AVCİYA Oğuz nümayəndəliyi müşahidəçilərini müəyyən edib

AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində ilk debat oldu
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Sumqayıtda seminar keçirdi
AVCİYA-nın “Baxış bucağı” debatlar silsiləsindən üçüncü debat olub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu ilin noyabrında keçiriləcək parlament seçkilərində müşahidəçilik missiyasnı həyata keçirmək üçün paytaxtda və regionlarda hazırlıq işlərini davam etdirir. AVCİYA Seçki Qərargahı bu məqsədlə 2010-cu ilin mart ayından başlayaraq mərhələli şəkildə regional nümayəndəliklərin yenidən formalaşdırılması, koordinatorların təlimlərə cəlb edilməsi, müşahidəçilərin toplanması və digər prosesləri başa çatdırıb. Təşkilatın Oğuz rayonunda da regional nümayəndəliyi fəaliyyət göstərir. Analoji işlərin görülməsinin bu regionda hansı mərhələdə olmasını, ümumiyyətlə bölgədə qarşıdan gələn parlament seçkilərinə yerli əhalinin münasibətini öyrənmək yəqin ki, oxucular üçün də, seçkidə iştirakçı tərəflər üçün də maraqlı olar. Bu amilləri nəzərə alıb AVCİYA Seçki Qərargahı Oğuz Regional nümayəndəliyinin rəhbəri Cavidan Həsənovla həmsöhbət olduq.

– Oğuz regional nümayəndəliyi tərəfindən seçkilərin monitorinqlərinə hazırlıq işləri necə aparılır? 
– Bu ilki parlament seçkilərində müşahidəçilik missiyasını həyata keçirmək üçün regional nümayəndəlik tərəfindən aparılan hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir. Bizim regional nümayəndəlik 7 noyabr parlament seçkilərində 5 rayon üzrə 9 dairənin 314 məntəqəsində müşahidə aparacaq. Muşahidəçilər artıq müəyyənləşdirilib. Onlar hazırda monitorinqləri reallaşdıracaq təlimlərdə iştirak edirlər. Nümayəndəliyə daxil olan rayonlardan yalnız Şəki rayonunda müşahidəçilərin cəlb olunması ilə bağlı kiçik bir problem yaranmışdı. Bu problem artıq öz həllini tapıb. Amma regional nümayəndəliyə daxil olan digər rayonlarda belə problemlər yaşamadıq. Bundan əlavə AVCİYA-nın Seçki Qərargahının köməkliyi ilə regional nümayəndəliyin fəaliyyəti yenidən formalaşdı və koordinatorlar təlimlərə cəlb edildi.
– Nümayəndəliyə hansı rayonlar daxildir?
– Bizim regional nümayəndəliyə Oğuzla birlikdə Şəki, Qəbələ, Mingəçevir, Ağdaş rayonları daxildir. Xatırladım ki, bu rayonlarda əvvəllər də müşahidəçilik etdiyimiz üçün komanda tam formalaşıb və artıq həmin müşahidəçilər hazırlıq mərhələsini tamamilə başa çatdırıblar.
– Əhalinin seçkilərlə bağlı fəallığı barədə nə demək olar?
– Bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Oğuz kiçik rayondur. Nümayəndəliyə aid digər rayonlarsa ölkənin nisbətən iri rayonlarıdır. Onların əhalisi də çoxdur. Bəlkə də bu səbəbdəndir ki, həmin rayonlarda seçki mühitində daha çox canlanma müşahidə olunur.
– Regionda vətəndaş cəmiyyətinin fəaliyyəti üçün şərait yaradılıbmı?
– Burada vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün heç bir problem yoxdur. Təbii ki, bizim fəaliyyət göstərməyimiz üçün də şərait yaradılıb. Daha doğrusu maneçilik olmadığından sərbəst şəkildə fəaliyyət imkanlarımızı stimullaşdıra bilmişık.
– Beynəlxalq təşkilatların seçkilər öncəsi rayonda fəaliyyəti nəzərə çarpırmı?
– Hələ ki, beynəlxalq təşkilatların nümayəndələri rayonda olmayıblar. Amma bizdə olan məlumata görə, ATƏT-in müşahidə missiyası yaxın zamanlarda Oğuza səfər etməlidir. Ötən seçkilərdə yerli QHT-lər regionda müşahidəçilik missiyasını həyata keçiriblər.