prioritetlərindən olub.
ardı var