«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf»

AVCİYA hesabatını təqdim etdi
Rəsulzadə haqqında ingilis dilində kitab çıxıb
100 min imza toplanıldı – Petisiya vaxtından tez başa çatdı

«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf» mövzusunda beynəlxalq konfrans başlayıb. Tədbirdə çıxış edən “Avrasiya Yeni Üfüqlər” təşkilatının sədri Tyeri Mariani çıxış edərək son illər Azərbaycanın bir sıra sahələrdə, o cümlədən siyasi baxımdan bir sıra müvəffəqiyyətlər əldə etdiyini bildirib. O, payızda keçiriləcək parlament seçkilərinin də demokratik keçiriləcəyinə inandığını qeyd edib.
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov öz çıxışında Azərbaycanın ictimai-siyasi həyatı, siyasi sistem, idarəetmə, Azərbaycanın regiondakı geosiyasi mövqeyi ilə bağlı iştirakçılara məlumat verib. O, Azərbaycanın demokratik prinsipləri əsas tutduğunu, parlamentdə onlarla partiyanın təmsil olunduğunu, prezidentin xalq səsverməsi ilə seçildiyini, Avropa standartlarına uyğun məhkəmələrin formalaşdırıldığını bildirib: «Azərbaycanda siyasi partiyalar, QHT-lər, mətbuat orqanları fəaliyyət göstərir, bələdiyyələr formalaşıb. Beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınmaqla Seçki Məcəlləsi qəbul edilib. Azərbaycan demokratik səviyyədə seçki keçirməyə qadirdir. Bununla bağlı daxili siyasi vəziyyət, ayrı-ayrı seçki institutlarının mövcudluğu, seçkilərdə iştirak edən, seçən və seçilən insanların hüquqlarının qorunması bunu deməyə əsas verə bilər. Azərbaycanda hər bir insan özünün seçib seçilmək hüququnu reallaşdırmaq imkanına malikdir”.
«Azərbaycanda seçki praktikası» mövzusunda keçirilən konfransın birinci sessiyasında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edib. M. Zülfüqarlı Azərbaycanda parlament seçkilərinin majoritar seçki sistemi ilə keçirilməsinin demokratik prinsiplərə uyğun olduğunu qeyd edib. O, misal olaraq ABŞ və dünyanın digər demokratik ölkələrində majoritar sistemdən istifadə olunmasını göstərib. M. Zülfüqarlı Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi ilə bağlı AVCİYA-nın təkliflərini də iştirakçıların diqqətinə çatdırıb.
Konfransın sonunda qətnamə qəbul edilib. Qətnamədə bildirilir ki, konfrans iştirakçıları Azərbaycan hakimiyyətini həyata keçirilməkdə olan islahatları davam etdirməyə çağırır, bütün siyasi partiyaların qarşıdan gələ parlament seçkilərində iştirak edəcəyinə ümid edir və Azərbaycan hakim dairələrini azad və ədalətli parlament seçkilərinin keçirilməsi üçün lazımi şəraitin yaradılmasına dair səylərini davam etdirməyə dəvət edir.
Qətnamədə bütün beynəlxalq təşkilatlar və institutlar BMT-nin qətnamələrinə əsasən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək verməyə çağırılır və bildirilir ki, Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ konflikti Cənubi Qafqaz regionunda stabilliyi pozan faktor olaraq qalır və bu konfliktin həll edilməməsi ölkənin demokratik islahatlarına mane olur.
Günün ikinci yarısında davam edən konfransda isə «Müasir dünyada seçki praktikaları» mövzusunda sessiya keçirilib. Sessiyada İspaniya Parlamentlərarası İttifaqının üzvü Luis Fraqa “Qərbi Avropada seçki modelləri», Avropa Parlamentinin üzvü Metin Kazak «Şərqi Avropada parlament seçkiləri modelləri», ABŞ-ın eks-senatoru Daniel Kreyn «ABŞ-ın seçki modelinin xüsusiyyətləri» mövzularında mərüzə ilə çıxış ediblər.
Qeyd edək ki, konfrans Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyası (AVCİYA) və Fransanın «Avrasiya – Yeni Üfüqlər» təşkilatı tərəfindən təşkil edilib.
Beynəlxalq konfransda Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri, millət vəkilləri, seçki üzrə ekspertlər, Mərkəzi Seçki Komissiyasının üzvləri, QHT rəhbərləri iştirak ediblər.