“Azərxalça” ASC-nin yeni sədri Emin Məmmədov qurumun kollektivinə təqdim olunub

Prezident İlham Əliyev Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni inşa olunan xəstəxananın açılışında iştirak edib
İntiqam Babayev: Gənclərimiz Qarabağın dirçəldilməsi prosesində iştirak etmək arzusundadırlar
Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib

Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri təyin edilmiş Emin Məmmədov qurumun kollektivinə təqdim olunub.

Təqdimatı iqtisadiyyat naziri Mikayıl Cabbarov edib.

Xatırladaq ki, E.Məmmədov 1970-ci ildə Bakıda anadan olub. O, Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.

E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib, elmi-yaradıcılıq fəaliyyəti ilə də məşğuldur. Onun müəllifliyi ilə tanınmış Azərbaycan rəssamlarının həyat və yaradıcılığına həsr olunmuş 16 əsər dərc olunub, “Zəfər” ordeninin və “Vətən Müharibəsi Qəhrəmanı” medalının dizaynı işlənib hazırlanıb.

E.Məmmədov Azərbaycan Rəssamlar İttifaqının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Ölkə prezidentinin Sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif edilib.

Xatırladaq ki, “Azərxalça”nın keçmiş sədri Vidadi Muradov bu yanvarın 9-da həbs edilib, yanvarın 10-da isə vəzifəsindən azad olunub. Bu müddətdə səhmdar cəmiyyətinə onun müavini İslam Qurbanov rəhbərlik edib.

“Azərxalça” ölkə prezidentinin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, Nazirlər Kabinetinin 4 oktyabr 2016-cı il tarixli qərarı ilə onun nizamnaməsi və strukturu təsdiq edilib. Nizamnamə kapitalı 15 milyon manat olan Cəmiyyətin əsas vəzifəsi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkili, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir.

Report