Azərbaycan tamaşaçısı daha çox hansı telekanallara və hansı verilişlərə baxır?

Azərbaycanda fəaliyyətsiz partiyaların dövlət qeydiyyatı niyə ləğv olunmur?
Dağlıq Qarabağ münaqişəsinin həllində kompromislərin axtarışı Qazaxıstanın ATƏT-dəki sədrliyinin prioriteti olacaq
ABŞ səfiri Ann Dersi: “ABŞ Azərbaycanla birgə ekstremist və nifrət daşıyan ideologiyalarla mübarizə aparır”

 

Rusiya və Türkiyə kanallarının yayımının dayandırılmasından sonra yerli telekanalların ucuz şou proqramlarını izləməyə məhkum olan sıravi Azərbaycan tamaşaçısı doğrudan da zor durumdadır.
Son illərin dəbi olan peyk və kabel televiziyaları da bir tərəfdən rəqabətə davamlı olmayan verilişlərlə efir həyatı yaşayan yerli TV-lərin çətinliklərini artırır. Kabel və peyk televiziyaların yayımının artma tendensiyası isə onu göstərir ki, yerli TV-lər Azərbaycanın tamaşaçı auditoriyasının tələblərini ödəyə bilmir, başqa sözlə, məişətimizin bir hissəsi olmaq funksiyasını artıq itirir. 
Ötən il Azərbaycan telekanalları reklamdan 196 milyon 627 min 124 dollar gəlir əldə ediblər
Ölkədə telekanalların reytinqimi ölçməklə məşğul olan əsas şirkət sayılan SİAR şirkətinin Media Tədqiqatlar Departamentinin direktoru Selbin Ələkbərova APA-ya bildirib ki, sözügedən qurum telekanallarla bərabər, radio və yazılı medianın da reytinq göstəricilərini müəyyən edir. Şirkətin yerli telekanalların reytinq göstəricilərini açıqlamadığını bildirən S. Ələkbərovanın sözlərinə görə, reytinqlər bütün ölkə üzrə quraşdırılan 400 piplmetr vasitəsilə 24 saat ərzində fasiləsiz olaraq ölçülür. Piplmetrlərin 177-si ancaq Bakı şəhərində quraşdırılıb.
İstənilən televiziya və ya teleproqram üçün reklam əsas reytinq göstəricisi sayılır. Başqa sözlə, reklamlar daha baxımlı televerilişlərə və kanallara verilir. SİAR-ın araşdırmalarına görə, ötən il ölkə telekanallarında 700 min 211 reklam yerləşdirilib, kanallar bu reklamlardan 196 milyon 627 min 124 dollar gəlir əldə edib. Telekanalların ən baxımlı saatları saat 16.00-dan 24.00-a qədərdir. Reklamların 410 min 759-u məhz həmin saatlarda efirdə yerləşdirilib.
Yaş kateqoriyasına görə, 55-64 yaş arasında vətəndaşlar telekanallara daha çox baxır. İkinci yeri isə 35-44 yaş arasında olanlar tutur. Televiziyalar əsasında aparılan orta reytinq göstəricisinə görə, ən çox izlənilən proqramlar kriminal verilişlər və şou yarışmalarıdır. Reytinqinə görə, ikinci yeri seriallar və satirik proqramlar, komediyalar tutur. Ən az tamaşaçı toplayan verilişlər isə təhsil, gənclik proqramları və sənədli filmlərdir.
SİAR yerli televiziyalara nisbətdə kabel televiziyaları tamaşaçılarının nə qədər artması tendensiyasını da araşdırıb. Şirkətin ötənilki hesablamalarına görə, evlərində kabel televiziyası olan əhalinin yalnız 34 faizi yerli kanallara baxır. Qalan 66 faiz əhali isə xarici kanalları seyr edir. SİAR müəyyən edib ki, kabel televiziya izləyiciləri hətta yerli kanallara da məhz kabel vasitəsilə baxmağa üstünlük verirlər. S. Ələkbərovanın sözlərinə görə, bu il kabel televiziyaların izləyicilərinin sayı daha da artacaq. Çünki telekanallarda türk seriallarının yayımının dayandırılması serial izləyicilərinin kabel və peyk televiziyalarına tələbatını daha da artırıb.
“Kabel televiziyaları açılandan peyk antenalarına tələbat azalıb”
Qeyd edək ki, kabel və yerli TV-lərin reytinqi ilə bağlı müəyyən araşdırmalar aparılsa da, peyk antenaları ilə bağlı belə araşdırmanın aparılması ilə əlaqədar heç bir məlumat yoxdur. Kabel televiziyaları təkcə paytaxt və ona yaxın olan əraziləri əhatə etsə də, peyk antenalarının xidmətindən ölkənin müxtəlif bölgələrində, hətta ucqar kəndlərdə belə gen-bol istifadə edilir. Bu da onu göstərir ki, müxtəlif vaxtlarda şəhərin ümumi görünüşünü pozması ilə bağlı fikirlər səsləndirilən peyk antenalarına hələ uzun müddət tələbat olacaq, bu antenalar öz üstünlüyünü saxlayacaq. Xalq arasında, “boşqab”, “tarelka”, “çanaq antenaları” kimi adlandırılan peyk antenalarını paytaxtın müxtəlif satış nöqtələrindən əldə etmək mümkündür. Metronun “Neftçilər” stansiyasının yaxınlığında peyk antenaların satışı ilə məşğul olan Elbrus Əliyev APA-ya bildirib ki, bu cür antenalar alıcıya ölçüsündən, firmasından asılı olaraq 45-130 manata başa gəlir. E. Əliyevin sözlərinə görə, peyk antenaları əsasən Türkiyə, Çin, Koreya, Birləşmiş Ərəb Əmirliklərindən gətirilir. 20-150 kanal tutan adi peyk antenaları adətən bir peyk istiqamətində quraşdırılır. Diametri böyük olan digər peyk antenası vasitəsi ilə isə 1600-2000-nə qədər xarici telekanalı izləmək olar. Belə antenaları evdən pultla idarə edərək istiqaməti müxtəlif peyklərə tuşlamaq mümkündür. E. Əliyev bildirir ki, bir neçə il əvvələ qədər peyk antenalarının alıcıları daha çox olub. Kabel televiziyaları açılanda isə əhali dana çox bu televiziyalara üstünlük verməyə başlayıb. Bununla belə, satıcı hələ də peyk antenalarının satışı ilə bağlı alıcı qıtlığı çəkmədiyini bildirib.
“Yerli televiziyaları izləyənlərin azalması tendensiyası sürətlənib”
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədli hesab edir ki, son bir neçə ildə Azərbaycanın televiziya auditoriyası daralıb: “Siz istənilən reytinq ölçən təşkilatı yoxlasanız və onlar vicdanlı olsa, açıq deyəcəklər ki, artıq yerli televiziyaları izləyənlərin sayının azalması tendensiyası sürətlənib, xarici televiziyaları izləyənlərin sayı isə artıb. İxtisasımla bağlı yerli kanalları da izləməyə məcburam. Mən də xarici kanallara çox baxıram. Xüsusən də Türkiyə və Rusiyanın xəbər kanallarına, “Euronews”-a və Amerikanın bəzi canlı tok-şoularına. Dili başa düşməsəm də, ya görüntü, ya da tərcümə vasitəsilə izləyirəm. Mənim televiziya vaxtımın heç 5-10 faizi belə daxili bazara getmir”.
Z. Məmmədlinin fikrincə, Azərbaycanın yerli kanallarının konkret reytinq cədvəlini tutmaq mümkün deyil. Bunun əsas səbəbi Azərbaycanda reklam bazarının sərbəst olmamasıdır: “Azərbaycanda reklam bazarı sərbəst deyilsə, inhisar varsa, bu inhisar reklam bazarına da, reytinq ölçən təşkilatların işinə də təsirsiz ötüşməyə bilməz. Belə şirkətlər ayrı-ayrı televiziyaların və idarəetmə sisteminin təzyiqinə məruz qalırlar”. Z Məmmədlinin sözlərinə görə, televiziyaların real reytinqini ölçməklə bağlı digər problem qəbul olunmuş metodikalarla əlaqədardır: “Sadəcə bütün televiziyaları eyni metodika ilə ölçmək lazımdır ki, nəticələr bəlli olsun. Adətən, reytinqlər reklam verənlər üçün ölçülür. Reklam verən bilsin ki, öz məhsulunu hansı kanala versin. Reytinq ölçməkdə başqa məqsəd yoxdur. Son ədəbiyyatlarda reytinq ölçməklə bağlı 7000 rəqəmi əsas götürülür. Ən müxtəlif məsələlərlə bağlı 7000 seyrçinin fikrini öyrənməklə, onları daimi monitorinq eləməklə, televiziyaların reytinqini müəyyənləşdirmək olar, Azərbaycanda isə reytinq ölçən təşkilatlar cəmi 400 adamın fikrini öyrənir və bu, Azərbaycanın bütün əhalisinin rəyi kimi götürülür. Bu reytinqlərin doğruluq faizi də təbii ki, az olacaq. Bütün Azərbaycanda dini, etnik, zonal, cinsi özəllikləri 400 adamda əks etdirmək nə dərəcədə mümkündür?”
Elə isə Azərbaycanda hansı kanala daha çox baxıldığını və bu kanalın daha çox tamaşaçı sevgisi qazandığını nədən bilmək olar? Z. Məmmədlinin bu suala bir cavabı var: “Azərbaycanın bazarı çox balacadır. Ona görə də “hansı kanal burada daha populyar olardı” sualını cavabsız buraxıram. Çünki əhalinin zövqü də müxtəlifdir. Hamı deyir ki, Azərbaycanda CNN kimi ixtisaslaşmış xəbər kanalı uğur qazana bilməz. Amma onlar doğrudan da ustalıqla xəbərləmək, peşəkar və müstəqil xəbərləmək gücündədir. Belə bir kanal Azərbaycanda tətbiq edilsə, ölkənin ən reytinqli şou proqramı da ondan geri qalar. Araşdırma göstərir ki, bütün dünyada ən reytinqli proqramlar məhz informasiya kanallarıdır. Azərbaycan hələ bu suala cavab vermək üçün yetişməyib. Siyasi mövzulara az yer verilirsə, canlı debatlar yoxdursa, onda haradan bilmək olar ki, filan televiziyanı daha parlaq gələcək gözləyir”.
Azərbaycanda ilk dəfə ixtisaslaşmış idman kanalının ortaya çıxdığını xatırladan Z. Məmmədlinin sözlərinə görə, auditoriyanın çeşidlərə ayrılması və öz televiziyasını axtarması istiqamətində perspektivlər var: “İdman kanalı bizim üçün göstərici olmayacaq. Çünki dövlət kanalının nəzdində yaradılıb. Fikir verirsinizsə, hətta kabel televiziyalarında da xəbər kanalları azdır. Amma mən güman edirəm ki, bir yandan internet, bir yandan telekommunikasiyanın inkişafı, qiymətlərin azalmaya doğru getməsi yaxın 5-10 ildə Azərbaycanda televiziya bumunun başlanmasına səbəb olacaq”.
Azərbaycan kanallarında əyləndirmənin xüsusi çəkisi 99 faizdir, maarifləndirmə və informasiya isə yoxdur
Televiziyanın əsas funksiyasının maarifləndirmə, informasiya və əyləndirmə olduğunu xatırladan Milli İnternet Forumunun prezidenti Osman Gündüz də APA-ya bildirib Azərbaycan kanallarında əyləndirmənin xüsusi çəkisi 99 faizdir. Qalan iki xətt isə yoxdur: «Bunun da nəticəsidir ki, hazırda telekanallarda daha çox səviyyəsiz şou və əyləndirmə var. İnformasiya və maarifləndirici xətt isə arxa plandadır. Bunun nəticəsidir ki, insanların böyük əksəriyyəti bizim kanallara baxmaq istəmir, çanaq antena alıb xarici verilişlərə baxır. Mən özüm də xarici kanalları daha çox izləyirəm”.
O. Gündüzün fikrincə, telekanalların reytinqi obyektiv nəticəni əks etdirə bilməz: “Hazırda rus və türk dilli verilişlərə baxan tamaşaçılar xeyli çoxdur. Yerli kanalların da öz auditoriyası var, bunu istisna eləmək olmaz”. O. Gündüz deyir ki, indi fəsadları görünməsə də, gələcəkdə bunun çox ciddi fəsadları ola bilər: “Vətəndaş birinci öz informasiya resurslarından informasiya almalıdır. Vətəndaş öz hökumətinin fəaliyyəti ilə bağlı məlumatı birinci özününkündən eşitməlidir. Bizim vətəndaş isə daha çox xarici informasiya subyektlərinə qulaq asır. Bu zaman böyüməkdə olan nəsil, gənclərlə bağlı problem ortaya çıxır. Başqa informasiya subyektlərinin basqısı altında olan vətəndaşın gələcəyi necə olacaq? Bunlar artıq milli təhlükəsizlik məsələləridir, hökumət bu barədə ciddi düşünməlidir. Balans gözlənilməlidir. Cəmiyyətin marağı və tələbatı düzgün informasiya, maarifçi yönümlü informasiya, hökumətin fəaliyyəti ilə bağlı informasiyalaradır. Bizdə isə bizim informasiya subyektlərindən əldə etmək çox çətindir”.
“Daha ciddi verilişlərlə daha sanballı auditoriya…”
Milli Televiziya və Radio Şurasının (MTRŞ) monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya bildirib ki, son illər peyk və kabel televiziyaların izləyicilərinin sayının artmasını MTRŞ-ya da bilirlər: “Bizim üçün çox xoşdur ki, kabel televiziyaları inkişaf edir. Kabel televiziyalarının təkliflər paketi, onda olan kanalların sayı daha rəngarəngdir. Digər tərəfdən, bu bizim televiziyaların öz problemidir. Bizim telekanalların verilişlərinin keyfiyyəti aşağıdır. Buna görə də əhali daha çox kabel televiziyalarına baxır”. Yerli telekanallarda əyləncə verilişlərinin hədsiz çox olduğunu bildirən T. Dadaşovun sözlərinə görə, “Milli Teleradio yayımı haqqında” qanunda şou proqramların faizi ilə bağlı mütləq rəqəm qoyulmayıb: “Amma arzu olunandır ki, şou proqramların faizi tənzimlənsin və ümumi verilişlərin 20 faizini keçməsin. Teleradio Şurası da çalışır ki, televiziyaların ifrat şoulaşmasının, iştirakçıların bayağı və şit hərəkətlərinin qarşısı alınsın. Bu tendensiya var və haqlı iraddır. Proqramlara verilən tələblər bölümündə də göstərilib ki, telekanallar maarifçilik məsələlərinə üstünlük verməlidir. Bununla belə, mən bizim efirimizdə düşündürücü verilişlərin olmadığını deməzdim. Xüsusilə də İTV və Az TV-də belə verilişlər çoxdur. Hətta şou proqramlarla bağlı apardığımız monitorinqlərdə Az TV ilə İTV-nin demək olar ki, adı çəkilmir. Əcnəbi dillərdə teleserialların qadağan olunmasından sonra kanallar bunun yerini şou proqramlarla doldurmaq istəyir”.
T. Dadaşovun sözlərinə görə, kanallar reytinq deyəndə daha çox reklam məsələsini nəzərdə tutur: “Biz onlara deyəndə ki, ciddi verilişlər verin, onlar deyirlər ki, bu reklam gətirmir. Kommersiya strukturu olduğundan onları da başa düşürük. Amma bu o demək deyil ki, efir başdan ayağa kommersiyalaşdırılmalıdır. Biz tələb edirik ki, daha ciddi verilişlərlə daha sanballı auditoriya toplasınlar”. T. Dadaşovun sözlərinə görə, gələcəkdə ictimaiyyət arasında televiziyalarla bağlı ayrı-ayrı tendensiyaları öyrənmək üçün sorğular aparılacaq: “Türkiyə Radiotelevizyon Üst Kurulu bu istiqamətdə müxtəlif sorğular, o cümlədən telekanalların reytinqinin öyrənilməsini həyata keçirir. Bu, kanallara hansı tip verilişlərə üstünlük verməli olduqları ilə bağlı mesaj verə bilər. Amma hələlik bizim qarşımızda daha aktual məsələlər var. Onları həll edəndən sonra biz də bu məsələyə baxa bilərik”.
Ölkədəki kabel televiziyaları izləyicilərinin dəqiq sayını açıqlamaqda maraqlı deyillər
Qeyd edək ki, hazırda ölkədə 12 kabel televiziyası lisenziya alsa da, onlardan ancaq 4-5-i real fəaliyyət göstərir. Kabel televiziyaları kanalların sayı, tarif paketləri barədə həvəslə məlumat versələr də, izləyicilərin sayını və son illərdə olan tamaşaçı artımının göstəricilərini açıqlamaqda maraqlı deyillər. Azərbaycan ərazisində yayımlanan ilk kabel televiziyası olan “B&B” TV-dən APA-ya bildirilib ki, şirkət bu tip məlumatları qapalı saxlayır. Lakin şirkətdən o da bildirilib ki, hər gün 30-50 abonentlə müqavilə bağlanır. Bir ilin 365 gündən, hər ailənin də minimum 4 nəfərdən ibarət olduğunu yada salsaq, onda belə çıxır ki, il ərzində “B&B” TV-nin kanallarını 73 min tamaşaçı seyr edir. 113 kanaldan ibarət olan “B&B” TV tamaşaçılarına 4 paket təqdim edir. 66 kanaldan ibarət olan paketin aylıq abunə qiyməti 7 manat, 88 kanaldan ibarət olan paketin qiyməti 17 manat, 111 kanaldan ibarət olan paketin qiyməti 27 manat, xüsusi iki kanalın qiyməti isə 10 manatdır. “B&B” TV Bakının bir sıra ərazilərini, həmçinin Novxanı, Bakıxanov, Mərdəkan, Müşfiq və Sulutəpə ərazilərini əhatə edir.
Üç ildən artıqdır, fəaliyyət göstərən “Ailə TV”-dən isə APA-ya bildirilib ki, bu televiziyada 8 yerli və əhalinin bütün təbəqələrinin maraqlarına cavab verən 54 məşhur telekanalın yayımı həyata keçirilir. “Ailə TV”-nin saytında olan məlumata görə, ötən ilin sonuna qədər kabel şəbəkəsi paytaxtın 1000 binasını, başqa sözlə, 100 min mənzili əhatə edib. Bu il ərzində isə “Ailə TV” bütün paytaxt ərazisini “zəbt etmək” niyyətindədir. Planda “Ailə TV”-nin kanallarının və reklamlarının sayını artırmaq, internetə sürətli qoşulma var.
Kabel televiziyaları içərisində daha çox aktivliyi ilə seçilən “KaTV”-dən APA-ya bildirilib ki, hazırda bu televiziya vasitəsi ilə 60 kanal yayımlanır. Bu kanallardan ikisi kodlaşdırılmış kanaldır. 6 manat kabel televiziyasına qoşulma, 9 manat isə aylıq abunə haqqıdır. Əgər abonent evində bir televiziyadan başqa 2-3 televizoru da kabel şəbəkəsinə qoşmaq istəyirsə, həmin televizorlar üçün aylıq abunə haqqı 2 manatdan ölçülür. Hələlik “KaTV” Bakı, Abşeron və Sumqayıt ərazisində yayımlanır. “KaTV”-dən də abonentlərinin dəqiq sayını açıqlamayıb, sadəcə bu rəqəmin “xeyli çox” olduğunu bildiriblər.
Yaxın iki il ərzində Bakı və ölkənin digər iri şəhərlərində əhaliyə bütövlükdə kabel şəbəkəsi vasitəsilə xidmət göstəriləcək
Əhalinin kabel şəbəkəsi ilə təmin edilməsi sahəsində mühüm işlər görüldüyünü deyən Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib ki, artıq Bakının bir sıra rayonlarında əhaliyə kabel şəbəkəsi vasitəsilə televiziya xidməti göstərilməsi təmin olunub: “Xüsusən də “KaTV”-nin televiziya xidmətinin səviyyəsi təqdirəlayiqdir. Bakının bir sıra rayonlarında – Xətai, Yasamal, Binəqədi və Nərimanov rayonunda əhalinin 90 faizdən çoxu kabel şəbəkəsinə qoşulub”. Şura sədri bildirib ki, yaxın iki il ərzində Bakı şəhəri bütövlükdə kabel şəbəkəsi vasitəsilə əhaliyə xidmət göstərmək imkanında olacaq: “Yaxın vaxtlarda biz Gəncədə, Mingəçevirdə, Sumqayıtda və başqa iri şəhərlərdə də kabel şəbəkəsinin inkişaf etdirilməsinin şahidi olacağıq”.
Kabel şəbəkəsinin izləyicilərinin sayına gəldikdə, N. Məhərrəmli sözlərinə görə, rəqəmlər hər gün dəyişdiyindən bununla bağlı konkret bir rəqəm demək çətindir: “Artıq xeyli sayda əhali bu xidmətdən istifadə edir. Mənim təxmini hesablamalarıma görə, təkcə Bakı şəhərində 50 mindən artıq ailə kabel şəbəkəsinin xidmətindən istifadə edir”. N. Məhərrəmli kabel televiziyalarındakı tarifləri normal hesab edir: “Televiziyaların əksəriyyəti 9 manat aylıq abunə haqqı tələb edirlər. Bu isə çox normal qiymətdir”.
Kabel televiziyaları fəaliyyətə başlayandan yerli televiziyaların reytinqinin düşməsinə də N. Məhərrəmli normal yanaşır: “İnsanlara seçim imkanı vermək lazımdır. Yerli kanallar verilişlərinin keyfiyyətini artırmağa çalışmalıdır ki, insanlar onları seçsinlər, xarici kanallara baxmasınlar. Yerli telekanalların vəzifəsi ancaq başqa ölkələrdə çəkilmiş xarici filmləri retranslyasiya etmək deyil. Nə qədər bu işlə məşğul olacaqlarsa, insanlar da xarici kanallara baxacaqlar. Telekanalların əsas vəzifələrindən öz verilişlərini hazırlamaqdır. Həm bədii, həm sənədli, həm televiziya filmləri, həm də müəllif proqramları… Biz yerli kanallara bu məsələ üzərində ciddi düşünməyi tövsiyə edirik. Qoy, fikirləşsinlər…” /APA/