AVCİYA-nın yeni layihəyə start verdi “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirini qəbul edib
Elxan Süleymanov Türkiyəyə zəlzələ bölgəsinə 24 ədəd istilik sistemi göndərdi
XİN nümayəndəsi: Azərbaycan ərazisinə qanunsuz səfər edən Fransa nümayəndələrinin davranışı qəbuledilməzdir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)

                                        YENİ LAYİHƏ

  Layihənin adı: “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”

  Layihənin rəhbəri: AVCİYA-nın Prezidenti Elxan Süleymanov

                                     Layihə haqqında qısa arayış

Regionumuzun lider dövləti olan Azərbaycan Respublikası bu coğrafiyada siyasi stabilliyin qarantı, iqtisadi inkişafın və ölkələrarası əməkdaşlığın mərkəzidir. Dünya miqyaslı beynəlxalq layihələrə ev sahibliyi edən, dayanıqlı inkişaf yolunda olan Azərbaycan region dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Lakin regionumuzun hərtərəfli inkişafına əngəl olan amil Ermənistan Respublikasının təcavüzkar siyasəti və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ regionu və ətraf əraziləri işğal etməsidir. Otuz ilə yaxın bir dövrdə Respublikamız tərəfindən aparılan danışıqlar nəticə verməmiş, əksinə, Ermənistanın yeni rəhbərliyi ölkəmizə qarşı geniş miqyaslı hərbi təcavüzə, müharibəyə başlamışdır.

Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşmənin layiqli cavabını vermiş və az bir müddət ərzində əzəli torpaqlarımızın, yaşayış məskənlərimizin böyük bir hissəsi işğaldan azad olunmuş, hazırda düşmən böyük itkilər verərək darmadağın edilir, müzəffər ordumuz qələbəyə doğru inamla irəliləyir.

Belə bir tarixi məqamda Azərbaycan xalqının bizə dost olan ölkələrlə əməkdaşlığının, mehriban qonşuluğunun, bizə dost ölkələrlə səmərəli əməkdaşlığımızın gözdən keçirilməsi, ictimaiyyətə təqdim olunması vacib məsələlərdəndir. Azərbaycan xalqının tarix boyu dost münasibətdə olduğu xalqlardan biri gürcü xalqı, müstəqil dövlətlərimizin sıx əməkdaşlıq etdiyi ölkə Gürcüstan Respublikasıdır. Gürcüstanla dostluğumuzun mühüm bir həlqəsi də orada gürcülərlə dostluq və qardaşlıq şəraitində yaşayan soydaşlarımızdır. Gürcüstan azərbaycanlıları yaşadıqları ölkənin sadiq vətəndaşlarıdır, gürcü-azərbaycanlı dostluğunun parlaq nümunəsi, xalqların dinc birgəyaşayış örnəyidir. Bu fakt regionda etnik münasibətləri gərginləşdirən, ölkələrarası münaqişə səviyyəsinə çatdıran Ermənistan ictimaiyyəti üçün də bir nümunə olmalıdır.

Bu amili nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Gürcüstanda yaşayan soydaşlarımızın tarixinə, mədəniyyətinə, gürcü dövlətçiliyinə və cəmiyyətinə inteqrasiyasına həsr olunmuş “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”adlı yeni layihənin icrasına başlayır. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə icra olunan, maarifçi səciyyə daşıyan Layihənin əsas məqsədi Azərbaycan və gürcü xalqları arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, Gürcüstanda yaşayan azərbaycanlıların bu ölkənin ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsindən ibarətdir.     

AVCİYA-nın eksperti, Borçalı əsilli tədqiqatçı, professor Asif Hacıyev tərəfindən icra olunan Layihə çərçivəsində müzakirələrə Azərbaycandan və Gürcüstandan mütəxəssislər cəlb olunacaq.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA) Mətbuat Xidməti