“Azərbaycanlı həkimin hekayəsi” 86 dildə “Pandemic Journal online”da yayımlanıb

Baş nazir valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması üçün qərar qəbul edib
Azərbaycan Beynəlxalq Bankı COP29-un əsas tərəfdaş bankı seçilib
İşğaldan azad olunan ərazilərə qayıdış məsələsi müzakirə olunub

Avropa jurnalistləri arasında seçim edilərək cəmi 12 jurnalistin yazısı 86 dilə tərcümə olunaraq, “Pandemic Journal online”da yayımlanıb. Onlardan biri də Azərbaycanı təmsil edən Xeberle.com saytının baş redaktoru Ramil Zeynallıdır.

Məqalənin müəllifi AZƏRTAC-a bildirib ki, “Azərbaycanlı həkimin hekayəsi” adlanan yazı Sumqayıt şəhərindəki 3 saylı poliklinikanın həkimi, COVID-19 xəstələri üçün ayrılan xəstəxanada iyun ayından könüllü olaraq çalışan Kəmalə Nəbiyeva haqqındadır. İndiyə qədər onlarla ağır xəstənin sağalaraq evinə, ailəsinə qayıtmasına kömək etmiş Kəmalə xanımın dilindən monoloq şəklində söylənənlər yazının maraqlı alınmasında əsas rol oynayıb.

Məqalədə həm ölkəmizdə günün bəlası sayılan COVID-19-a qarşı mübarizə məqsədilə atılan addımlardan, həm də sıravi bir həkim-qadının bu mübarizədə fədakarlığından, onun tibb işçisi və insan kimi duyğu və düşüncələrindən bəhs olunur. “Koronavirus bitsə də, kaş ki, həkimlərə olan inam, hörmət bitməsin”, – deyən Kəmalə Nəbiyevanın xəstələrə xeyir-duası, həmkarlarına tövsiyəsi də qələmə alınıb.

Qeyd edək ki, Ramil Zeynallının məqaləsi çoxsaylı foto və video əlavələrlə birlikdə yayımlanıb.

AZƏRTAC