AVCİYA-nın nəşr etdirdiyi, şair-dramaturq İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” kitabının təqdimetmə mərasimi keçirilib

Azərbaycan dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməyə çağırır
Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Prezident İlham Əliyev ISESCO-nun baş direktorunu qəbul edib

Bu gün, 19 aprel 2024-cü il tarixində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Göyçay Ensiklopediyası”nın davamı olaraq nəşr etdirdiyi, görkəmli şair-dramaturq, teatr xadimi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olmuş İsgəndər Coşqunun əsərlərindən ibarət “Nəğmə dolu ürək” kitabının təqdimetmə mərasimi keçirilib.

Göyçay rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanov, filologiya elmləri doktoru, professor Asif Hacılı, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, “Əmək” ordenli Tariyel Qasımov, Azərbaycan Respublikasının Əməkdar Artisti Ədalət Məmmədov, şair İsgəndər Coşqunun ailə üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdükdən sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto sərgiyə baxış keçiriblər.

Kitabın təqdimetmə mərasimində Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, kitabın ideya müəllifi və naşiri Elxan Süleymanov, kitabın tərtibçisi və elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılı, uzun illər teatrda şairlə birlikdə çalışmış Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti, “Əmək” ordenli Tariyel Qasımov, respublikanın Əməkdar Artisti Ədalət Məmmədov, əməkdar mədəniyyət işçisi Rafiq Rəhimli, şair Ətraf Sərraf, jurnalist Elşad Məmmədli, şair-publisist, pedaqoq, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Məmməd çıxış edərək kitabın məziyyətlərindən söz açaraq dahi şairlə bağlı xatirələr söyləyiblər.

Şairin qızı Aygün Coşqun, nəvəsi Zərifə Hümbətzadə İsgəndər Coşqunun poeziyasına göstərilən diqqətə və kitabın ərsəyə gəlməsində əziyyəti olanlara öz dərin təşəkkürlərini bildiriblər.

Çıxışların sonunda məktəbli, qiraətçilər Nuray Səmədzadə “Hər Vətən deyəndə mən” və Qədir Məmmədov isə “Olaydım” şeirlərindən parçalar səsləndirib və rayon Mədəniyyət Mərkəzinin musiqiçilərinin ifasında şairin sözlərinə bəstələnmiş mahnılar oxuyublar.

Sonda tədbir iştirakçılarına Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi olmuş İsgəndər Coşqunun əsərlərinin külliyatından ibarət “Nəğmə dolu ürək” kitab hədiyyə olunub.