AVCİYA seçki hazırlığına 2010 – cu ilin mart ayından başlayıb

Millət vəkilimiz AŞPA-ya müraciət etdi
1918-ci il Şamaxı soyqırımına həsr edilmiş elmi konfrans keçirilmişdir
“Azərbaycan Bələdiyyə Sistemi” jurnalı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 2010 – cu ilin noyabrında keçiriləcək parlament seçkiləri ilə bağlı fəaliyyət proqramı hazırlayıb. Proqram seçkilərin daha demokratik və şəffaf keçirilməsinə, seçki praktikasının və qanunvericiliyinin təkmilləşdirilməsinə yaxından kömək göstərmək məqsədi daşıyır. Artıq Assosiasiya layihə çərçivəsində bir sıra tədbirləri reallaşdırıb. Belə ki, 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010 – cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirilib. Yeri gəlmişkən, AVCİYA bu günə qədər seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr edib. Bu ilin iyul ayında isə “2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” adlı vəsait üç min tirajla çap olunaraq regionlara paylanılıb. Seçki Qərargahı fəaliyyət proqramına uyğun olaraq Azərbaycan Respublikasında keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar regionlarda fəaliyyətini daha da gücləndirib. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar regionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb. İlk növbədə assosiasiyanın reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılması, növbəti mərhələdə regionlarda müşahidəçilər üçün təlim keçəcək təlimçilərin hazırlanması, üçüncü mərhələdə isə müşahidəçilər üçün treninqlər keçirilməsi planlaşdırılır. AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan I mərhələni — regional ofislərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini (4 – 30 iyun 2010) iyun ayının axırında başa çatdırıb. Bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə regional nümayəndəliklərinin işinin parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bununla yanaşı Hacıqabul, Sabirabad, Saatlı, Qobustan, Şamaxı, Şəki, Mingəçevir, Qəbələ, Balakən, Qax, Bərdə, Tərtər, Naftalan, Göygöl, Şəmkir, Ağstafa, Kürdəmir, Göyçay, Masallı, Cəlilabad, Yardımlı, Lerik, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə koordinatorlarla görüşlər keçirilib. Digər rayon koordinatorları ilə görüşlər iyul ayında davam etdirilib. Bundan başqa Xaçmaz ( 5 iyun), Şirvan (12 iyun), Lənkəran (19 iyun), Lerik (20 iyun), Zaqatala (27 iyun), Gəncədə (28 iyun) seçicilərlə seminarlar keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub. AVCİYA iyul ayının əvvəllərindən fəaliyyət proqramının II mərhələsində respublikanın 8 regionunda təlimçilər üçün təlimlər keçirib. Konkret olaraq Şirvan (20 iyul), Lənkəran (21 iyul), Ucar (23 iyul), Goranboy ( 24 iyul), Gəncə (25 iyul), Oğuz (26 iyul), Xaçmaz ( 29 iyul), Zaqatala ( 01 avqust) təlimçilər üçün seminarlar keçirilmiş və regionlarda müşahidəçilərə treniqlər keçmək üçün 43 nəfər təlimçi hazırlanmışdır. Təlimçilərin hər birinə AVCİYA Seçki Qərargahının sertifikatları veriləcək. Regionlarda keçirilən tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, Seçki Qərargahının əməkdaşı Osman Ağayev və digər şəxslər iştirak edib. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsini təşkil edir. Bununla əlaqədar hazırlanacaq “Aralıq hesabat” ictimaiyyətə təqdim olunacaq.