Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib 

Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
SHXÇDX: Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc müvafiq qaydada qeydiyyata alınırlar
Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər

Oktyabrın 19-da Bakıda Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Qurultay iştirakçıları Fəxri xiyabanı ziyarət edərək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub və gül dəstələri düzüblər.

Həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda, müstəqil Azərbaycanın ilk Qadın Qurultayının 25 ili münasibətilə təşkil edilib. Tədbirdə paytaxt və bölgələrdən 600-ə yaxın qadın iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib.

Qurultayı açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib.

Qurultayın 200 illik münaqişənin sona çatdırıldığı bir dövrdə keçirilməsinin xüsusi qürur hissi yaşatdığını diqqətə çatdıran komitə sədri vurğulayıb: “Azərbaycan anası necə böyük ürəyə malik və Vətən üçün fədakar olduğunu Vətən müharibəsi dövründə bütün dünyaya nümayiş etdirdi”.

B.Muradova Ulu Öndər Heydər Əliyevin Azərbaycanda qadın siyasətinə böyük önəm verdiyini və diqqət yetirdiyini diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə mütəşəkkil qadın hərəkatının əsasını qoyan Ümummilli Liderin diqqət və qayğısı sahəsində Azərbaycanda savadlı, ictimai həyatda fəal iştirak edən qadınlar yetişib.

“Ulu Öndər tərəfindən əsası qoyulan qadın siyasəti bu gün uğurla davam etdirilir. Hazırda ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülür”, – deyə Bahar Muradova qeyd edib.

Dövlət komitəsinin sədri bildirib ki, Prezident İlham Əliyev də qadınların dövlət idarəçiliyində və cəmiyyətdə rolunu yüksək qiymətləndirir, onların rolunun artırılması istiqamətində müvafiq dövlət proqramları qəbul olunur.

Sonra çıxış edən Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Əhmədov Azərbaycan Qadınlarının VI Qurultayının iki başlıca xüsusiyyəti ilə diqqət çəkdiyini bildirib. Diqqətə çatdırılıb ki, Qurultayın Ulu Öndər Heydər Əliyevə həsr olunması və Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyi vaxtda keçirilməsi mühüm tarixi hadisədir.

Baş nazirin müavini vurğulayıb ki, tarixi qələbələrimizin qazanılmasını şərtləndirən amillərdən biri də sağlam ailə və bu ailələrdə yetişən vətənpərvər gənclər olub. Biz bu gənclərimizlə fəxr edirik.

“Qadınlarımız həyatın bütün sahələrində iştirak edirlər. Onların rolunun və iştirakçılığının artırılması dövlətimizin prioritet istiqamətlərindəndir. Hazırda qadınlarımız çox inkişaf ediblər və Azərbaycan cəmiyyətində onların iştirakçılığının artırılması istiqamətində məqsədyönlü siyasət aparılır. Dövlətimiz qadınların iştirakçılığını təmin etməklə bərabər, onların potensialından düzgün istifadəni də diqqətdə saxlayır”, – deyə Əli Əhmədov qeyd edib.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Milli Məclis sədrinin müavini Adil Əliyev, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreyeva, insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva, Tacikistanın əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şaxnoza Anvar, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışlarında qadınların hüquqlarının təmin olunması, onların ictimai hyəatda iştirakçılığının artırılması ilə bağlı fikirlərini bölüşüblər.

Çıxışlardan sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin qurultay iştirakçılarına videotəbriki nümayiş olunub.

Azərbaycan Qadınlarının VI Qurultayı işini “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri. Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzularında panel müzakirələrlə davam etdirib.

Tədbirdə iştirak edən Türkiyə, Özbəkistan və Tacikistanın dövlət rəsmiləri, Milli Məclisin deputatları, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, görkəmli ictimai-siyasi xadimlər mövzular ətrafında fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Qurultayın yekununda müzakirə və təkliflər əsasında qətnamə qəbul olunub.

Sonda Azərbaycan Qadınlarının VI Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciəti Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib.

AZƏRTAC