Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı PRESS RELIZ

AVCİYA Seçki Qərargahının rəhbəri AŞPA müşahidəçiləri ilə görüşüb
AVCİYA “Azərbaycan gəncliyi gələcəyimiz naminə: Baxış bucağı” layihəsinə start verib
PRESS-RELİZ

2013 – ci ilin iyun ayının 13 – də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının ilk bülleteni çapdan çıxıb. Bülletendə Assosiasiyanın Azərbaycan Respublikasında keçirilmiş seçkilərdəki fəaliyyəti haqqında ümumi məlumat verilib. Məlumatda qeyd olunur ki, AVCİYA 2003-cü ildə 10 QHT-nin təşəbbüsü ilə yaradılmış, yarandığı gündən bəri keçirilmiş bütün seçkilərin ölkə üzrə monitorinqini təşkil edib və bu günə qədər seçkilərə aid bir sira metodik vəsait, 16 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az  saytında yerləşdirilib.

Bülletendə AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASININ “Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər”, “Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları”, “ Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları”, “Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı” başlıqlarla qeyd olunmuş 100 – 103 – cü maddələri haqqında, Prezident seçkilərinin təyin edilməsi ilə bağlı “Seçki Məcəllə”sinin 178 – ci maddəsi haqqında məlumatlar verilmişdir. Seçki xəbərləri başlıqlı rubrikada 2013-cü ilin əvvəlindən başlayaraq prezident seçkisi ilə əlaqədar MSK tərəfindən həyata keçirilən tədbirlər, beynəlxalq təşkilatların seçkilərlə bağlı fikirləri, seçici siyahıları, seçicilərin sayı, seçkilərlə bağlı götürülmüş öhdəliklər və s. barədə məlumatlar işiqlandırılmışdır. Bundan başqa AVCİYA Seçki Qərargahının seçki komissiyalarının formalaşdırılması ilə bağlı təklifləri də bülletendə öz əksini tapmışdır.

Bülletenin sonunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahının Prezident seçkiləri ilə bağlı 2013 – cü ilin may ayında həyata keçirdiyi 12 qəzetin monitorinqinin nəticələrinin müqayisəli təhlili verilmişdir. Bunlar “Azərbaycan”, “Xalq”, “Azadlıq”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Bizim yol”, “Xalq cəbhəsi”, “ Ayna – Zerkalo”, “525-ci qəzet”, “Ədalət, “Səs” və “Həftə içi” qəzetləri olmuşdur ki, növbəti aylarda bunların sırasına TV kanallarının da əlavə olunması gözlənilir.

Seçki Qərargahı KİV – in monitorinqini davam etdirir və hər ay üçün növbəti bülletenlərin nəşrini planlaşdırır.

AVCİYA Mətbuat Xidməti